İki qurum “ötür-ötür” oyunu oynayır, altını vətəndaş çəkir - Mənzillərə istilik verilməməsinin SƏBƏBİ
Bizi izləyin

Qırmızı.az

İki qurum “ötür-ötür” oyunu oynayır, altını vətəndaş çəkir - Mənzillərə istilik verilməməsinin SƏBƏBİ

Noyabrın 15-dən “Azəristiliktəchizat” ASC qış rejiminə keçməli olsa da, artıq həmin tarixdən 3 gün ötməsinə baxmayaraq, hələ də Bakının əksər rayonlarında istilik yoxdur. Evində körpəsi, xəstəsi, yaşlısı olan ailələr isinmək üçün bütün pal-paltarlarını geyinib, “bu gün gələr, sabah gələr” deyə günləri sayırlar. Ümid yalnız oduna qalıb ki, belə getsə, yaxın günlərdə paytaxtda evləri qızdırmaq üçün ondan da istifadə olunacaq...

Məsələni araşdırmaq üçün aidiyyəti qurumlarla əlaqə saxlasaq da, məlum oldu ki, iki dövlət qurumu arasında anlaşılmazlıq yüzminlərlə sakini istiliksiz qoyub.

“Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyevin Publika.az-a bildirdiyinə görə, paytaxt ərazisində istiliyin olmamamsına səbəb “Azəriqaz” İB-nin qazanxanalara gələn qazı bağlamasıdır: “Azəriqaz” qazanxanalara gələn qazı bağlayıb, ona görə də insanları istiliklə təmin edə bilmirik. Bütün qazanxanaların sayğaclarına plomb vurub gediblər. Doğrudur, bizim “Azəriqaz”a borcumuz var. Mən borcun dəqiq məbləğini deyə bilməyəcəyəm, çünki hazırda əlimin altında dəqiq rəqəmlər yoxdur. Amma bu gün 3 minə yaxın yaşayış binası, məktəb, bağçanın qazanxanasının qazını bağlamaq vəziyyətdən çıxış yolu deyil və məsuliyyət “Azəriqaz”ın üstündə qalır”.

R.Əliyevin sözlərinə görə, həm “Azəriqaz”, həm də “Azəristiliktəchizat” dövlət təşkilatı olduğundan, problemi öz aralarında həll etmək olar: ““Azəristiliktəchizat” planlı şəkildə zərərlə işləyən təşkilatdır. Bizim gəlirlərimiz xərclərimizi ödəməyə imkan vermir. Bunu hökumət də bilir. Onlar bizdən “Bakıistilik” yaranan vaxtdan yaranmış borcları da tələb edirlər. Bu gün istilik tariflərini artırsalar da, biz o borcu ödəyə bilmərik.

İkincisi də, borcumuz varsa, hökumətə müraciət eləmişik və buna dövlət səviyyəsində baxılır. Əgər hökumətin qərarı onları qane etmirsə, məhkəməyə versinlər. Gözləyib, noyabrın 15-də qazanxananın qazını bağlamaq nə dərəcədə düzgündür? İki təşkilat arasında borc məsələsinə görə vətəndaşlar əziyyət çəkməli deyillər”.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev isə yenə də əvvəlki fikrində qalır. Yəni, ölkə ərazisində qazla bağlı heç bir problem yoxdur: “Azərbaycan Respublikası ərazisində qazla bağlı heç bir məhdudiyyət yoxdur. Mənzillərdə qaz yanır. Əgər qazanxanalarda qaz yoxdursa, bizə “Azəristiliktəchizat” tərəfindən rəsmi şəkildə müraciət olunmalı idi. “Azəristiliktəchizat”a qaz verilməməsinə gəlincə isə, texniki zəruri sənədləri qaydasında olan, təhlükəsizlik tələblərinə cavab verən bütün qazanxanalara tərəfimizdən qaz verilib”.

Bax belə… İki qurum razılığa gələ bilmir, qış qapının ağzını kəssə də, mənzillərə istilik verilmir. Özü də o zaman ki, sinoptiklər bu qışın sərt olacağı ilə bağlı xəbərdarlıq edirlər.

Ona görə də odun yığın, lap elə təzək toplayın! Çünki belə getsə, bu qışı elə “olacaq” vədləri ilə keçirəcəyik...

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm