Yumurtanı kimlər bahalaşdırır? - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Yumurtanı kimlər bahalaşdırır? - ARAŞDIRMA

Bakıda yumurtanın qiymətində 2-3 qəpik artım müşahidə olunur. Bundan əlavə, paytaxtın bir sıra ərzaq mağazalarında son iki gündə yumurta qıtlığı nəzərə çarpır. Şəhərin Suraxanı, Nəsimi, Nərimanov rayonlarında yerləşən mağazalarda müşahidələrimiz də qiymət artımını təsdiq edir. Baş çəkdiyimiz dükanlarda yumurtanın bir ədədi 14, 15, hətta 16 qəpiyə satılırdı. Sosial əhəmiyyətli məhsullar sırasına daxil olan yumurtanın qiymətində baş verən ən cüzi artım insanların gündəlik büdcəsinə hissolunacaq səviyyədə təsir edir.

Bu üzdən qiymət artımının səbəblərini öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin Publika.az-a bildirdiyinə görə, nazirlik tərəfindən ötən həftə monitorinqlər aparılıb və müəyyən olunub ki, keçən həftə yarmarkalarda yumurtanın bir ədədi 12-13 qəpiyə satılır: “Bu həftə necə olacaq, ona hələ baxacağıq. Ötən il də qiymət artımı olmuşdu, yumurtanın bir ədədinin qiyməti 15 qəpiyə qalxmışdı. Mən hesab edirəm ki, bu, müvəqqəti haldır və yumurta əvvəlki qiymətinə qayıdacaq”.

Yumurta istehsalında azalmaya gəlincə, M.Hacıyev mağazalarda yumurta qıtlığı ilə razılaşmır: “Bizim əlimizdə statistika var. Statistikaya görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yumurta istehsalında azalma müşahidə olunmayıb”.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymət artımına mağaza sahiblərinin səbəb olduğunu deyir: “Yumurta 8, 9, 10, az hallarda isə iri yumurtalar 11 qəpiyə satılır. Mağazalar bu qiymətə yumurtanı alır və üzərinə hərəsi bir qiymət qoyub satır. Bəziləri 30 faiz, bəziləri 40 faiz və s. Hər mağaza özünə cavabdehdir, biz bunu tənzimləyə bilmərik. Hər yer yumurta ilə doludur, azalma yoxdur. Qiymət artımı olmayıb, gələcəkdə olacağı gözlənilmir”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm