Reseptlərlə bağlı yeni QƏRAR
Bizi izləyin

Qırmızı.az

Reseptlərlə bağlı yeni QƏRAR

“Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiqlənib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirliyin Kollegiya iclasının müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalar “Dərman vasitələri haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən hazırlanıb. Qərar resept əsasında buraxılan dərman vasitələrinə reseptlərin yazılmasına və aptek təşkilatlarından buraxılmasına dair tələbləri müəyyən edir.

Qaydalara əsasən, həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Resept əsasında yalnız Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri buraxılır. Bu tələb dövlət qeydiyyatından keçmiş dərman vasitələri əsasında həkim resepti üzrə aptek təşkilatlarında hazırlanan dərman vasitələrinə şamil edilmir. Dərman vasitələrinə reseptlər yalnız Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi blanklarda yazılır: “Resept blankı forması”nda, “Ödənişsiz resept blankı forması”nda, optik ləvazimatlara isə “Optik ləvazimatlara resept blankı forması”nda.

Həmin qaydaların tələblərinə uyğun olmayan reseptlər etibarsız sayılır və onlar üzrə aptek təşkilatlarından dərman vasitələri buraxılmır. Dövriyyəsinə nəzarət edilən narkotik tərkibli dərman preparatlarına və psixotrop maddələrə tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 57 nömrəli qərarı ilə müəyyən edilir.

Dərman vasitələrinə reseptlərin yazılması qaydasına əsasən, reseptlər təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibbi praktika ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən tibbi göstərişlər əsasında yazılır.

Resept dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, dozası və istifadə qaydaları qeyd olunmaqla yazılır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının olmadığı hallarda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılır. Resept blanklarında hər hansı düzəlişə yol verilmir.

Dərman vasitələrinin tərkib hissələri resept blankında latın və ya ingilis dillərində, dərman forması, hazırlanması və müvafiq buraxılış qaydaları latın dilində, reseptin siqnatura hissəsi (dərmanın istifadə edilmə qaydası) isə azərbaycan dilində yazılmalıdır.Ambulator şəraitdə müalicə alan xəstələrə resept blankında yazılmış dərman vasitəsi haqqında məlumatlar ambulator xəstənin tibbi kartasında və elektron sağlamlıq kartında qeyd edilir. Stasionar şəraitdə müalicə alan xəstələrə dərman vasitələri tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısına uyğun olaraq resept yazmadan təyin edilir. Tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısında olmayan dərman vasitəsinin xəstəyə təyin olunmasına tibbi göstəriş olduqda müalicə həkiminə dərman təyinatını tibb müəssisəsinin rəhbəri və ya onun bu məqsədlə təyin etdiyi məsul şəxslə, təcili-təxirəsalınmaz hallar zamanı isə cavabdeh növbətçi həkim ilə razılaşdırmaqla reseptin yazılmasına icazə verilir.

Bu qaydaların bəndlərinə uyğun olaraq xəstəyə təyin olunmuş dərman vasitələri barədə məlumat xəstəlik tarixinə və təyinat vərəqəsinə qeyd olunur. Dərman vasitələrinin ödənişsiz alınması üçün nəzərdə tutulan reseptlər yalnız dövlət müalicə-profilaktika müəssisələrinin həkimləri tərəfindən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş siyahıya uyğun yazılır.Dərman vasitələrinin apteklərdən buraxılması qaydasına əsasən dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılmalıdır. Ödənişsiz dərman vasitələrinin buraxılışı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ya onun yerli idarə və müəssisələri tərəfindən müəyyən olunmuş aptek təşkilatlarından həyata keçirilməlidir.

Dərman vasitələrinə yazılan reseptlərin etibarlılıq müddəti 90 gün, ödənişsiz dərman vasitələrinə isə 30 gündür. Aptek təşkilatlarında ödənişsiz reseptin əsas hissəsi 3 il ərzində saxlanılmalıdır. Saxlanılma müddəti bitən reseptin əsas hissələri arxivləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm