• USD 1,7000 0,00% EUR 2,0182 -0,12%
    • GBP 2,2637 +0,29% RUB 0,0223 +0,45%

“Qafqaz TV” fəaliyyətə başladı

“Qafqaz TV” fəaliyyətə başladı

Qafqaz Universitetində tələbələr tərəfindən qurulmuş qəzet və radio media şəbəkəsinə televiziya da qoşulub.

Universitetdən Publika.az-a verilən məlumata görə, “Qafqaz Televiziyası” adlanan telekanal Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən və universitetin tələbələri tərəfindən idarə olunan onlayn televiziyadır.

2015-ci ilin oktyabr ayında fəaliyyətə başlayan “Qafqaz Televiziyası”nda “İnternews Azerbaijan” ın təlimlərinə uyğun keçirilmiş “TV jurnalistikası” silsilə seminarlarında iştirak edən və müvəffəq olaraq sertifikat alan tələbələr tərəfindən xəbərlərlə yanaşı, müxtəlif mövzuda verilişlər də hazırlanır.

TV-nin baş direktoru Nəcəf Ələsgərov, baş direktorun müavini Könül Cəfərli, texniki direktor Fuad Şərbətov, icraçı direktor Rüfət Quliyevdir.

Tələbə televiziyasının texniki direktoru Fuad Şərbətov TV-nin fəaliyyəti haqda məlumat verib: “Hal-hazırda mövcud bir otağımız var və həmin otaqda həm televiziya, həm də radio otağı olaraq fəaliyyət göstəririk. Maddi və texniki baza baxımından müəyyən çətinliklərimiz təbii ki, var. Çünki bütün bunlar universitet tərəfindən qarşılanır. Ehtiyac olan avadanlıqlarımız əsasən texniki avadanlıqlardır ki, bunlara da kamera, işıq, müəyyən səs sistemləri aiddir. Və eləcə də əsas çətinliklərimiz çəkiliş şəraiti baxımından olur. Əsasən müəllimlərimizin iş otaqları və universitetimizin müəyyən tədbirlər üçün nəzərdə tutduğu otaqlar olduğu üçün dekorasiya baxımından çətinliklərimiz olur. Universitet rəhbərliyinin tv-yə daim diqqət və qayğısını hiss edirik. Tələbələrimiz də həvəslə bu işi görməyə çalışırlar və bunun öhdəsindən də məharətlə gəlirlər. TV-yayımımız hələ ki, canlı olaraq yayımlanmır. Biz çəkilişlərimizi tək-tək video halında saytımızda yayımlayırıq. Hər proqramı ayda 2-dəfə yayımlamağa çalışırıq. Televiziyamızda eyni zamanda həftəlik xəbər buraxılışı və həftəlik iqtisadi xəbərlər buraxılışı proqramları da yayımlanmaqdadır. Təbii ki, tələbələrin dərs saatlarına və qonaqlarımızın vaxtlarına uyğun olaraq çəkilişlərimizi planlaşdırırıq. Hədəfimiz yaxın günlərdə proqramlarımızı saytımızda canlı olaraq yayımlamaqdır və bu yöndə müəyyən çalışmalarımız davam edir. Yeni fəaliyyətə başlamağımıza baxmayaraq, öz sahəsində məşhur insanlar verilişlərimizin qonağı olub. Qonağımız olan məşhurların arasında elm adamları ilə yanaşı incəsənət adamları da var. Xalq artisti Flora Kərimova , gənc müğənni Günay İbrahimli və Adbul Xalid verilişlərimizdə iştirak edib. Onların iştirakı tələbələri daha da həvəsləndirir ”.

Televiziyada hazırda 6 veriliş istehsal olunur. “Sizdə nə var nə yox?” proqramı Qafqaz Universitetində təhsil alan xarici tələbələrdən bəhs edir. Bu proqrama qonaq qismində qatılan xarici tələbələr, öz ölkələri, mədəniyyətləri, adət-ənənələri, milli mətbəxləri haqqında məlumat verirlər.

“Qafqazdan dünyaya” proqramı universitetin müəllim və tələbə heyətindən bəhs edir. Proqramın hər buraxılışında Qafqaz Universitetində təhsil alan tələbələr və onların müəllimləri qonaq qismində iştirak edirlər.

“Təhsildə “Qafqaz”” proqramı Qafqaz Universitetində fəaliyyət göstərən fakültə və bölümlərdən bəhs edir. Bu proqrama qonaq qismində qatılan universitetin müəllimləri, öz ixtisasları və bölümləri haqqında məlumat verirlər.

“Müəllimləri imtahan edirik” proqramı Qafqaz Universitetində fəaliyyət göstərən professor-müəllim heyətinin həyat və fəaliyyətindən bəhs edir. Bu proqrama qonaq qismində qatılan universitetin müəllimləri, universitetin tələbələri tərəfindən onlara ünvanlanan sualları cavablandırırlar.

“Onu sən də tanı” telelayihəsi Qafqaz Universitetində təhsil alan istedadlı tələbələrdən bəhs edir. Bu proqrama qonaq qismində qatılan universitetin istedadlı tələbələri, öz bacarıq və qabiliyyətləri barədə söhbət açır, qazandıqları uğur və nailiyyətlərdən danışırlar.

“STAR SHOW Rüfətlə” Qafqaz Televiziyasında “talk show” formatında olan bir verilişdir. Bu verilişdə Azərbaycanın tanınmış müğənniləri, sənətkarları, məşhur şəxslər qonaq olur.

Universitetin müəllim və tələbələrinin də tamaşaçı kimi televiziyaya münasibəti müsbətdir.

Qafqaz Universitetinin dosenti, Dr. Sərvər Qurbanov bildirir ki, televiziyada yayımlanan iqtisadiyyat xəbərləri verilişini izləyirəm: “Bu fəaliyyət iqtisadi xəbərlərin mətbuatda yer alma formasını və üslubunu tələbələrin öyrənməsinə imkan yaradan xüsusi bir fürsətdir. İqtisadi jurnalistika mövzusunda ilkin təcrübə kimi də qiymətləndirmək olar. Bununla yanaşı, tədris dili ingilis dilində olan çox saylı iqtisadiyyat və idarəetmə bölmələrinin tələbələrinin Azərbaycan dilində iqtisadi terminlərin yaxşı öyrənməsinə şərait yaradmaqdadır. Tələbələrimizin hazırladığı, aparıcılığını və müxbirliyi ilə bağlı işləri yerinə yetirdikləri “İqtisadi Dəqiqələr” verilişi nəticəsində bir qrup tələbəmiz dərslərdən əlavə dünya iqtisadiyyatında gedən prosesləri yaxından izləmək imkanına qovuşurlar. Tələbələr hər həftə dünyada baş verən iqtisadi prosesləri izləyərək, mühüm hadisələri verilişdə işiqlandırırlar. Beləcə, tələbələr arasında iqtisadi biliyin ötürülməsi prosesi vüsət alır ki, bu da ümumilikdə tədrisin əsas elementlərindən biridir. Qafqaz TV -si müəllimlər üçün də o fürsəti meydana gətirir ki, yaxşı veriliş layihəsi olan müəllim, bir qrup tələbəni bu işə cəlb edərək, bu layihəni reallaşdıra bilər. Ümumilikdə isə “Qafqaz TV” -dəki verilişlərin tamamilə tələbələrin ixtiyarında olan, dərsdən kənar sosial fəaliyyət kimi nəzərə almaq lazımdır. İnanıram ki, iqtisadi verilişlərimizin bəhrəsi olaraq, az sayda da olsa, iqtisadi jurnalistikanı bilən kadrlar yetişəcəkdir”.

Onun sözlərinə görə, beləliklə Azərbaycan mətbuat orqanlarının kadr ehtiyacını iqtisadiyyat elmini bilən, jurnalistikadan isə ilkin anlayışları olan məzunlarımız ödəyəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR