Nazirlik: Təqaüd yüksək akademik göstəriciləri ilə fərqlənənlərə veriləcək - YENİLƏNİR
Bizi izləyin

Qırmızı.az

Nazirlik: Təqaüd yüksək akademik göstəriciləri ilə fərqlənənlərə veriləcək - YENİLƏNİR

“Sərəncama müvafiq olaraq birinci yarım ildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd yüksək akademik göstəriciləri ilə fərqlənənlərə şamil ediləcək. Dövlət sifarişi əsasında təhsil alanlar da, ödənişli əsaslarla təhsil alanlara da bu sərəncam aiddir”.

Publika.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Elm və ali Təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov deyib.

Onun sözlərinə görə, bu qərar həm dövlət, həm də özəl ali təhsil müəssisələrinə aiddir. Yeganə şərt sifariş dövlət sifarişi olmalıdır.

Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin aparıcı məsləhətçisi Sülhəddin Gözəlov bildirib ki, bu zaman təhsil müəssisəsində cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı nəzərə alınacaq.

“Bu zaman dövlət sifariş sayı gözləniləcək. Hər bir ixtisas üzrə müəyyən dövlət sifarişi var. Hər bir sessiyanın sonunda tələbənin balı da nəzərə alınaraq təqaüd veriləcək. Nəticəsi uğursuz olan tələbə indi də təqaüd almır. Dövlət sifarişi ilə təhsil alan tələbənin də akademik göstəricisi zəif olarsa, təqaüd ala bilməyəcək. Onun əvəzinə ödənişli əsasla təhsil alan və akademik göstəricisi yüksək olan tələbə təqaüd alacaq”.

S.Gözəlov deyib ki, ödənişli əsaslarla ixtisaslara qəbul olunan ali məktəblərin 1-ci kurs tələbələri ilk semestrdə, yəni fevralın 1-dək təqaüd almayacaqlar. İkinci semestrdə isə onlar 1-ci semestrin nəticələrinə əsasən təqaüd alacaqlar.

Natiq İbrahimov bildirib ki, tələbələrin təqaüd proqramına edilən dəyişiklik əvvəlki illərdə ali təhsil müəssisələrinə qəbul olan tələbələrə də aid edilə bilər.

Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabinetinə müraciət edilib.

“İki ay ərzində müraciətə baxılıb münasibət bildirilməlidir. Yeni qərarın əvvəlki illər ali təhsil müəssisələrinə qəbul olan tələbələrə də aid edilməsi gözləniləndir. Lakin yekun fikir demək üçün qərarı gözləməliyik”.

Magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdləri də bakalavrlarla eyni qayda ilə hesablanacaq.

Sülhəddin Gözəlov bildirib ki, magistratura səviyyəsinə də dövlət sifarişi ilə qəbul olunan tələbələrə birinci semester ərzində “adi”, 112 və daha çox balla qəbul olunanlara isə “əlaçı” təqaüdü verilir.

“Magistratura səviyəsində ödənişli təhsil alan tələbələr birinci semester akademik göstəricilərinə uyğun olaraq təqaüd ala biləcək. Lakin qərar magistratura səviyyəsində MBA proqramı üzrə qəbul olunan tələbələr aid deyil. Çünki onlar dövlət sifarişi və Tələbə Qəbulu üzrə Qəbul Komisiyasının imtahanlarında iştirak etməyiblər”.

Bu qərar 2016-cı il fevralın 1-dən tətbiq ediləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm