ŞOK - Bakıda kanalizasiya quyusundan 50-yə yaxın uşaq cəsədi çıxarılıb
Bizi izləyin

Qırmızı.az

ŞOK - Bakıda kanalizasiya quyusundan 50-yə yaxın uşaq cəsədi çıxarılıb

“İnsan gərək gördüyü işi sevsin. Fərq eləmir bu, kanalizasiya işi olsun, yaxud bir başqası. Hər kəs peşəsinə hörmətlə yanaşmalıdır”. Bu sözləri 55 ildir öz peşəsini sevərək yerinə yetirən “Azərsu” Səhmdar Cəmiyyətinin Su və Kanalizasiya İdarəsində çalışan Alı Aşırov bizimlə söhbətdə bildirdi.

Qismətdə quyuda ölmək varsa...

Müsahibim 1938-ci ildə Ağdaş rayonunda anadan olub. Deyir ki, 55 ildir bu işi sevərək yerinə yetirir: “Gənc yaşlarımdan Sankt-Peterburqda yaşamışam. Orada yaşayanda da kanalizasiya sahəsində çalışırdım. Hələ o vaxtlar bizim aramızda bir deyim məşhurdu: ”Kanalizasiya tutulubsa, pul gələcək. Rusiyada bir müddət işlədikdən sonra Bakıya qayıtdım. Elə həmin vaxtdan burada bu işlə məşğul oluram".

Alı Aşırov deyir ki, hər insan bacardığı işin qulpundan yapışmalıdır. Onda həm asan olur, həm də uzun müddətli: “Bu işə təzə başlayanda həyatımla risk etmişəm. Amma qorxmamışam, geri çəkilməmişəm. Düşünməmişəm ki, kanalizasiyada yaranmış bir problemi aradan qaldırmaq üçün quyuya düşərəm, geri qayıtmaram, ölərəm. Nə iş tapşırılıb, can-başla yerinə yetirmişəm. İnsanın nə zaman harada öləcəyi Allahın əlindədir. Qismətdə quyuda ölmək varsa, orada da öləsisən. Bir çoxları kimi mən də öz işimi, peşəmi sevirəm”.

Bu sahədə çalışanların çox zəhmətkeş olduğunu deyən Alı Aşırovun sözlərinə görə, onların əsas vəzifəsi sakinlərin su və kanalizasiya problemlərini həll etməkdir: “Yolda, obyektdə, evdə və digər yerlərdə su, kanalizasiya ilə bağlı problem ortaya çıxanda ”Azərsu" Səhmdar Cəmiyyətinin qaynar xəttinə məlumat daxil olur, oradan da məlumat Su və Kanalizasiya İdarəsinə ötürülür. Adamlar da çox zaman xətlərdə tutulmalardan şikayət edirlər. Biz də sahə rəisi ilə birlikdə tutulmaları ləğv etmək məqsədi ilə deyilən əraziyə gedirik.

Kanalizasiya yuyan xüsusi aparat var, onun içərisində su olur, onun vasitəsi ilə təzyiqlə su vurulur, xətlər təmizlənir. Elə də olur ki, problemlə bağlı kanalizasiya quyusuna düşmək lazım olur. Bir də görürsən cavan kadr gedir, işi yerinə yetirə bilmir, yaxud düşünür ki, quyuya düşsə həyatını itirə bilər. Bir sözlə qorxur. Mən həmin işin dalınca gedirəm, problemi həll edib qayıdıram. Harada ağır iş varsa, mən ordayam. Bu iş məsuliyyət tələb edir, mən öz işimi mükəmməl şəkildə öyrənmək üçün bütün ömrümü sərf eləmişəm.

Bunun nəticəsidir ki, harada çətinlik varsa, həmin yerə məni göndərirlər. Bəzən məni qınayırdılar ki, fəhləni çox işlədirəm, işçilər qaçırdı. Amma mən özüm bu qınaqla razı deyiləm, çünki iş vaxtında və sürətlə icra olunmalıdır. Əgər sən bir peşəni yaxşı öyrənmək istəyirsənsə, o işi sənə öyrədən insanın hər dediyini etməlisən".

Həyat yoldaşının səsinə oyanıb

Həmsöhbətim deyir ki, 55 illik iş həyatında müxtəlif xatirələri var: “Yadımdadır, yeddinci və səkkizinci mikrorayonda kanalizasiya problemi yaranmışdı. İdarə işçiləri nə qədər çalışırdılar problemi yoluna qoya bilmirdilər. Yüksək vəzifəli bir şəxs məni çağırdı və dedi: ”Həmin problemə görə əraziyə su verilmir. Bu işi yalnız sən başa çatdıra bilərsən, xahiş edirəm bunu həll et".

Dedim, mənim gözüm üstə. 12 metr dərinliyə düşdüm, orada özümü nə qədər dəmir arasına sıxıb saxlasam da ki, su məni digər quyuya aparmasın, mən yıxıldım. Bir o səsi eşitdim ki, kimsə dedi: “Alı kişi ağzı üstə yıxıl ki, ağzına su dolmasın, sağ-salamat çıxacaqsan qorxma”. Qaz vurub məni, özümü itirmişəm.

Sağ qalmağımın səbəbi yaxınlıqda nərdivan olduğu üçün orada ilişib qalmağım olub. Xilasedicilər quyuya 5 metr düşdükdən sonra onları qaz vurub və düşünüblər ki, mən çoxdan ölmüşəm. Birdən həyat yoldaşımın səsini eşitdim və ayıldım. Bu zaman bir nəfər kəndiri atdı və dedi: “Alı, belinə bağla”. Amma kəndir burnuma dəydi və qan açıldı. Məni birtəhər çölə çıxardılar. Bir həftə xəstəxanada qaldıqdan sonra yenidən öz işimi başa çatdırmaq üçün həmin əraziyə gəldim. İş bitdi, rəhbər məni bağına dəvət edib təşəkkür elədi".

“Lenin, Stalin kanalizasiyada qalıblar”

- “Deyirlər kanalizasiyalarda tez-tez qızıl tapılır. Qızıl tapdığınız olubmu?” Alı dayı gülür və bildirir ki, oxşar hadisələrlə tez-tez qarşılaşıb: “Bir dəfə yenə 12 metr dərinlikdə olan quyuya düşdüm və oranı təmizləyən zaman 4 protez diş tapdım. İstədim atam, sonra dedim niyə atıram ki... Qoydum cibimə və gətirib diş düzəldənlərə ucuz qiymətə satdım. Bir dəfə də bir torba medal tapdım. Açdım ki, medalın üstündə Leninin, Stalinin şəkilləri var. Aparıb Rayon İcra Hakimiyyətinə təhvil verdim. Bildirdim ki, ayıbdır axı, Lenin, Stalin kanalizasiyada qalıblar (gülür).

Bir yol da “Dostluq” kinoteatrı tərəfdə bir qadının evində kanalizasiya təmizləyən zaman bir torba qızılın tapdım".

“Onda gördüm ki, özünü balkondan aşağı atdı”

Quyuda olanda əlinə nə keçəcəyi, nə ilə qarşılaşacağı bilinmədiyini söyləyən həmsöhbətim əlavə edir ki, tapıntılardan danışıb gülsə də illərcə-aylarca yadından çıxmayan hadisələr olub: “Ömrü quyularda keçib. Nə qədər gülməli tapıntılarla qarşılaşsam da, bir o qədər unutmayacağım tapıntılarla üzləşmişəm: ”Bir dəfə dedilər ki, 12 yaşında bir uşaq düşüb kanalizasiyaya, onu axtarmaq lazımdır. Getdim deyilən yerə, gördüm ki, 70 metr aralıqda iki quyu var. Uşağın itkin düşdüyünü və kanalizasiyadan onu axtaracağımı unutdum. Bu quyularda problem var deyib əraziyə traktor çağırıb boruların üstünü açdıran zaman boru sındı və uşağın ayağı çıxdı. Həmin yerin yaxınlığında balkonda dayanan bir qadına səslədim ki, bacı, bir yataq ağı ver, uşağı büküm. Sən demə, bu uşaq həmin qadının uşağı imiş. Onda gördüm ki, özünü balkondan aşağı atdı. O qadının fəryadı hələ də yadımdan çıxmır".

“Onların vicdanı bunu necə qəbul edir?”

Alı Aşırov deyir ki, bəzən insanlar kanalizasiya tutulan kimi “Azərsu”un işçilərini qınayır, amma kanalizasiyanın tutulmasında onların da günahı var: “Bəzən əllərinə nə gəlir atırlar kanalizasiyaya. Mən 55 illik işimdə kanalizasiyadan 45-ə yaxın yeni doğulmuş uşaq cəsədi çıxarmışam. Uşaq doğulur, istəmirsənsə, bunun üçün uşaq evləri var, ora apar, yaxud kənar bir yerə qoy. Daha kanalizasiya yox... Hər dəfə yeni doğulmuş uşaqları oradan çıxaranda onları ora atan insanların vicdanı bunu necə qəbul edir deyə düşünürəm”.

Həmsöhbətim deyir ki, elə iş var, yarım saata bitir, elə iş də var, bir gün çəkir: “Mən öz peşəmi sevərəm, sevə-sevə də işləyirəm. Bəzən olur ki, kanalizasiya düzəldən zaman kənardan keçən insanlar burunlarını tutub tələsirlər. Amma biz öyrəncəliyik. Mən iş paltarımı geyib quyuya düşürəm və problemi həll etdikdən sonra çıxıb gedirəm evə, çimirəm təmiz paltar geyib hamı kimi oluram. İnsan gördüyü işdən peşmançılıq çəkməməlidir”.

İlhamə Əbülfət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm