Polisdən ictimai nəqliyyatda gediş haqqı alınmalıdırmı?
Bizi izləyin

Qırmızı.az

Polisdən ictimai nəqliyyatda gediş haqqı alınmalıdırmı?

“Baku Bus” avtobuslarının sürücülərinə göstəriş verilib ki, mülki geyimdə olan polis əməkdaşlarından da gedişhaqqı tələb etsinlər.

Bunu Publika.az-a MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Məmmədova bildirib.

O, qeyd edib ki, əgər polis əməkdaşı həqiqətən də gizli xidmətlə əlaqədar mülkü geyimdədirsə, bu zaman sürücüyə və avtobusdakı sərnişinlərə öz vəsiqəsini nümayiş etdirməsi düzgün deyil:

““Polis haqqında” qanununun 38-ci maddəsinin 4-cu bəndinə görə, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksi və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər . Burada polisin geyimi ilə bağlı heç nə göstərilməyib və biz də onu nəzərə alaraq belə bir qərar vermişik. Bu həm də sərnişinlə sürücü arasında ünsiyyəti minimum endirəcək. Biz avtobus sürücülərinə göstəriş vermişik ki, mülkü geyimdə olan polis əməkdaşlarından gediş haqqını ödəməyi tələb etsinlər. Amma polis formasında olanlardan tələb olunmur. Onlar vəsiqə göstərməsə də, güzəşt edilir”, - N. Məmmədova deyib.

Nəqliyyat sahəsində ekspert Azər Allahverənovun Publika.az-a bildirdiyinə görə, “Baku Bus” MMC bu qərarı verərkən ilk öncə Azərbaycan qanunvericiliyinə əsaslanmalıdır. Mütəxəssis hesab edir ki, istənilən halda “Baku Bus” ın qərarı və Azərbaycan respublikasının qanunu var, bunların arasında ortaq məxrəc tapmaq asandır. Aidiyyəti qurumlarla buna dair danışıqlar aparılsa yaxşı olar:

“Bu məsələ aidiyyəti qurumalr arasında aydınlaşdırılmalı, ortaq məxrəcə gələ biləcək mexanizm düşünülməlidir. Nazirlik öz fondundan “Baku Bus” MMC-yə subsidiya şəklində müəyyən miqdarda vəsait ödəyə bilər ki, bununla da problem həll oluna bilər. “Baku Bus” yeni yaranan, böyük miqdarda sərmayə qoyan və hələ gəlir götürməyən qurumdur. Belə bir strukturu digər məsuliyyətlərlə üz-üzə qoymaq da düzgün deyil. Avtobusa minən polis əməkdaşı sürücüyə vəsiqəsini elə göstərə bilər ki, heç kəsin diqqətini çəkməz. Bir məsələ də var ki, əgər polis əməkdaşı təhlükəli bir caninin axtarışını həyata keçirirsə və diqqəti çəkməmək üçün hamı kimi 20 qəpik verib işinə davam eləsə daha yaxşı olar.

Ümumiyyətlə, hansısa əməliyyat keçirən zaman mülki geymdə olsa belə, sürücü ona maksimum şərait yaratmalıdır”, - deyə A. Allahverənov bildirib.

Hüquqşünas Ərşad Hüseynov isə hesab edir ki, “Baku Bus”un bu qərarı qanuna ziddir. Onun Publika.az-a bildirdiyinə görə, polisin nəqliyyat vasitələrində pulsuz gediş hüququ var:

““Nəqliyyat haqqında” qanun , “Avtomobil nəqliyyatı haqqında” qanun və Nazirlər Kabinetinin 141 saylı qərarı ilə təsdiq olunmuş sərnişindaşıma qaydaları var. Onların hamısında qeyd olunub ki, müəyyən insanların nəqliyyat vasitələrində, hətta təyyarədə, qatarda və s. pulsuz gediş hüququ var. Həmin gediş hüququndan onu təsdiq edən sənədi təqdim etməklə istifadə etmək olar. Polisin gediş hüququnu təsdiq edən sənəd onun xidməti vəsiqəsidir. Bu şəxs mülki formadadır, qış geyimindədir, yay geyimindədir, bunun heç bir əhəmiyyəti yoxdur. Yalnız polis məzuniyyətdə, istirahətdə olanda həmin hüququ itirir”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm