Bakıya istilik verilmədi... “Azəristiliktəchizat”ın qış yuxusu
Bizi izləyin

Qırmızı.az

Bakıya istilik verilmədi... “Azəristiliktəchizat”ın qış yuxusu

Bütün dünyada aprel ayının 15-də istiliyin verilməsi dayandırılır və rəsmi olaraq qış rejiminə hazırlığa başlanılırsa, bizim qurumlar dünya təcrübəsinin əksinə olaraq, qışın gəlməsinə cəmi bir neçə gün qalmış istilik xətlərini yoxlayır və hazırlıqlara başlayırlar. Bunun acı nəticələrini isə sakinlər çəkir. Məsələn, Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsində 7-8 gündür istilik xətlərinin təmirinə başlanılıb.

Publika.az xəbər verir ki, ərazidə qazılaraq torpaqdan çıxarılan nasaz xətlər yalnız indi yeniləri ilə əvəzlənir. Həm də oxşar proses paytaxtın digər rayonlarında da müşahidə olunur.

Noyabrın 15-dən “Azəristiliktəchizat” ASC qış rejiminə keçməli olsa da, hələ də bir çox binalarda qızdırıcı sistemləri işə düşməyib. Paytaxtın Nizami, Binəqədi, Suraxanı, Nərimanov rayonlarında yaşayan sakinlər “Azəristiliktəchizat” tərəfindən bir həftə öncə gəlib binalara baxış keçirildiyini desələr də, bu elə baxış olaraq da qalıb. Havaların kifayət qədər soyuq keçdiyini nəzərə alsaq, bu havada isinməmiş otaqda yaşamaq elə çöldə yaşamaq kimi bir şeydir. Hələ onu da əlavə eləsək ki, evdə yaşayanlar təkcə gənclər və fiziki cəhətdən sağlam insanlar deyil, hər evin yaşlısı, körpəsi, xəstəsi var, vəziyyət bir az qəlizləşir.

Nizami rayon sakini Əsmər Məmmədovanın sözlərinə görə, “Azəristiliktəchizat” ASC-nin müvafiq şöbəsinə zəng edərək istilik verilişinə niyə başlanılmadığını soruşduqda, tələb olunan qədər qazın olmadığını bildiriblər. Problemi araşdırmaq üçün “Azəristiliktəchizat”a edilən bütün zənglərimiz cavabsız qaldı. Görünür, qurum qış rejiminə deyil, qış yuxusuna getmişdi.

“Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevin Publika.az-a verdiyi məlumata görə isə “Azəristiliktəchizat” ASC qazla tam şəkildə təmin olunub:

“Biz tələb olunan miqdarda qazla “Azəristiliktəchizat”ı təmin etmişik. Hansı qazanxanalara qazın açılması üçün müraciət olunubsa, onlara qaz verilib. Ümumiyyətlə, respublikamızın ərazisində qazla bağlı heç bir məhdudiyyət yoxdur”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm