• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Emosiyalarımıza necə nəzarət edək? – SÖHBƏT

Emosiyalarımıza necə nəzarət edək? – SÖHBƏT

"Can" deməklə candan can əskik olmaz,

Məhəbbət artırar, mehriban eylər,

"Çor" deməyin nəfi nədir dünyada,

Abad könlü yıxar, pərişan eylər".

Böyük ürfan sahibi, mərifət elminin bilicisi Aşıq Ələsgərin bu misralarında ifadə olunan fikirlərin elmi əsası tapılıb. Alman alimləri tədqiqatında müəyyən olunub ki, insan öz emosiyalarını düzgün idarə etsə, bundan həm özü, həm də ətrafındakılar pozitiv enerjiyə köklənməklə faydalanarlar.

Alman tədqiqatçıları test apararaq insanların pozitiv və neqativ düşüncələrinin enerjisini hers ölçü vahidi ilə müəyyən ediblər. Məlumdur ki, cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezlik 1 hersdir.

Alimlərin qənaətinə görə, Yer üzündə nə varsa, hər şey vibrasiya edir. Radio və radio dalğaları, su, planetimiz və onun atmosferi, canlılar, insanların yaratdıqları, atomlar, fotonlar və başqa nə varsa hər bir şey vibrasiyanın fərqli enerjilərindən ibarətdir. Bu vibrasiya çeşidləri tezliyinə, dalğa uzunluğuna, amplitudasına görə fərqlənir və bu sıraya insanın enerjisi də daxildir.

Gözlə görünməyən bədənlərimiz

Ezoteriklərin fikrincə, insanın varlıq olaraq yaranışı yalnız fiziki bədənilə kifayətlənmir. Əslində insanın bədəni 7 qatdan ibarətdir. Birincisi adi gözlə görünən fiziki bədəndir. Yerdə qalan bədənləri xüsusi qabiliyyətə malik insanlar görə bilir ki, bu bədənlər insanın aurası adlanır. Məsələn, altıncı hissi inkişaf etmiş ekstrasenslər insanın aurasını hiss eləmək və görmək qabiliyyətinə sahibdir.

Kobud müqayisə olsa da, rus "matryoşka"sının görkəmini göz önünə gətirsək, mənzərə aydın olar. Necə ki, "matryoşka"nın içini açdıqca bir-birindən kiçik bədənlər üzə çıxır, insan bədənləri də eləcə sferalarla bir-birindən ayrılır və bu bədənlər o qədər yüksək vibrasiya tezliyinə malikdir ki, bu səbəbdən onları gözlə görmək mümkün deyil.

Emosiyaların həddi

Alman tədqiqatçıların hesablamalarına görə, emosiyaların ən aşağı dərəcəsi "sıfır" hersdir. Sıfırdan uzaqlaşdıqca vibrasiya artır. Vibrasiyalar da öz növbəsində keyfiyyət dərəcələrinə görə fərqlənir. Yüksək vibrasiyalar yaradıcı, aşağı vibrasiyalar isə dağıdıcı qüvvə daşıyıcısıdır.

Aşağı vibrasiyanın son həddi saniyədə 26 hersdir. Bu limitdən sonra yüksək vibrasiyaya keçid olur və 205 hersə qədər dəyişir. Ona görə də vibrasiyalar siniflərə bölünür. Yaradıcı vibrasiyalar yüksək, ən yüksək, ali, dağıdıcı vibrasiyalar isə aşağı, orta aşağı, ən aşağı çeşidlərə bölünür ki, teosof alimlər bu cür vibrasiyalardan bacardıqca uzaq olmağı tövsiyə edir.

Alman tədqiqatçıların apardıqları uzunmüddətli analizlərdən belə cavab alınıb ki, ən aşağı vibrasiyada olanlar 0-dan 2,7-ə qədər, orta aşağı 2,7-dən 9,7-dək, aşağı 9,7-dən 26-dək, yüksək vibrasiyalar isə 26 hersdən 56 hersədək, ən yüksəklər 56-dan 115-dək, alilər isə 115-dən 205 hersədəkdir.

205-dən yuxarı olanlar kristal vibrasiyalar adlanır və 6-cı hissin vibrasiyalarıdır. Bu vibrasiyalar Yer üzərində 6-cı irqin adamlarına xas olur.

Şərti olaraq belə anlamaq olar ki, aşağı vibrasiyalı mənfi emosiyaların bir saniyə ərzində tezliyi o qədər zəifdir ki, hətta bir şamı yandıracaq gücə malik deyil, amma yüksək vibrasiyalı pozitiv enerji artdıqca 40 şamı, hətta ali vibrasiyalar 70-dək şamı yandıracaq qədər enerji hasil edə bilirlər.

Yer üzünü nura qərq edəcək ana məhəbbəti

İnsanların müəyyən fikirləri, emosiyaları, hissləri vibrasiyaların güclənməsinə səbəb olur.

Vibrasiyaları artıran hisslər

Vibrasiyaları aşağı salan hisslər:

Müsbət emosiyalar əsasında yaranan sevinc hissləri

Hirs hissiyyatı(hirs mənfi emosiyanın ən pis variantlardandır, həmçinin bu sıraya nifrət hissini də aid etmək olar.( Hers-lə)

Uyğun münasibət

38 hersdən və yuxarı

Kədər

2-dən 0,1-ə qədər

dünyanı olduğu kimi – etirazsız, mənfi emosiyalarsız qəbul etmək

46 hers

Qorxu

0,2-dən 2-yə qədər

Mərhəmətli olmaq

95 hers

İnciklik

0,6-dan 3,3-ə qədər

minnətdarlıq

(çox sağol)

45 hers

Qıcıqlanma

0,9-dan 3,3-ə qədər

Ürəkdən təşəkkür etmək

140 hersdən və daha yüksək

Öfkə (qəhər)

0,6-dan 1,9-a qədər

Digər insanlarla vəhdət

144 hers və daha yüksək

Mənəmlik, hirs dolu eqoizm

2,8

Şəfqət

150 hersdən və daha yüksək (amma yazıqlıq yalnız 3 hers)

Tez özündən çıxmaq, çılğınlıq

0,9

Ağılla sevmək

50 hers

Hikkələnmə

0,5 və hirs 1,4

insanları və digər yaradılışları qəlbən sevmək

150 hersdən başlayaraq yüksələn hiss (bu halda ürək çakrası açılır)

təmənnasız, qarşılıqsız məhəbbət

– 205 hers və daha çox

(Daha ətraflı bu mənbədə: http://planeta.moy.su/blog/vysokie_vibracii_i_nizkie_v_nekotorykh_podrobnostjakh/2013-12-30-72730)
Ezoteriklər bildirir ki, analar övladlarına qarşılıq istəmədən bəslədiyi 205 herslik şərtsiz məhəbbətlərini bütün insanlara yönləndirə bilsəydilər batini aləmdə Yer üzü nura qərq olardı.

İnsan öz emosiyalarına necə nəzarət edə bilər?

Yazıçı, ezoterika sahəsi üzrə tədqiqatçı İsgəndər Tağıyev bizimlə söhbətində bildirdi ki, insan öz mənəvi aləmini batini elmlərlə nə qədər zənginləşdirərsə, o qədər yüksək vibrasiyaya yiyələnmiş ola bilir: "İnsan və başqa yaradılışlar enerji daşıyan olduqları üçün onlar vibrasiyalar selindən təşkil olunublar. Bu vaxtadək insanın yaranışı üçün iki nəzəriyyə məlum olub: elmi və dini. Amma indiyədək dünya ictimaiyyətinə tam şəkildə açıqlanmayan, gizli saxlanan üçüncü nəzəriyyə də var. Bu nəzəriyyə haqda informasiyalar şumerlərin dövründə də mövcud olub, sadəcə, okkultik elm olduğundan gizli saxlanıb".

Batini nəzəriyyə

Nədir bu nəzəriyyə?

İsgəndər Tağıyev: "Məlumdur ki, zahiri dini nəzəriyyəyə görə insan torpaqdan yaranıb, Allah-təala o torpağa ruh üfürərək can verib. Ənənəvi elmi nəzəriyyəyə - Darvinizmə görə, insan meymundan əmələ gəlib.

Amma üçüncü nəzəriyyə də var. Həmin nəzəriyyə insan və insanlığın kosmik sistemlə bir yerdə əbədi olduğunu deyir. Son 50-60 ildə bu nəzəriyyə haqda məhdud olsa da informasiyalar verilib və gizli şəkildə inkişaf etmiş ölkələrdə tətbiq olunub. Sadəcə, bu gün zərurət yarandığına görə dünyaya geniş açıqlanır, çünki Yer üzünün və bəşəriyyətin nicatı pozitiv enerjidədir".

Ezoterik bildirdi ki, insanın əbədi olması barədə aparılan arxeoloji qazıntılar və faktlar da var: "Mağaralardan, şaxtalardan 1 milyard, 500 milyon ildən çox yaşda tapılan, insan zəkasının, əməyinin məhsulu olan alətlər buna sübutdur".

Avam, xas, övliya, ənbiya

Tədqiqatçının sözlərinə görə, batini bilgilərdə qeyd olunub ki, bütün bəşəriyyət 4 şüur təbəqəsinə bölünür: avam, xas, övliya və ənbiya. Əvvəlki iki səviyyə aşağı, Yerin təkinə doğru yönəlmiş səviyyədir, sonrakı iki səviyyə isə yüksək səviyyəli şüur təbəqəsidir və üzüyuxarı yönələrək inkişaf edir. Hazırda biz aşağı səviyyədən yuxarı səviyyəyə keçid mərhələsindəyik ki, buna Zühur dövrü də deyilir.

Ezoterikin fikrincə, yeni mərhələnin insanı artıq ənənəvi zahiri biliklərə deyil, batini biliklərə əsaslanır: "Batini bilgilərə görə, enerjili varlıq olaraq insanın bədəni 7 sahədən ibarətdir. Fiziki bədəndən başqa gözlə görünməyən 6 sahə də var ki, bu sahələrlə insanı çakra sistemləri bağlayır. 7 çakra ilə əlaqəli insanın bədəni efir, astral, mental (fikir bədəni), kauzal, butxi (qəlb bədəni) və atmandır ki, buna həm də ruh səviyyəsi deyilir.

Necə ki, insanın 7 bədəni var, elə də yer planetinin 7 qlobusu var. Teosof bilgilərə görə, hazırda biz 4-cü qlobusdan 5-ci qlobusa keçid mərhələsindəyik".

Pozitiv fikir, pozitiv hissiyyat, pozitiv söz, pozitiv əməl

İsgəndər Tağıyevin sözlərinə görə, insan fikir bədənini hər an nəzarətdə saxlamalıdır: "Pozitiv fikir, pozitiv hissiyyat, pozitiv söz, pozitiv əməl. Bu 4 prinsipə əməl etmək üçün şüurumuzu sevgi ilə idarə etməliyik. O zaman insan heç vaxt xəstələnməz, pozitiv düşüncələr içərisində daim gümrah və gənc qalar. Amma bunu insan o qədər ciddi nəzarətdə saxlamalıdır ki, emosiyalarına düzgün idarə edə bilsin.

Hər bir insanın iki əsas enerji potensialı var: şüur aspekti və məhəbbət aspekti. Şüur aspekti bizim mental hərəkətlərimizlə, məhəbbət aspekti emosiya və hissyyatlarımızla bağlıdır. Ona görə kişilər şüurla yaşayır, qadınlar emosiya ilə. Bu baxımdan emosiyaların düzgün idarə olunmasına daha çox qadınlar diqqət etməlidirlər. Bu səbəbdəndir ki, ən yüksək enerji ana sevgisidir. Ana sevgisi, sanki qaranlıq tunelin sonunda işıqdır. Burda da bir məsələyə toxunmaq istərdim. İstər balaya, istər anaya ilahi eşqlə bağlanmaq olmaz. Prinsip belədir: sev, amma bağlanma. Təkcə bir qüvvəyə bağlanmaq olar, o da Allahdır".

"Mən Allahın nuruyam"

Tədqiqatçı bir məsələyə də diqqət çəkdi. Bildirdi ki, Yer üzünə bütün dinlərdə kamil insan obrazı var, onlara istər nəbi deyilsin, istər sufi və sair. Belə insanların ruhu elə səviyyədə inkişaf edib ki, onlar kosmik informasiya almaq imkanına malik olub: "İndiki mərhələdə minlərlə belə insan var. Müasir dövrdə onlara "çernel" də deyilir, ingilis sözüdür, anlamı "kanal" deməkdir.

Hər bir insan kanal funksiyasını yerinə yetirə bilər. Amma o halda ki, onların qəlbi nəfsdən azad olsun. Əslində, bu mənəvi dəyər bütün dinlərdə də var: "Nəfsdən azad ol". Nə qədər ki, qəlb qaranlıqdı, yəni nəfslə doludu, o zaman ruhun öz şəxsiyyəti ilə əlaqəsi kəsilmiş olur.

Məhəmməd Peyğəmbər "cihadı-əkbər" deyəndə məhz insanın nəfsinə qalib gəlməyini nəzərdə tutub. Nə zaman ki, insan "cihadi-əkbər"ə nail olur, o zaman insana ilahi biliklər və sair imkanlar gəlir.

Hazırda gün ərzində insan min dəfə sidq-ürəklə "Mən Allahın nuruyam" və bu kimi pozitiv sözlər işlətsə, bu pozitivliyi qəlbən hiss etsə, o zaman onun fikir bədəni 3 metrdən 6 metrə və daha çox məsafəyə kimi böyümüş olar".

Ezoterik dedi ki, Azərbaycan şərqlə qərbin kəsişdiyi coğrafi məkanda yerləşdiyinə görə, bu məkanda pozitiv enerjilərin harmoniyası var: "Azərbaycan pozitiv və neqativ enerjini balanslaşdıran məkandır. Yetər ki, bu coğrafiyanın insanları pozitiv fikir, pozitiv hissiyyat, pozitiv söz, pozitiv əmələ sahib ola. Yaxşı olardı ki, hər bir evdə alman alimlərin açıqladığı neqativ və pozitiv enerjinin siyahısı asılsın. Hər gün o siyahıya baxıb özümüzü və övladlarımızı pozitivliyə kökləyək.

Əgər övladımıza başa salsaq ki, sən hər gün Yaradanına şükür etsən, ətrafındakılara mərhəmətli, ədalətli, xeyirxah olsan, sənin bu enerjin şərti olaraq, misal üçün 40 şamdan 70-dək şamı yandıra bilər, amma naşükür, paxıl, qəzəbli olsan heç bir şamı da yandıracaq gücün olmaz. Uşaq yaşlarından övladlarımıza şükranlığı, mərhəməti, sevgini aşılasaq, onların mənfi emosiyalarla böyüməsinə yol verməsək, öz emosiyalarımı düzgün idarə edə bilsək, o zaman Azərbaycan nəhəng pozitiv enerji mənbəyinə çevrə bilərik".

Sevil HİLALQIZI

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR