Müəllim razı, valideyn razı, uşaq isə... Beşyaşlıların məktəbəhazırlıq qrupundan REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Müəllim razı, valideyn razı, uşaq isə... Beşyaşlıların məktəbəhazırlıq qrupundan REPORTAJ - FOTOLAR

Leysan elə tökürdü, tut ucundan çıx göyə... Normalda, belə havada valideyn beş yaşlı uşağının əlindən tutub evdən bayıra çıxmaz. Amma ayaqlarında çəkmə, əllərində çətir qaçaraq özlərini məktəbə salan analar var idi. Uşaqlarını hazırlığa gətirirdilər...

“Həm bizim üçün çətin olur, həm də uşaqlar üçün...”

5 saylı orta məktəbin girişində məktəbəhazırlıq qrupuna gələn balacaları ibtidai sinif müəlliməsi Məsmə Daşdəmirova qarşıladı. Hazırlığa başladıqları bir həftədə necə öyrənmişdilərsə, gələn kimi hamı sıraya düzüldü. Elə həmin qayda-qanunla otaqda da öz yerlərini tutdular. Sinifdə 12 uşaq olsa da, yağış 3 nəfəri dərsə gəlmək fikrindən daşındırmışdı. Müəllimədən öyrəndik ki, bu il də məktəbdə ötənilki kimi, 5 hazırlıq qrupu cəmləşib. Hər qrupda isə maksimum 15 nəfər ola bilər.

Elə ilk dərsdən hiss olunurdu ki, burada hər şey 5 yaşlı uşaqları maraqlandıracaq formada qurulub. Balacaları müşahidə etdiyimiz müddətdə həm rəsm çəkdilər, həm şeir söylədilər, həm də məntiqdən sual-cavabda iştirak etdilər.

Müəllimənin sözlərinə görə, bu şagirdlər 6 yaşında məktəbə gələnlərdən çox fərqlənirlər: “Əvvəlki şagirdlər hazırlıqsız gəlirdilər, ətraf aləmlə tanışlıqları yox idi, hətta əllərində qələm tutmağı bacarmırdılarsa, artıq yeni birincilərin bir sıra vərdişləri var. Ətraf aləmlə tanışlıq, canlı ilə cansızın fərqini, əşyaların oxşar və fərqli cəhətlərini uşaqlara öyrətmək üçün 2 ay vaxt itirirdik. Amma bu uşaqlar ətraf ələmlə tanış olur, əşyaların oxşar və fərqli cəhətlərini seçir, rəngləri fərqləndirə, sərbəst fikirlərini söyləyə bilirlər. Hətta söhbət aparmışam, onlar canlıları cansızlardan fərqləndirə bilirlər. Sayma, yapma, quraşdırma, məntiqi düşüncələrə yiyələndirmə, sərbəst düşünmə bacarığı, nitq inkişafı bu şagirdlərdə formalaşır. Biz bu işlər üzrə işləyirik və mən əminəm ki, builki beşyaşlıların ilin sonunda əldə etdikləri nəticələr əvvəlkilərə nisbətən yüksək olacaq. Amma hazırlıqsız gələndə həm bizim üçün çətin olur, həm də uşaqlar üçün çətin olur”.

Ötən il sınaq kimi nəzərdə tutulan belə qruplar təhsil nazirinin əmri ilə bu ildən 124 paytaxt məktəbində təşkil olunub. Müəllimənin sözlərinə görə, uşaqlara həftədə 4 gün gündə 35 dəqiqə dərs keçilsə də, hərf, rəqəm öyrədilmir. Məqsəd isə uşaqları zamanın tələbinə uyğun çalışdırmaq, sərbəst düşüncələrə malik olmaları, nitqlərinin inkişafı, söz ehtiyatının çoxalmasına kömək etməkdir: “Uşaqlara indidən hərf, rəqəm öyrətsək, onları həvəsdən salmış olarıq. Bu uşaqların qavrama qabiliyyəti yüksək olsa da, əyləncəli proqramlarla işləyirik ki, yorğunluq əmələ gəlməsin. Məktəbəhazırlıq qrupu ilə bağlı xüsusi proqram tərtib olunub və məktəb rəhbərliyi tərəfindən təsdiqlənib. Biz dərs prosesində oyunlar, məşğələlər keçirik. Özünüz də görürsünüz ki, uşaqlarımız daha sərbəstdirlər”.

Söhbət arası təcrübəli müəllimədən 20-30 il əvvəl məktəbə qədəm qoyan uşaqlarla indiki birincilərin nə ilə fərqləndiklərini soruşduq. Müəllimə də indiki uşaqların xeyli dəyişdiyini təsdiqlədi. Bu uşaqların daha fəal olduğunu deyən Məsmə xanım onların daha çox kompüterə, planşetə maraq göstərdiklərini söylədi. Məlum oldu ki, onlar hətta bəzən kompüteri qoşmağa da müəlliməyə kömək edirlər.

Belə hazırlıq qrupları məktəblərdə əvvəllər də olub. Ancaq indiki ödənişli hazırlığın ötən illərdən nə ilə fərqləndiyi bizim üçün də maraq doğururdu. Məsmə müəllimədən öyrəndik ki, ödənişli olandan sonra valideynlər uşaqlarını hazırlığa gətirməyə daha məsuliyyətlə yanaşırlar: “Mən 40 illik təcrübəyə malikəm. Biz əvvəl də hazırlıq mərhələsini keçirdik. Amma yanvar ayından başlanırdı və bu, çox gec olurdu. Ötən tədris ilindən məktəblərdə ödənişli hazırlıq keçilməyə başlanıldı. Ödəniş bank hesabına ödənir və bizə qəbz təqdim edirlər. Ödənişli olmasına baxmayaraq, valideynlər bu hazırlıqlara xüsusi maraq göstərir və həvəslə uşaqlarını gətirirlər”.

Müəllim də qazanır...

Dərs prosesini izlədiyimiz müddətdə sinfin ən fəallarını da tanıdıq. Məsələn, Cavad dərsdə aktiv olmasıyla yanaşı, həm də gözəl rəsmlər çəkir. Müəllimənin sözlərinə görə, dərs ilinin sonunda bu balacalarla müsabiqə təşkil etmək və mükafatlar vermək niyyətindədirlər.

Uşaqların hazırlığından valideynləri da razı idilər. Hətta o qədər razıydılar ki, ödəniş də gözlərinə görünmürdü...

Oğlunu hazırlığa gətirən İlahə Sadıqovanın sözlərinə görə, hazırlıq bir həftədir başlasa da, uşaqda xeyli irəliləyiş hiss olunur: “Oğlum birinci uşaq olduğuna görə dərslikdən heç bir məlumatı yox idi. Bu hazırlıq cəmi bir həftədir başlayıb, amma həqiqətən də onda çox irəliləyiş hiss edirəm. Bu həftə ərzində düz xətlər çəkmək, qırıq xətlər çəkmək öyrənib, şeir əzbərləyib, riyaziyyatı, məntiqi öyrənib. O məbləğ qarşısında belə bir irəliləyiş mənim çox xoşuma gəldi, çox istəyərdim ki, belə kurslar həmişə olsun. Oğlumun özündə xeyli dəyişiklik var. “Bəli-xeyr”lə danışmağı öyrənib və bu, məni çox sevindirir. Nəyisə götürəndə, “olar-olmaz” deyə soruşur. Hətta oturuşu-duruşu da dəyişib”.

Elçin Tağıyevin sözlərinə görə, evdə nə qədər öyrədilsə də, müəllimi əvəz etmək mümkün deyil: “Mənim böyük qızım da Məsmə müəllimənin sinfində oxuyur, indi dördüncü sinifdədir. Ona görə də oğlumu bura gətirdim. Hazırlığın fərqini birinci sinfə gedəndə biləcəyik. Onu deyə bilərəm ki, uşağa valideynin deməyi başqadır, müəllimin öyrətməyi tamam başqadır. Oğlum qayda-qanunla gedir və bir çox hallarda valideynin sözünə baxmasa da, müəllimin dediyi onun üçün qanun olur. Mən çox razıyam”.

Qeyd edək ki, valideynlər uşaqların hazırlıq kursuna gəlməsi üçün ayda 40 manat ödəyirlər. Bu vəsaitin bir hissəsi isə hazırlığı keçən müəllimin maaşına əlavə olunur.

Onu da öyrəndik ki, məktəbə hazırlıqda yiyələndikləri biliklərin nəticəsi olaraq uşaqlara ilin sonunda müsabiqə yolu ilə sertifikatlar təyin olunacaq.

Hazırlığın bir üstün cəhəti də odur ki, uşaqlarda məktəb yaşına bir-iki ay çatmadıqda problem olmur, həmin şagirdlər də hazırlığa getdiklərinə görə avtomatik olaraq məktəbə qəbul olunurlar.

Bir də onu müşahidə etdim ki, bura gələn uşaqların heç biri ağlamırdı. Balacalar elə həvəslə gəlirlər ki, elə bil bu məktəbin içərisində böyüyüblər...

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm