Təhsil Nazirliyi: Tədris onların istəyi ilə qurula bilməz – PROBLEM
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi: Tədris onların istəyi ilə qurula bilməz – PROBLEM

“Azərbaycan məktəblərində uzun illər istifadə edilmiş dil dərslikləri nöqsanlı olub. Çünki orta məktəbi bitirənlər həmin dərsliklərdən elmi qaydaları öyrənir, lakin dildə sərbəst fikirlərini ifadə edə bilmirdilər”.

Bu sözləri Publika.az-a açıqlamasında Təhsil Nazirliyinin təhsil resursları şöbəsinin müdir müavini Əsgər Quliyev deyib.

Onun sözlərinə görə, sovet dövründə Azərbaycan dili dərsliklərində əsas məqsəd orta məktəb şagirdlərinə elmin əsaslarını mənimsətmək olub: “Buna görə də, orta məktəb dərsliklərində dilin bütün səviyyələri - fonetika, leksika, morfologiya və sintaksis, nitq mədəniyyəti və üslubiyyət öyrədilirdi. Bu proqram ali məktəb proqramları ilə üst-üstə düşürdü. Halbuki dünya dil dərslərində yüz illərdir kommunikativ üsuldan istifadə edir. Biz isə əksinə əvvəl qrammatikanı öyrətmişik, sonra tapşırıqlar vermişik. Nəticədə, şagirdlər yazı və şifahi nitq mədəniyyətinə yiyələnə bilməyiblər. Hətta sovet dövründə müəyyən müddət kommunikativ üsul tətbiq edilmişdi və ona ABŞ modeli deyilirdi. 1930-cu ildən sonra bu üsuldan imtina etdilər. Lakin artıq yeni üsulları tətbiq etməyin vaxtıdır. Rusiya belə kommunikativ üsuldan istifadə edir, Avropa modelini öyrənir. Bu gün dünyada qloballaşma prosesi gedir və biz də özümüzü dünyadan təcrid edə bilmərik. Qloballaşmanın ən çox təsir etdiyi sahələrdən biri də dil tədrisidir. Artıq 2008-ci ildən yeni tədris üsulu kurikulumun tətbiqinə başlamışıq. Artıq bu il səkkizinci sinfə qədər bütün dərsliklər bu üsulla hazırlanır. Bu üsul təkcə Azərbaycan dili deyil, əcnəbi dillərə də tətbiq edilir”.

Ə.Quliyev bəzi müəllimlərin dil dərslərinin bu üsulla tədrisinə etiraz etməsinə də münasibət bildirib: “Bəzi müəllimlər bu metodu bəyənmir. Görünür, bu metodun müəyyən problemləri onlar üçün aydın deyil. Əlbəttə, tədris müəllimləri istəyi ilə qurula bilməz, dövlət siyasəti var və onu tətbiq edirik. Dil dərsliklərinin hamısı kommunikativ metodla qurulacaq. Bu metod həm milli, həm də xarici dili daha yaxşı öyrədir. Bu zaman yazılı dillə yanaşı, şifahi dil də yaxşı inkişaf edir. İndi şagird mətn üzərində qrammatik qaydanı öyrənir və qaydanı məntiqi şəkildə müəyyən edir. Şagird kor-koranə qaydanı əzbərləmir, mətnin üzərində işləyən araşdırıcıya çevrilir. Əlbəttə, müəllimin istiqamətləndirməsi də mütləq şərtdir”.

Metodu qəbul etməyən və bəzi məqamlarını anlamayan müəllimlərin şagirdləri necə məlumatlandırmasına gəldikdə Ə.Quliyev bu məsələnin də nazirliyin diqqətində olduğunu dedi: “2014-cü ildə 30 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi aparıldı. Onların müəyyən hissəsi istənilən nəticə göstərmədi. Bu qiymətləndirmə həm də müəllimlərin səviyyələrini müəyyən etməyimizə imkan verdi. Məsələn, müəllimlər arasında hər şeyi bilən, nisbətən az bilən və demək olar ki, heç bilməyən müəllimlərin olduğunu müəyyən etdik. Yeni metodu bilməyən müəllimlər səviyyələrinə uyğun təlimlərə cəlb edildi. Bu il onlar üçün yenidən diaqnostik qiymətləndirmə aparıldı. Nəticələr çox müsbət oldu. Müəllimlərin təlimlərə cəlb olunması problemin həllinə imkan yaradacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm