Ya acından ölməliyik, ya da qanunsuz işləməliyik: taksi sürücülərindən yeni standarta MÜNASİBƏT - REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Ya acından ölməliyik, ya da qanunsuz işləməliyik: taksi sürücülərindən yeni standarta MÜNASİBƏT - REPORTAJ

Bu günlərdə avtobus və taksilər üçün yeni standart hazırlandı. Hələlik qəbulolunma ərəfəsində olan standartlar bir sıra yeniliklər nəzərdə tutur. Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş AZS 425-2015 - “Sərnişin stansiya qurğuları və avtomobilləri” Dövlət Standartına görə, bundan sonra taksi fəaliyyəti üçün istifadə olunacaq avtomobillərin “yaş”ı 15 ildən çox olmamalıdır. Həmçinin taksilərin hamısında taksometr quraşdırılmalıdır.

Bundan başqa, fərdi taksi sürücüləri istisna olmaqla, taksi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və bir neçə maşını olan fiziki şəxslərin taksi kimi istifadə etdikləri maşınların ağ, bənövşəyi və sarı rəngdə olması şərtdir. Həmçinin bütün taksilərdə ilk tibbi yardım çantası olmalıdır.

Bu gün ölkədə ailəsinin gündəlik çörəkpulunu taksiçiliklə çıxaran minlərlə adam olduğunu nəzərə alıb, yeni standartlara münasibət öyrənməyə çalışdıq. Bu məqsədlə diktofonumuzu götürüb çıxdıq Bakının küçələrinə. Və qarşımıza çıxan taksi sürücüləri ilə söhbətləşdik. Qərarı bizdən öyrənən də oldu, artıq eşidib ürəyi dol olan da...

Taksi ağ və sarı olsun, bənövşəyi nəyə lazımdı?

“Taksiyə minən var ki, taksometr də olsun?”, -16 ilin taksi sürücüsü Namiqin ilk sözü bu oldu.

Məlum oldu ki, maşını ağ rəngdə olsa da, yeni qərardakı rəng qadağasından razı deyil: “Yaxşı olar ki, taksi ağ və sarı rəngdə olsun. Bənövşəyi nəyə lazımdı?

İl məsələsinə gələndə, o da düzgün deyil. Elə maşın var ki, yaşı 15-dən çoxdur, amma sürücü yaxşı saxlayıb. Ya da 3 ilin maşınıdır, sürücü pis saxlayıb, yararsız haldadır”.

Taksometr məsələsinə ikiəlli razı olan Namiq bunun sərnişindən çox onların xeyrinə olduğunu dedi: “İndi sərnişinə qiymət deyəndə razılaşmır, ya da endirməyə çalışır. Bəzən çarəsizlikdən razılaşmalı oluruq. Taksometr olsa, hamı bilər ki, getdiyi yolun haqqı nədir.

“Apteçka”, yanğınsöndürən də bütün maşınlarda olmalıdır”.

Taksometr olsa, bizə sərfəli olacaq...

Sərdar adlı sürücü qərarı ötən gün televiziyadan eşitdiyini dedi. Qərarda ən bəyəndiyi məqam isə taksometr məsələsidir: “İndi “kliyent”lə razılaşıb aparırıq. Amma taksometr olsa, bizə sərfəli olacaq. Taksometr nə qədər yazsa, o qədər də ödəyəcək.

Maşınların ilinə görə tələb isə çox pisdir. Mənim maşınım 2006-cı il buraxılışıdır. Yəni bir neçə il ömrü qalıb. Onsuz da iş azalıb. Bir tərəfdən də belə qərar verməklə vəziyyəti ağırlaşdırırlar. Elə şərait yaratmalıdırlar ki, camaat rahat işləsin. Köhnə maşınları işlətməyə qoymayanda nə etməliyik? Məcburuq təzəsini alaq. Hansı pulla?

Taksometri də kimsə 500 manata satacaq. Pulum var onu alım? Bunlar hamısı artıq xərcdi, bizə yükləyirlər”.

Azı, 500 manat xərcləməli olacağıq...

Bu zaman Məmmədağa adlı sürücü söhbətə qoşulur. Deyir ki, onun maşınının “ömrü”nə 5 il qalsa da, bir gün vaxt ona da çatacaq. Ona görə də “məndən ötdü, qardaşıma dəydi” demədən şikayətə başlayır: “2005-ci ilin maşınını sürürəm, deyilənlərə görə, 5 il sonra sürə bilməyəcəm, gərək dəyişim. Amma belə getsə, çətin dəyişəm. Ancaq qarnımız üçün işləyirik, təzəsini necə alaq? Biz qərara etiraz etmirik ki, təki normal olsun. Maşın nasaz deyil, heç bir çatışmazlığı yoxdur. Niyə dəyişməliyəm? Elə bilirsiz dedikləri havayıdır? “Taksometr al”, “rəngi belə olmalıdır”, “ili belə olsun”, “taksi” nişanında da tələblər var... Azı, 500 manat xərcləməli olacam. Belə işləmək olar? Özləri taksometr quraşdırsa, yaxşı olar. Yoxsa, bizdə o qədər pul var? Mən sənə azı 100 taksi şoferinin adından danışıram, bəlkə də, mininin”.

Satmalıyam ki, yenisini ala bilim...

Məmmədağanın sözlərini qeydə alıb, yaxınlıqda üzərində “189” yazılmış taksinin sürücüsünə yaxınlaşırıq. Onun da adı Namiqdir. Dediyinə görə, 21 ildir ki, Bakının küçələrində taksi sürür. Yeni qərar onun da ürəyincə deyil: “2001-in maşınını sürürəm, bu qərara görə, bir il sonra dəyişməliyəm. Amma nə ilə? 17 minə almışam, indi satmalıyam ki, yenisini ala bilim. Kimə satacam? Kömək edən olacaq mənə? Xaricdə istifadə müddəti qurtaranda maşın geri verilir, üzərində müəyyən ödəniş edilir və təzə maşın alınır. Bizdə isə bu yoxdu”.

Namiq deyir ki, 2005-ci ildən taksometr məsələsini eşitsə də, ortada heç nə yoxdur: “Taksometr olması bizə sərfəlidir. Çox vaxt çarəsizlikdən az pula razılaşmalı oluruq. Amma taksometr bu söhbətlərə son qoyacaq”.

Sürücülərin çox zaman taksometr olmadığına görə sərnişinləri aldatdıqlarını, baha qiymət demələrini xatırlatmışdıq ki, ətrafımızdakı sürücülər hamısı birağızdan narazılıqlarını bildirdilər: “Bu, mənim öz şəxsi maşınımdı. İstədiyim qiyməti deyə bilərəm. Taksoparkın maşınını sürsəm, onda məndən qərarlara əməl etməyi tələb edə bilərlər. Taksopark olmadan taksometr qoymaq olmaz”.

Taksometrin qiyməti bazarda 160 manatdan başlayır...

Dəyişikliklər barədə radiodan eşidən Baxış Əsədovun da maşınının buraxılış ili yeni standartın tələbinə cavab vermir. Ancaq şəstlə əlini maşının üzərinə qoyub, az qala bəy tərifi deyir: “1995-ci ilin maşınıdır, elə saxlamışam ki, yüz təzəyə dəyər. İlin şərt kimi qoyulması doğru deyil. Çünki mənim maşınım təzədir, amma standarta uyğun gəlmir. Nə etməliyəm, necə satım, kimə satım?

Deyirlər taksometr olsun. Kim alacaq onu? Bazarda taksometrin qiyməti 160 manatdan başlayır. Özümüzün almağımız sərfəli deyil. Bütün o deyilənləri etməyimiz üçün 400 manat pul lazımdır. Bizim də cibimizdə o qədər pul yoxdur”.

Ya satıb yenisini almalıyam, ya da qanunsuz işləməliyəm...

Texniki Universitetin avtomobil nəqliyyatının istismarı fakültəsini bitirsə də, ömrünü sükan arxasında keçirən Kərəm Abbasovun da maşını standarta uyğun gəlmir: “Atalar yaxşı deyib, toy da olsa, toyuğun vayıdır, vay da olsa. İndi biz o toyuğun günündəyik. Nə olsa, ziyanımızadır. 1998-ci ilin maşınıdır. Yeni qaydaya görə, bundan sonra işləməməliyəm. Nə üçün? Mənim ailəmi kim saxlamalıdır? Ya acından ölməliyik, ya da qanunsuz işləməliyik. Başqa variant yoxdur. Ömrümü taksi sükanının arxasında keçirmişəm. Nə edəcəm, bilmirəm?..”

Bu sualların cavabı isə bizdə deyil. Bildiyimiz odur ki, yeni standartların yaxın 10 günə tətbiqi gözləniləndir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm