AZAL-ın eks-prezidenti: “Təyyarə ya vurulub, ya da partladılıb”
Bizi izləyin

Qırmızı.az

AZAL-ın eks-prezidenti: “Təyyarə ya vurulub, ya da partladılıb”

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev Rusiyaya məxsus sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması barədə danışıb.

Ə.Əliyev Publika.az-a açıqlamasında deyib ki, ötən həftə Sina yarımadasında Rusiyaya məxsus sərnişin təyyarəsi böyük ehtimalla ya vurulub, ya da partladılıb. Onun sözlərinə görə, sözügedən təyyarənin İŞİD tərəfindən vurulma ehtimalı böyükdür: “Mən ötən həftə təyyarə ilə bağlı yayılan fotolara baxan kimi dedim ki, bu təyyarəni 100 faiz ya vurublar, ya da partladıblar. Təyyarəni Rusiyanın düşmənləri yerə salıblar. Misir ərəb ölkəsidir və orada İŞİD-in adamları çoxdur. Təyyarənin yerdən raketlə də vurulması da mümkün idi”.

Hava limanlarında sərnişinlərin yoxlanılması məsələsinə də toxunan Ə.Əliyev deyib ki, sərnişinlər nə qədər güclü yoxlansa da, yenə də təyyarəyə gizli şəkildə nə isə keçirmək mümkündür: “Ola bilər ki, sərnişinlərdən hər hansı birinin xəbəri olmadan onun çantasına hava limanında bomba qoyulub, daha sonra həmin bomba təyyarə havaya qalxandan sonra partladılıb. Digər bir versiya isə həmin təyyarənin yerdən vurulması ehtimalıdır. Bilirsiniz, adətən sərnişin təyyarələrinin quyruq hissəsində bütün idarəetmə hissələri yerləşir. Həmin hissələrdən də hər hansı biri zədələnən zaman təyyarə tarazlığı itirir”.

Xatırladaq ki, ötən həftə Rusiyanın "Metrojet" aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Misirin Şarm əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhərinə uçan zaman qəzaya uğrayıb. Təyyarə havaya qalxandan 23 dəqiqə sonra radarlardan itib. Onun göyərtəsində 7-si ekipaj üzvü olmaqla, 224 nəfər olub. Qəza nəticəsində təyyarədə olanların hamısı həlak olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm