FHN müşavirə keçirdi
Bizi izləyin

Qırmızı.az

FHN müşavirə keçirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi payız-qış mövsümü ilə əlaqədar olaraq noyabrın 11-də Suraxanı Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib.

AzərTac xəbər verir ki, müşavirənin məqsədi payız-qış mövsümündə yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, mövcud problemlər və onların həlli yolları ilə bağlı müzakirələrin aparılması olub.

Müşavirədə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev Suraxanıda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verib, bu istiqamətdə təbliğat işinin aparılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə ötən ilin və bu ilin doqquz ayı ərzində baş vermiş yanğınların müqayisəli statistikası iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin dəm qazı zəhərlənmələrinin baş verməməsi üçün bacaların işlək vəziyyətdə saxlanılması, eləcə də mənzillərdə qaz cihazlarından istifadə qaydalarına ciddi əməl edilməsinin vacibliyi qeyd olunub.

Müşavirədə FHN-in əməkdaşları, həmçinin “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda yanğınların başvermə səbəbləri, onlardan qorunma yolları, eləcə də belə hadisələr zamanı qarşıya çıxan problemlərdən danışılıb. Rayonun enerji təchizatı və satışı idarəsinin, qaz istismar sahəsinin, rayon mənzil kommunal təsərrüfat birliyinin və Təcili Tibbi Yardım Stansiyasının nümayəndələri də rayonun enerji təchizatının və qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və onların həlli yolları ilə əlaqədar çıxışlar ediblər.

Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev yanğın təhlükəsizliyinin təmin olunması üçün sakinlər arasında təbliğat və maarifləndirmə işinin vacibliyini vurğulayıb. O, Binəqədi rayonunda yanğın təhlükəsizliyi sahəsində mövcud problemlər barədə məlumat verib.

Toplantıda yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarx nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm