DTK-nın izlədiyi vətənpərvər, bayrağımızı Qız Qalasına sancan mübariz, müəmmalı şəkildə öldürülən qəhrəman - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

DTK-nın izlədiyi vətənpərvər, bayrağımızı Qız Qalasına sancan mübariz, müəmmalı şəkildə öldürülən qəhrəman - FOTOLAR

Bu gün Dövlət Bayrağı Günüdür. Respublikamızın dövlət orqanları üzərində dalğalanan müqəddəs bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb. Lakin 2 il sonra Azərbaycanın sovet Rusiyası tərəfindən işğalı müstəqilliyimizin əsas atributlarından olan bayrağımızın dəyişilməsinə, başqa bir simvolla əvəz edilməsinə səbəb oldu. Yetmiş illik sovet rejimi cəmi iki illik müstəqilliyimizin bütün atributlarını məhv etməyə çalışsa da, buna nail ola bilmədi. Çünki həmin dövrü görməyən insanlar belə azadlıq eşqi ilə yaşayırdılar. Belə şəxslərdən biri də Cahid Şirinov idi.

Publika.az Cahid Şirinovun həyatı ilə bağlı maraqlı məqamları təqdim edir:

1928-ci il Ağdam şəhərində anadan olan Cahid kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdü. Atası neft mədənlərində işləyir, Cahid isə 13 saylı məktəbdə oxuyurdu. 1941-ci ilin avqustunda İranın Quzeyini işğal edən Sovet qoşun birləşmələrinə qoşulub valideynlərindən xəbərsiz Arazı keçən 13 yaşlı Cahid iki il Güney Azərbaycanda qaldıqdan və müxtəlif məşəqqətlərlə rastlaşdıqdan sonra yenidən Bakıya qayıdır.

1947-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirib Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olunan gənc vətənpərvər Azərbaycanın iki yerə bölünməsilə, illər boyu ananın oğul, bacının qardaş üzünə həsrət qalmasıyla razılaşmırdı. O, fikirlərini bölüşməyə həmdərd axtarırdı. Təhsil aldığı ali məktəbdə fikirdaşlarını tapır. Çingiz Abdullayev və başqa yaşıdları ilə kommunist diktaturasının doğurduğu eybəcərlikləri pisləyən vərəqələr yazıb divarlara vururlar. Gənclər əhalini beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırdılar.

Vərəqələr xüsusi xidmət orqanlarının diqqətini cəlb etdi. Nəticədə Çingizi ali məktəbdən qovub, islah olunmaq üçün 3 illiyə həbsxanaya yolladılar, dəstənin başqa üzvlərini isə tənbeh etdilər. Lakin bu cəza onları yollarından döndərmədi.

Cahid və dostları SSRİ-nin daxilində Azərbaycanən müstəqilliyi uğrunda apardıqları mübarizəni bir an olsa belə, dayandırmadılar.

1957-ci ilin mayın 28-də Cahid dostları ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız Qalasının üzərinə sancmağı qərarlaşdırır. Bayrağı Qız qalasının üzərinə qaldıran Cahid Hilaloğlu özü olur.

Onun bu cəsur əməli Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən aşkarlanır. Həmin səbəbdən Cahid Şirinovu şərləyib həbs etmək qərarına gəlirlər. Azadlıq aşiqi oğurluqda təqsirləndirilərək həbs olunur. Azərbaycan SSR CM 21-63 maddəsilə və Azərbaycan SSR Ali Sovetin Rəyasət Heyyətinin 4 iyun 1947-ci il fərmanıyla anti-sovet təbligatı və təşviqatında ittiham edilən vətənpərvərin işinə Azərbaycan SSR Ali Məhkəməsi baxır və 10 il azadlıqdan məhrumetmə, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırır.

O, cəza müddətini Dubrovski islah-əmək düşərgəsində çəkir. Bura islah-əmək düşərigəsi adlandırılsa da, əslində siyasi məhbislar üçün nəzərdə tutulmuş qapalı həbsxana idi. Həbsxana şəraitinin ağırlığına, ona xüsusi nəzarətin olmasına baxmayaraq, ruhdan düşmür, ingilis, alman, fransız, ərəb, fars dillərini öyrənir.

Azadlığa çıxdıqdan sonra Bakıya gəlsə də, uzun müddət işsiz qalır. 1969-cu ildə İrəvanda yendən bərpa edilmiş C.Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrında rejissor-aktyor kimi işə başlayır.

Lakin DTK da Cahid Hilaloğlunu dinc buraxmır. Onu gah səhnədən söylədiyi sözün ayrı cür yozulduğuna görə, gah tamaşaya qoyduğu əsər başqa cür başa düşüldüyünə, gah da yoldaşları ilə yeyib-içərkən söylədiyi sağlıqdan millətçilik qoxusu gəldiyinə görə tez-tez narahat edirlər. 1971-ci ildə Bakıya qayıdır və vaxtı ilə oxuduğu ali məktəbin Tədris Teatrında rejissor işləməyə başlayır.

1976-cı ilin aprelin 13-də müxtəlif səbəblər üzündən öz ərizəsilə işdən gedən Cahid Hilaloğlu xeyli işsiz qaldıqdan sonra Ağdam şəhərində yeni açılmış dövlət dram teatırında fəaliyyətə başlayır. Ömrünün sonunadək orada çalışır. 1991-ci il mayın 30-da nömrəsi məlum olmayan (çox güman ki, gizli saxlanılan-red.) “Volqa” avtomobili Cahidi vurur. Müəmmalı yol qəzasından həlak olan Cahid Hilaloğlu Ağdam şəhərində torpağa tapşırılır.

Sonradan məlum olur ki, SSRİ-nin xüsusi xidmət orqanları nəzarətə götürdükləri bəzi şəxslərə qarşı avtomobil qəzaları, habelə bu qəbildən olan digər sui-qəsdlər, qəfil ölümlər təşkil edirdilər. Bu səbəbdən Cahid Şirinovun da həmin əməliyyatlardan birinin qurbanı olması istisna edilmir.

SSRİ DTK-sı Cahid Şirinovu cismən məhv edə bilsə də, onun uğrunda mübarizə apardığı azadlıq ideyalarını məhv edə bilmədi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ADR-in varisi kimi onun dövlət rəmzləri, o cümlədən dövlət bayrağı bərpa olundu.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm