Akademik Tofiq Hacıyev dəfn edildi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Akademik Tofiq Hacıyev dəfn edildi - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev II Fəxri xiyabanda dəfn olunub.

"Report" xəbər verir ki, dəfn mərasimində Akademiyanın işçiləri ilə yanaşı mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevlə vida mərasimi başlayıb. "Report" xəbər verir ki, vida mərasimində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, institut direktorları, elm xadimləri, ailə üzvləri və başqaları iştirak edir.

Vida mərasimində çıxış edən akademik İsa Həbibbəyli, xalq yazıçısı Anar alimin faciəvi ölümündən təəssüf hissi keçirdiklərini bildiriblər.

Atatürk Mərkəzinin sədri Nizami Cəfərov isə deyib ki, mərhumu türk dünyasında qocaların qocası adlandırırdılar: "O, milli ictimai şüuru yetişdirən, onu formalaşdıra insan idi. Onun hər bir əsəri, hər bir kitabı bir məktəbdir".

Mərhumun oğlu Azər Hacıyev hər kəsə atasına göstərilən diqqətə görə təşəkkür edib. O bildirib ki, Tofiq Hacıyev böyük alim olmaqla yanaşı, həm də gözəl ailə başçısı idi.

Vida mərasiminin sonunda akademik İsa Həbibbəyli əlavə edib ki, sabah Azərbaycan hökuməti adından Təzə pirdə mərhumun adına ehsan veriləcək.

Qeyd edək ki, akademik Tofiq Hacıyev və həyat yoldaşı Tamara Hacıyeva dünən səhər saatlarında dəm qazından zəhərlənmişdi. Hadisə nəticəsində akademik dünyasını dəyişmişdi. Onun həyat yoldaşı isə hazırda xəstəxanadadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm