Azərbaycan və Rusiya gömrükçüləri görüşəcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycan və Rusiya gömrükçüləri görüşəcək

Noyabrın 26-da Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələrinin növbəti işçi görüşü keçiriləcək.

Publika.az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, görüşdə məqsəd gömrük-keçid məntəqələrində meydana çıxan problemləri yerində həll etmək və keçid məntəqələrinin işinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək və bununla əlaqədar məlumat mübadiləsini həyata keçirməkdir.

Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələri müxtəlif keçid məntəqələri üzrə gömrük əməliyyatları, gömrük nəzarətinin təşkili, qarşılıqlı yardım və əməkdaşlıq məsələləri ilə yanaşı, iki ölkə arasında kənd təsərrüfatı sahəsində mal dövriyyəsinin artımı və son günlərdə Azərbaycandan Rusiyaya daşınan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında yaranan problemlər və onların aradan qaldırılması yollarını müzakirə edəcəklər.

Hazırda Azərbaycan Respublikası ərazisində istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracının gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinin daha da sürətləndirilməsi üçün gömrük orqanlarına müvafiq tapşırıqlar verilib və görülən işlər nəticəsində malların ixrac həcminin artması müşahidə olunur.

Lakin Rusiya Federasiyasında yol vergisinə dair qəbul edilməsi nəzərdə tutulan yeni qanun layihəsinə etiraz olaraq Dağıstan Respublikası ərazisində yük avtomobillərinin sürücüləri nəqliyyatın hərəkətini dayandırıb ki, bu da öz növbəsində, Azərbaycandan aparılan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında problemlər yaradıb.

Qeyd edək ki, hazırda Dərbənd stansiyasında Azərbaycandan aparılan kənd təsərrüfatı məhsulları ilə yüklənmiş 200-dək vaqon gözləyir.

Bu problemlə əlaqədar Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Nazirlər Kabinetini də məlumatlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm