İki həftədə toksikoman və dilənçi oldular - Küçəyə atılan qardaşların AQİBƏTİ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İki həftədə toksikoman və dilənçi oldular - Küçəyə atılan qardaşların AQİBƏTİ - FOTOLAR

Atalarının məhkumluq həyatı yaşadığını, anaları tərəfindən küçəyə atıldıqlarını iddia edən iki yeniyetmə qardaşın paytaxtda zibillikdə yaşaması haqda xəbər vermişdik. Bildirmişdik ki, 12-14 yaşlarında olan qardaşlar iki həftədən çoxdur, “Əhmədli” metrostansiyasının yaxınlığında, avtobus dayanacağının bir neçə metrliyindəki zibil qutularında yatırlar.

Uşaqların sonrakı aqibəti ilə maraqlanmaq üçün Publika.az-ın əməkdaşı həmin əraziyə baş çəkərək onlarla söhbətləşib.

Adını Ruslan kimi təqdim edən oğlan bildirib ki, evləri Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindədir. O, yenə iddia edib ki, bir neçə həftə əvvəl anası tərəfindən kiçik qardaşı ilə birlikdə evdən qovulub.

Atasının həbs edildiyini, anasının onlara baxmadığını, axırda da evdən küçəyə atdığını deyən Ruslan günlərdir küçələrdə gecələdiklərini bildirir: “Bizə heç kim baxmır. Evdə ac qalırdıq. Atam türmədədir, anam isə evdən qovub. Deyir, gedin öz başınızı dolandırın. Anam onsuz da bizə baxmır. Buna görə də əlacsız qalıb bura gəlmişik”.

Əynində nimdaş paltar, ayaqlarında nəinki ayaqqabı, heç corab da olmayan yeniyetmə üşüdüklərini, yatmağa yerləri olmadığından hər gün zibillikdə gecələdiklərini, bu üzdən sığınacaq istədiklərini dilə gətirdi.

Ruslan deyir ki, qardaşı ilə gündüzlər ərazidə gəzirlər: “Familiyamı unutmuşam. Atam çoxdan tutulub. Neçə vaxt olar... Yeməyə heç nəyimiz yoxdur, ac qalırıq. İsti paltarımız da yoxdur… Qardaşım da buralardadır. Gecə burda (avtobus dayanacağının yanındakı zibil qutularını göstərir) yatırıq”.

Onu nə qədər söhbətə tutmaq istəsək də, ətraflı söhbət etmədi. Daha doğrusu, edə bilmədi. Çünki buna halı yox idi. Ayaq üstə çətinliklə duran, yuxulu gözlərini tez-tez yumub açan yeniyetmənin cümlələri güclə düzüb-qoşması onun həm fiziki, həm də psixi vəziyyətinin pis olduğunu açıq-aydın göstərirdi.

Üstəlik, dedikləri də bir-birini təkzib edirdi. Bir neçə gün əvvəlki söhbətində Qubadan Bakıya gəldiklərini demişdi, indi isə əslən Qazax rayonundan olduqlarını söləyir...

Ərazidə yaşayan sakinlər, habelə söhbətləşdiyimiz taksi sürücüləri azyaşlıların psixi vəziyyətlərinin bir neçə gün əvvəlkindən xeyli fərqli olduğunu dedilər.

Yeri gəlmişkən, bir neçə gün əvvəl təqdim etdiyimiz videogörüntüdə də uşaqların psixoloji durumunun normal olduğu sezilir.

Bir sözlə, Ruslanı söhbətə tutmaq, ailəsi barədə ətraflı məlumat almaq cəhdlərimiz nəticə vermədi. O, suallarımıza ətraflı cavab verməkdən imtina etdi. Üstəlik, suallarımızdan əsəbiləşdi də. Sonra isə aralanıb yaxınlıqdakı dükanlara üz tutdu. Lakin hansı mağazaya daxil olurdusa, qovurdular...

Bundan sonra zibillikdən tapıb gətirdiyi qutunu yerə qoyub üstündə oturdu. Gözləri yumulur, əlləri əsirdi. Kiçik qardaşı isə ərazidə görünmürdü...

Əhmədli sakinləri ilə söhbətimizdə yeniyetmənin ayaq üstə çətinliklə dayanmasının səbəbini öyrəndik. Məlum oldu ki, azyaşlılar pis vərdişə aludə olublar. Son günlər qaz və yapışqan (“kley”) iyləməyə başlayıblar. Zibilliyə atılmış qaz balonlarının içində qalan qazı iyləyir, bundan sonra keyləşirlər. Artıq o qədər qaz iyləyiblər ki, Ruslan boynunu əyib gəzir, heç nədən əsəbiləşib qışqırır.

Sakinlərdən biri deyir: “Bu uşaqlar bir qədər əvvəl də burda idilər. Toy maşınları karvanlarının qarşısını kəsirdilər. Bəzən elə olurdu, özlərini atırdılar gəlin maşınlarının qarşısına ki, pul versinlər. Neçə dəfə, az qalıb, maşın bunları vursun. Post-patrul xidmətinin əməkdaşları onları ərazidən uzaqlaşdırsa da, bir qədər sonra yenidən qayıtdılar”.

Ətrafdakılar bildirir ki, son günlərə qədər dilənməyə meyilli olmayan uşaqlar indi tamam dəyişiblər. Onlar -xüsusən də Ruslan qarşısına çıxan hər adamdan pul istəyir.

Sakinlər də uşaqların gecələr zibil yeşiklərinin içində yatdıqlarını deyirlər: “Zibil qutularına atılmış kağızları, kartonları yandırır, onun istisinə qızınırlar. Hərdən elə uzanıb yerdəcə yatırlar”.

Taksi sürücüləri isə bildirdilər ki, artıq iki gündür balaca qardaş ərazidə görünmür: “O, iki gündür yoxdur. Neçə dəfə öyüd-nəsihət versək də, bu yoldan çəkinmədilər. Onlar yalan danışırlar. Anaları evdən qovmayıb. Bir-iki dəfə orta yaşlı qadın gəlib onları burdan aparmaq istədi. Deyəsən, anaları idi. Amma uşaqlar razılaşmadılar. Deyəsən, bir böyük qardaşları da var. Lakin o, buralara gəlmir”.

Sürücülərin sözlərinə görə, onlar qaraçı deyillər: “Çünki qaraçılar heç vaxt uşaqlarını gecələr küçələrdə qoymurlar. Diləndirib, sonra aparırlar. Bunlar, deyəsən, həm də yapışqan iyləyirlər. Soruşanda da deyirlər ki, bunu qızınmaq üçün edirik. Bihuş olub uzanırlar”.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən isə bildirdilər ki, “Əhmədli” metrostansiyasının yaxınlığında, habelə Əhmədli qəsəbəsində dilənən iki yeniyetmə ilə bağlı onlarda ətraflı məlumat yoxdur: “Bölmə tərəfindən həmin ərazidə tez-tez reydlər keçirilir və dilənçiliklə, avaralıqla məşğul olanlarla bağlı protokol tərtib edilərək barələrində müvafiq tədbirlər görülür. Lakin həmin uşaqlarla bağlı bizə hər hansı məlumat daxil olmayıb”.

Bölmədən onu da bildirdilər ki, əgər hər hansı təşkilat uşaqları sığınacağa yerləşdirmək üçün polisə müraciət etsə, kömək göstəriləcək.

Anar Tağıyev

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm