“Azərsu”dan çökən yolla bağlı AÇIQLAMA - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Azərsu”dan çökən yolla bağlı AÇIQLAMA - FOTOLAR

Bakının Binəqədi rayonunda Cəfər Xəndan küçəsində yol çöküb. Buna səbəb “Azərsu” ASC-yə məxsus 1000 mm-lik diametrli kanalizasiya kollektorunda ötən axşam qəzanın baş verməsi olub.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının Publika.az-a bildirdiyinə görə, dərhal çökən yolda yaranmış yarğanın aradan qaldırılması üçün əraziyə briqada cəlb olunub.

“Hadisə baş verdiyi saatlardan başlayaraq Bakı Su Kanalı və Binəqədi Su Kanalı İdarələrinin əməkdaşları əraziyə cəlb olunublar. Ərazi hasarlanıb, nişanlar qoyulub. Elə axşam saatlarında ərazi təmizlənib. Ora yeni boru qoyulacaq və onun ətrafı betonla tam kipləşdiriləcək”.

A. Cəbrayıllının sözlərinə görə, suyun axınında heç bir problem baş verməyib.

O, yarğana avtomobilin düşməsi ilə bağlı yayılan məlumatların yanlış olduğunu deyib.

“Əslində ora maşın düşməyib. Maşın yaxınlıqda olub və yol çökən zaman rahatlıqla ərazidən uzaqlaşıb, heç bir avtomobilə ziyan dəyməyib. Yarğan yolda tıxaca səbəb olmayıb və nəqliyyatın hərəkətinə heç bir maneə yaranmayıb”.

Qurum rəsmisi bildirib ki, qəza baş verən kollektor 80-ci illərin sonlarında çəkilmiş kollektordur və ərazilərin çirkab sularını daşıyıb Hövsan stansiyasına yönəldir. Heç bir fəsad, ətrafı subasma yoxdur və bu günlərdə işlər tam yekunlaşacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm