• USD 1,7000 0,00% EUR 1,9479 0,00%
    • GBP 2,2135 0,00% RUB 0,0259 0,00%

Canında Şeyx Şamilin ruhunu, döşündə Osmanlı nişanı gəzdirən azərbaycanlı qaçaq - FAKTLARLA

Canında Şeyx Şamilin ruhunu, döşündə Osmanlı nişanı gəzdirən azərbaycanlı qaçaq - FAKTLARLA

Dolmabaxça Sarayında böyük izdihamla keçirilən ziyafətdə Sultan II Əbdülhəmidə Qafqaz geyimində bir nəfəri təqdim edirlər. Mərmər pillələri çıxarkən döyüşdə ayağından aldığı yara nəticəsində bir az axsayan xüsusi qonağın qılıncının qınındakı gümüş ucluq pillə və döşəmədəki mərmərə toxunaraq səs çıxarırdı: "tıq-tıq-tıq-tıq". Bu səsi sultan Əbdülhəmid də duyurdu...

Qafqazlı geyimində olan şəxs əmin addımlarla sultana yaxınlaşır və baş əyir. Sultanın vəziri onu təqdim edir:

- Əhməd Muxtar Paşanın təqdim etdiyi türk aslanıdır.

- Rusları Turan taktikası ilə məğlub edən aslan bumu?

- Bəli, sultanım, bu türk oğlu türkdür.

Sultan qarşısında duran igidə diqqətlə baxıb deyir:

- Aslanım, mən səni uzun boylu, iri bədənli, iri quruluşlu bir insan təsəvvür edirdim. Bu boy və bədənlə o qədər qəhrəmanlığı necə etdin?

- Əlahəzrət, boyum uzun olmasa da, qolum və qılıncım uzundur!- müsahib cavab verir.

Qafqazlının cəsarəti və hazırcavablığından xoşlanan sultan onu bağrına basır.

Sultan ətrafı qırmızı minalı, üzərində "Qayret, hamiyyet, sadakat" yazılmış ay-ulduzlu nişanı götürüb igidin yaxasına taxır və “Aslanım, şərəflə daşı” deyir. Protokol qaydalarını pozan sultan Qafqazlının boynunu qucaqlayıb bağrına basır.

Qafqaz geyimli qonaq sultana baş əyir və ziyafət iştirakçılarına qoşulur.

Sultanın diqqətini cəlb edən və Osmanlının ali ordenlərindən biri sayılan Məcidiyə Nişanını alan, Türk dünyasının Aslanı kimi tanınan bu şəxs Qarapapaq türklərindən olan, Möhür Əli kimi tanınan Mehralı bəy Darvazlı idi.

Yeri gəlmişkən, qeyd edək ki, Məcidiyə nişanı dünyaca məşhur isimlərə verilib.

Osmanlı ordusunda Turan taktikası ilə rusları və onların buyruq qulları olan erməniləri mühasirəyə alıb məhv edən mərd sərkərdə, cəsur ordu başçısı kimi şöhrət qazanan, Türkiyənin milli qəhrəmanı Mehralı Məmli oğlu 1844-cü ildə Borçalı mahalının Darvaz kəndində anadan olub. Mehralı bəyin atası Məmli kişi Borçalı ağa-bəyləri içərisində ad-san sahibi idi. Onun Mehralı, İsa, Məhəmmədəli, Alı adlı dörd oğlu, Hürü, Tükazban adlı iki qızı vardı. Məmli kişi ruslarla döyüşdə öldürüləndən sonra müsəlman deyil, xaçpərəst qəbiristanlığında dəfn edilir. Qəbrinin qorumaq üçün də iki kazak əsgəri qoyulur. Gecə ikən atasının nəşini götürmək üçün gələn Mehralı bəy iki kazakı öldürür. Bundan sonra onu axtarmağa gələn rus zabitlərindən qaçan bəy atasının dostu Əhməd bəyin evinə gedir. Onun gizləndiyi yeri ermənilərdən öyrənən ruslar bir dəstə kazakla kəndə hücum edirlər. Mehralı bəy 6 rus əsgərini öldürüb dağa çıxır. Mehralı bəyin igidliyini eşidən qaçaqlar -Dələverlı Mansur, Dovşanqulu oğlu Hüseyn, Kələ oğlu Hüseyn öz adamları ilə yanına gəlirlər ki, onlarla başçılıq etsin. Qısa zaman içərisində tək Borçalı deyil, Qars, Ərdahan, Çıldır, Şörəyel, Ağbaba, Axısxa, Axalkələk, Qazax, Gəncəbasar, Açıqbaş, Pəmbək mahallarında Mehralı bəyin ad-sanı yayılır. Tiflisdə, İstanbulda, Moskovada, Peterburqda, Ərzurumda çıxan qəzetlər hər gün Qaçaq Mehralının ən qorxulu düşmən olduğunu yazıb-yayırdılar.

Onun həbs edilməsi üçün yaxınlarına edilən təyziqlərə son qoyulması üçün Alosmanda, Çıldır mahalındakı qarapapaq dostlarının yanında özünə sığınacaq tapdı. Tiflisdəki Qafqaz canişini Osmanlı padşahı Sultan Əbdüləzizə bir məktub yazıb xahiş etdi ki, Mehralı bəyi həbs edib onlara təhvil versinlər. Əbdüləziz Paşanın sədrəzəmə, onun da Ərzurum valisinə göstəriş verməsini eşidən Mehralı bəy yenidən Borçalıya qayıdır. Uzun zaman Osmanlı-Rusiya ərazisində yer dəyişən Mehralı bəy bu iki dövlət arasıda müharibə zamanı ermənilərin ruslarla birgə türklərə etdikləri zülmləri görür, Əhməd Muxtar Paşaya məktub yazıb türk ordusunda xidmət etmək istəyini bildirir. Ona deyirlər ki, ailəsini götürüb gəlsin Osmanlıya. Bundan sonr Əhməd Muxtar Paşa ilə görüşən Mehralı bəyə tapşırırlar ki, Qarsıda erməni general Loris-Melkonun dəstəsini məhv etsin.

Mehralı bəy dostları Musa Paşa Kunduxov və Şeyx Şamilin oğlu Qazı Məhəmmədlə birgə Qarsa gəlir. Burda ermənilərə və ruslara cəhbə açırlar. Türklərə xəyanət edənlərə qarşı amansız olan, Möhür Əli adını qazanan Mehralı bəyin adı gələndə, Qarsda ermənilər təşvişə düşürdülər. Qazi Məhəmməd ona “İkinci Şeyx Şamil” deyirdi. Dağlı dəstələri Şeyx Şamilin ruhunun Mehralı bəyə keçdiyinə inanırdılar.

1877-ci ilin payızında Qars şəhəri bir ay mühasirədə qalır və ermənilərlə yanaşı, rus əsgərləri ilə generallarını qətl edən Mehralı bəy haqqında General S.Kişmişov, A. Maslov və digərləri yazırdılar ki, “Onun dəstəsi sanki göydən düşən ildırım kimi idi. Hücum etdikləri yerdə od-alov kimi yandırıb-yaxırdılar”.

Mehralı bəy Türkiyə ərazisində yaşamasına baxmayaraq, Qafqazı, xüsusən Borçalını daima diqqətində saxlayırdı. Ermənilərin yerli əhaliyə etdikləri zülmləri eşidəndə, Paşadan izn alıb bura gəlmək istəsə də ona izn vermədilər. Bununla belə, o, 1905-1906-cı ildə ermənilərə qarşı savaşan borçalılı İsrafil bəyə öz hesabına çoxlu silah-sursat göndərdi.

Ərzurumda ayağından yaralanan Mehralı bəy bir müddət hərbidən kənara çəkiləndə, Qarsda, Sivasda, Ərzurumda xalq göz yaşları tökürdü. Bundan sevinən Rus ordusunun ərazidəki komandanı Heymanın Tafta kəndində 10-14 dekabr tarixləri arası 41, 42, 43 və 44 №-li rəsmi məktublarında Mehralı bəyin ölməsini yazır və rus xalqını təbrik edirdi. Lakin sonradan onun sağ qalmasını eşidən rus komandanlığında əsgərlər arasında qorxu yenidən bərpa olur.

1878-ci il martın 3-də San-Stefano sülh müqaviləsi imzalanır. Bundan sonra ailəsi ilə Sivasda yaşayan Mehralı bəyi bir çox təhlükəli üsyan və qiyamların yatırılmasına da cəlb etmişlər. Iraqda böyük üsyanı yatıran Mehralı bəy haqqında dastanlar, şeirlər yazılır.

40-cı Həmdiyyə Qarapapaq alayının komandiri olan Mehralı bəylə Sivasda ərazinin valisi ədavət aparır və onun haqqında Sultana donoslar yazır. Sultan isə belə məktublara bircə kəlmə ilə cavab verir: “Bir adamı mənə çoxmu gördünüz? O, mənim aslanımdır”.

Osmanlı dövlətinin tabeliyində olan Yəməndə türklərə qarşı üsyan qaldırılanda da üsyanın yatırılması üçün Mehralı bəy göndərilir. Lakin o, istiyə dözmür və 1906-cı ildə orada vəfat edir...

Mehralı bəyi Yəməndə dəfn etdilər. Onun alayındakı igidlərin çoxu da istiyə tab gətirməyib, dünyadan köçürlər. Təkcə yüzbaşı Əhməd, çavuş Mahmud, çavuş Göyçə, çavuş Məhəmməd, Yetim İsmayıl, Turan Ağca və Quşqayası kəndindən Hüseyn sağ-salamat geri qayıdırlar...

Hal hazırda Sivasda Mehralı bəyin adını daşıyan bir məktəb və bir küçə var. Onun yaşadığı ev müzey kimi fəaliyyət göstərir.

Mənbələr:

  1. Danişmend, İsmail Hami; İzahlı Osmanlı Tarihi Kronolojisi, Cilt: 4, İstanbul, 1972.
  2. Hacılar, Valeh, Borçalı Mehralı Bey Tarihi Hekiketlerde (2001), Bakı.
  3. Kars Savunmasında Bir Destan Kahramanı, Şubat, 1983, Yıllarboyu Tarih Dergisi, Kırzıoğlu, M.Fahreddin, (1972), Karapapaklar, Erzurum
  4. Sırma, İhsan Süreyya, (1980), Osmanlı Devletinin Yıkılışında Yemen İsyanları, İstanbul.

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

AMEA Fəlsəfə və Hüquq İnstitutu

Xüsusi olaraq Publika.az üçün

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>