Döyən də onlar, döyülən də
Bizi izləyin

Qırmızı.az

Döyən də onlar, döyülən də

Bakı şəhəri üzrə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının iştirakı ilə tədbir keçirilib.

Publika.az xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanlı bu istiqamətdə qəbul edilən qanunlardan danışıb. O bildirib ki, bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb.

Daha sonra çıxış edən Komitənin Hüquq təminatı şöbəsinin müdiri Taliyə İbrahimova məişət zorakılığına qarşı mübarizə sahəsində qanunvericilik haqqında danışıb:

“Məişət zorakılığı ilə bağlı qanun qəbul ediləndən sonra belə faktların sayında azalma müşahidə edilir. Belə fikirlər var ki, məişət zorakılığının qarşısını almaq üçün sığınacaqların yaradılması əsas şərtdir. Lakin hesab edirəm ki, sığınacaqlar olmadan da, bu problemin həllinə nail olmaq olar. Bu gün elə ailələr var ki, mənzil probleminə görə nikah pozulsa belə birlikdə yaşamaq məcburiyyətindədirlər. Bu da məişət zorakılığına səbəb amillərdən biridir”.

Daxili İşlər Nazirliyinin idarə rəisi Adıgözəl Adıgözəlov bildirib ki, bu ilin ilk 9 ayında Azərbaycanda azyaşlılara qarşı 470 cinayət hadisəsi baş verib, onun 133-ü zorakılıqla bağlı olub. Onun sözlərinə görə, 2010-cu ildən başlayaraq belə cinayətlərin dinamikasında azalma müşahidə edilir.

“Əvvəlki illərdə uşaqlara qarşı törədilən zorakılıq cinayətləri müəyyən qədər məişət zəminində baş versə də, bu il zorakılıqla bağlı törədilən 133 cinayətin çox cüzi bir hissəsi - 7-si məişət zəminində olub. Azərbaycan ailələrində zorakılığa məruz qalan uşaqların nə özləri, nə də valideynləri hüquq-mühafizə orqanlarına müraciət edirlər. Bu da sonda böyük fəsadlara səbəb olur".

İdarə rəisi qeyd edib ki, bu ilin ilk 9 ayında polis orqanlarının əldə etdiyi məlumatlar əsasında 41 erkən nikah müəyyənləşdirilib. Onların 15-i ilə bağlı cinayət işi açılıb: "Erkən nikahlar bəzən valideynlərin, bəzən isə uşaqların öz istəyi ilə olur. Amma bütün hallarda məsuliyyətsizliyi valideynlərdə görürəm".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, bu ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı Daxili İşlər Nazirliyinin yerli şöbələrindən komitəyə 90 fakt təqdim edilib. Bütün respublika üzrə 280 fakt göndərilib.

“Göndərilən müraciətlərin hamısı fiziki zorakılılqla bağlıdır. Digər zorakılıqlarla bağlı məlumatlar təqdim edilməyib. Nərimanov, Xətai, Nəsimi, Yasamal rayonlarında bir zorakılıq faktı belə yoxdur. Bu isə anormallıqdır”.

Yeli icra hakimiyətləri tərəfindən verilən məlumatlarda məişət zorakılığı ilə bağlı faktlar yoxdur:

“Pirallahı, Sumqayıt, Qazax, Yardımlı, Abşeron, Xaçmaz, Ucar, Zərdab, Lənkəran, Şirvan, Ağdaş, Göyçay, Hacıqabul rayon icra hakimiyyətləri tərəfindən məlumat verilib ki, bu rayonlarda heç bir zorakıllıq qeydə alınmayıb. Həmin rayonlarda Daxili İşlər Nazirliyinin yerli şöbələrindən verilən məlumatda isə bu rayon və şəhərlərdə zorakılıq olduğu qeydə alınıb. Ümumiyyətlə, fakt aşkarlanmayan regionlar da var”.

Elgün Səfərov bildirib ki, zorakılıq törədənlərin əksəriyyəti kişilərdir. Onlar əsasən orta təhsillidir. Onlar arasında ali təhsillilər 1-2% təşkil edir:

“Eləcə də, zorakılığa məruz qalanlar daha çox ibtidai və orta təhsillilərdir. Zorakılıqlar daha çox ər-arvad münasibətlərindən irəli gəlir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm