Aysedoranın məhəbbəti və intihar
Bizi izləyin

Qırmızı.az

Aysedoranın məhəbbəti və intihar

Serqey Yesenin Ryazan quberniyasının Konstantinov kəndində, kəndli ailəsində anadan olub. Əvvəl doğulduğu yerdə, kənd məktəbində oxuyan gənc Yesenin daha sonra kilsə məktəbində təhsilini davam etdirib. Yesenin məktəbi bitirir, ət dükanında satıcı, ardınca mətbəə işçisi kimi çalışır və nəhayət, bir gün gəlir Moskva Dövlət Xalq Universitetinin tələbəsi olur.

Yaradıcılığa tələbəlik illərində başlayan Yesenin elə ömrü boyu şair kimi bir həyat yaşayır. Bütün çətinliklərə, yaşadığı ağrı-acıya baxmayaraq o özünü xoşbəxt hesab edirdi. Bəlkə də onun bu qədər həyat eşqi ilə dolu olmasında qadınların xüsusi rolu olub...

Yeseninin ilk sevgilisi çalışdığı mətbəənin korrektoru Anna Romanova olur. O, cazibədarlığı, rus qadınlarına xas gözəlliyi ilə Yesenini valeh edir. Bəlkə də dünyanın ən gözəl şeiri bu qadının baxışıdır...

Yesenin çox keçmir qadınla evlənməyə qərar verir. Belə yaraşıqlı bir gənclə evlənmək yəqin bütün rus qadınlarının arzusu olduğundan Anna Romanova da razılaşır. Nəhayət, onların səssizcə içlərində yaşadıqları sevginin birləşməsi, eyniləşməsi anı baş verir.

Sevgililər evlənirlər... Anna Romanova bir oğul dünyaya gətiri. Oğlunun adını Yuri qoyur... Amma Anna Romanova qəfil xəstəlikdən vəfat edir.

Gənc şair 1917-21-ci illərdə Zinaid Nikoayevna adlı bir aktirisayla evlənir. Bu izdivacdan bir qız dünyaya gəlir. Yesenin qızın adını Tatyana qoyur.

Nikoayevnadan başqa da Yesenin həyatında bir neçə qadın olur. Ancaq onun həyatında yalnız bir qadın unudulmaz olaraq qalacaqdı. Bu Aysedora Dunkan idi.

Müdhiş bir sevgi

Amerikan rəqqasəsi Aysedora Dunkan, yoxsa rus şairi Yesenin? Onların hansının məşhur olduğunu demək çətindi. Onların ortaq tərəfləri belə yoxdu, hətta şairlə rəqqasə eyni dildə belə danışmırdılar. Ancaq bununla belə, ilk görüşdən iki ayrı dünyaların insanı sirli şəkildə bir-birinə bağlanır. Onların münasibətləri dəyişkən, tez-tez ayrılan yollar kimi, boran, tufan kimi coşğun, həyəcanlı idi. Bir-birinə heç oxşamayan iki insanın birləşməsi faciəyə çevrilmişdi.

1921-ci ildə bir falçı Aysedoraya belə demişdi: “Siz solğun, geniş göy üzünə səyahət etməyə hazırlaşırsınız. Siz çox zəngin olacaqsız, çox zəngin. Siz evlənəcəksiniz...” Rəqqasə sadəcə qəh-qəhə ilə güldü. Bu qədər uğursuz eşq macəraları və evliliklərindən sonra o yeni bir əlaqənin yaranmağına inanmırdı. Özü də Rusiyaya rəqs məktəbi açmağa gəlmişdi.

Bir dəfə öz dostunun çağrışıyla Aysedora Dunkanı belə gözəl, belə cazibədar görəndə Serqey Yesenin yalnızca bunu deyir: “İlahə...”

Şairin dostu Anatoliy Marienqof o günü belə xatırlayır: “Gecə saat birdə Dunkan gəlib çıxdı... Qadın divana uzandı, Yesenin isə onun ayaqlarına... Aysedora şairin qıvrım saçlarını sığallaya-sığallaya dedi:

Zolotaya golova!

O daha rus dilində on söz belə bilmirdi, ancaq bu iki sözü deyə bilmişdi. Sonra şairin dodaqlarından öpdü. Və ikinci dəfə onun balaca, gözəl dodaqlarının arasından rus hərflərini xoşagələn tərzdə sındırıb-tökən bu söz çıxdı: - Angel!

Səhərə yaxın Aysedorayla Yesenin getdilər...”

Dunkan olanları anlaya bilmirdi. Ancaq düşünürdü ki, məhz böyük sevgilər bu cür yaranır. Yeseninin danışdığı rus dilində danışa bilməsə də, ürəklərin əlifbasının eyni olduğuna inanırdı. Aradan bir az vaxt keçəndən sonra artıq bu onun üçün əhəmiyyətsiz oldu. Şair onunla birgə ayrıca bir evə köçdü.

Yavaş-yavaş Aysedora rusca öyrənməyə başlamışdı. Onun sevdiyi kəlmə “Serqey Aleksandroviç” idi, ancaq daha çox “Mələk” sözünü işlədirdi. Yesenin isə onu “İzadora” çağırırdı.

Aysedora rəqs edir, Serqey Yesenin şeir yazırdı. Xoşbəxt idilər. Qadının qızğın, alovlu, ürəkdən gələn səmimi rəqsi şairin ağlını başından çıxardırdı. Şair hər dəfə ona baxanda Aysedoranı müdafiəsiz körpə kimi düşünürdü. Heç şübhəsiz, onları hisslər birləşdirdi...

Rusiya karyerası Aysedoranı elə də məşhur eləməmişdi. Onun gözləntiləri nəticə vermədi. Hələ anası rəhmətə gedəndə Dunkan Rusiyadan biryolluq çıxıb getməyi düşünürdü. Ancaq o Yesenindən ayrılmaq istəmirdi. Onunla birlikdə getmək üçün isə nikahı qeydiyyata almaq lazımdı. Yeni familiya Dunkan-Yesenini daşımaq lazım idi.

Xoşbəxtliyin sonu...

İki xoşbəxt ayı Parisdə keçirdikdən sonra Amerikaya getdilər. Ancaq sakit sevgi həyatı uzun çəkmədi. Dunkan şairin şeirlərini tərcümə etməyi, onu dünyaya tanıtmağı qərara alsa da, Yesenin özünü heç kimə lazım olmayan, boş biri kimi təsəvvür edirdi. Şair depressiyaya düşmüşdü.

Düşdüyü haldan çıxmaq üçün Yesenin içməyə başladı. Bu vəziyyət dəhşətli səhnələrlə dolu olan mübahisələr yaratdı...

Bir dəfə sərxoş şair Aysedoranın konsertində şuluqluq saldı. Qadın özü polisə zəng vurub şikayət etdi və Yesenini ruhi xəstəxanaya yerləşdirdilər. Şair üç gün xəstəxanada qaldı. Evə qayıdanda o, birinci dəfə öz xanımına başqa bir gözlə tamaşa etdi: cazibədar olan qadın artıq onu sevməyən qocalmış birinə çevrilmişdi.

Yesenininlə Aysedoranın münasibətləri əməlli-başlı dəyişilmişdi. Şair əvvələr qadını gözəl duyğularla xatırlayırdısa, indi dostlarına ondan giləylənirdi: “Zəli kimi adama yapışıb!” Yesenin içdikcə özündən çıxır, başqalaşır, hərdən Aysedoranı da döyürdü.

Qadın bütün bu işgəncələrdən təngə gəlib: “Mən Parisə gedirəm” deyiv ertəsi gün şələ-şüləsini yığıb Fransanın paytaxtına köçdü. Az keçməmiş Aysedora Yeseninindən teleqram alır: “Mən başqa bir qadını, xoşbəxtliklə dolu olan qadını sevirəm”. Bu sözlərlə Yeseninin nə demək istədiyi aydın idi: Aysedoranı həyatından çıxartmaq...

Onların münasibətləri anlaşılmaz, mürəkkəb bir vəziyyət almışdı. Ola bilsin, bu əsl sevgi idi. Ancaq Serqey Yeseninin qadından vaz keçməyini yozmaq, bir yerə çıxartmaq mümkün deyildi. Çox adam belə güman edirdi ki, Yeseninin amerikan rəqqasəyə olan marağı dünyaya öz yolunu açmaq üçün düşünülmüşdü. Bəlkə də burda da hardasa həqiqət parçası var idi. Onu da yalnız Tanrı bilirdi. Yalnız bircə doğru olan bu idi: onların bir-birilərinə qarşı duyduqları səmimi hisslər uzun çəkmədi...

Marienqof, şairin dostu bu anlaşılmaz anlarda israrla deyirdi ki, Yesenin Aysedoranın özünü yox, şöhrətini sevirdi: “O elə qadının şöhrətinə görə onunla evləndi. Bu evlilik nə yaşa dolmağının, nə qadının gözəl saçının, simasının olmasına görə yox, məhz buna görəydi. Aysedora iti zəkaya malik idi: zərif olduğu qədər də, cəsarətli idi. Bu qadın heç vaxt Yeseninin sevgilisi olmamışdı...”

Ölümsüz ölümlər...

1925-ci il, dekabrın 28-i rus ədəbiyyatının ən gənc ruhlu şairinin intihar etdiyi söylənilir. Ancaq bəzi araşdırmaçılar bunu qəbul etmir: əgər Yesenin özünü asmaq üçün bura gəlmişdisə, bəs nəyə görə çantasında xeyli kitab vardı? İstər intihar, istərsə də cinayət olsun, dəyişməyən bircə həqiqət vardı: Yesenin ölmüşdü...

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm