Odla su arasında… Sağ qalanlar DANIŞDI - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Odla su arasında… Sağ qalanlar DANIŞDI - FOTOLAR

- Hər şey bir anda oldu. Sağ qalacağımıza inam çox az idi, bir tərəfdə od, bir tərəfdə su. Nə edəcəyimizi bilmirdik…

“Günəşli” faciəsindən xilas olan neftçilər ancaq bu qədər danışa bilirlər. Sonra səs titrəyir, gözlərindən qeyri-ixtiyari yaş süzülür… Ortalığa çökmüş sükutun ağırlığı bizi də əzdiyindən deməyə söz tapa bilmirik. Handan-hana müsahiblərimiz toxdayıb sözlərinə davam edirlər...

Özül rəisi Allahverdi Məmmədov baş verənləri xatırlayarkən qəhər onu boğurdu:

“Özülün şimal hissəsində boru kəməri qırıldı, ardınca da partlayış oldu. Şimal-qərb küləyi əsdiyindən alov qısa zamanda bütün platformanı bürüdü. Alovun qarşısını almaq mümkün deyildi. İlk növbədə 63 nəfəri sakitləşdirmək lazım idi. Hamını toplanma məntəqəsinə yığdıq. Su çiləmə sisteminin açılması və quyuların bağlanması mümkün deyildi, alov isə hər saniyə yaşayış blokuna yaxınlaşırdı. Hadisə baş verən kimi rəhbərliyə məlumat verdim. Onlar özülə daxil olan bütün kəmərləri bağladılar. Lakin ən qısa zamanda oradan xilas olmaq lazım idi. Cənub istiqamətindəki xilasedici qayıqlara minməyə çalışdıq. Ancaq tüstü bizi boğduğundan şimaldakı qayıqlara mindik. Hamını iki xilasedici qayığa mindirdik. Ən axıra təhlükəsizlik mühəndisi Mahalla mən qalmışdım.

Qayıqları müəyyən bir səviyyəyə qədər endirdik...

Hərə bir yolla xilas olmaq istəyirdi. Hətta özlərini dənizə atmaq istəyənlər də var idi. Onları fikrindən daşındırmaq çox çətin idi. Hamıda həyəcan və qorxu var idi. Tez-tez rəhbərliklə danışıb, nəticələr barədə onlara məlumat verirdim ki, xilas olacağımıza inansınlar. Çünki danışıqlarda rəhbərlik bizə ümid verirdi. 11 ildir dəniz şəraitində işləyirəm, dalğaların bu yüksəkliyə qalxdığını heç vaxt görməmişdim. Hamı qayıqda idi. Xilasedici gəmilər də gəlmişdi. Amma hava şəraiti onların yaxınlaşmasına mane olurdu. Onların həmin anda platformaya yaxınlaşması daha böyük fəlakətə səbəb ola bilərdi. Hər dalğa bizi estakadaya çırpırdı. Hər dəfə də bir nəfər xəsarət alırdı. Bir anda külək bizim qayığı iki borunun arasına atdı, digər qayıq isə aşdı...

Bütün yoldaşlarımızın xilası üçün əlimdən gələni etdim. Amma tale belə gətirdi. Onları itirmək bizim hər birimiz üçün ağırdır.

Zəng edib nə deyəcəkdim ki!?

O an ailəmlə danışmaq ağlıma belə gəlmirdi. Həm də zəng edib nə deyəcəkdim ki!? Ölürəm!? Onları həyəcan içində qoya bilməzdim”.

Xilas olacaqlarına ümid azaldığı bir vaxtda Fövqəladə Hallar Nazirliyinin helikopterləri görünüb. Bu, onların inamını daha da artırıb:

“Helikopterlər ilk cəhddə enə bilmədi, platformada yanğın sönməmişdi. Yanğın bir az səngidikdən sonra bizi xilas etdilər”.

Partlayış səsi eşitdik

Mərdan Rəcəbov deyir ki, həmin anları təsəvvür edəndə möcüzə nəticəsində xilas olduğunu bir daha dərk edir:

“Həmin gün güclü külək olduğuna görə işləmirdik. Saat 6 radələrində partlayış səsi eşitdik. 10 dəqiqə keçməmişdi ki, hər tərəfi tüstü bürüdü. Bizə təxliyə olunmağı məsləhət gördülər. Külək şimaldan əsirdi, amma tüstüdən cənub tərəfdəki xilasedici qayıqlara minə bilmədik…

Özümə gələndə…

Qəfildən külək bizi platformanın altına saldı. O vaxt yaralandım. Özümə gələndə nəfəs ala bilmirdim, qabırğalarım sınmışdı. Yaxşı ki, qayığın kanatları sınmadı, o sınsaydı, sağ qala bilməzdik. O biri qayıq batmışdı, platformada yanğın idi, biz çarəsiz idik, xilas olacağımıza inam çox az idi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bizə kömək etdilər”.

Elə bildim ölmüşəm…

Hər şeyin bir anda olduğunu deyən Rəşid Hüseynov orada keçirdiyi həyəcanı sözlə ifadə edə bilmir:

“Partlayış, yanğın... Xilas olmağımız möcüzə idi. Cənub tərəfdən çıxa bilsəydik, bu qədər itki olmazdı. Amma külək tüstünü o tərəfə apardığından, şimal tərəfi seçmək məcburiyyətində qaldıq. O biri qayıq bizimkini platformaya çırpdı. Həmin ərəfədə yaralanmışam. Özümə gələndə ətrafımdakıları tanıya bilmirdim. Elə bildim ölmüşəm. Başımdan zədə almışam. Qayıqda yeganə bir qadın var idi. Səhərə qədər dua etdi. İndi də itkin düşən yoldaşlarımızın tapılması üçün dua edirik”.

Qayıqdakı yeganə qadın

Platformadakı yeganə qadın Məlahət Əliyeva o an üç övladını düşündüyünü, ancaq onlara xəbər verməyə özündə cəsarət tapmadığını deyir:

“18 saat boyunca dua etdim. Yoldaşlarıma dəstək olurdum ki, mən qadın olaraq dözürəmsə, onlar da xilas olacaqlarına inanmalıdırlar. Uşaqlarıma zəng etmədim, çünki xilas olmaya bilərdim. Onları da həyəcanlandırmaq istəmirdim. Bundan sonra, yəqin ki, heç vaxt dənizdə işləyə bilmərəm. Onurğa fəqərələrim zədələnib, bir neçə ay yataq şəraitində qalmalıyam. Ayağa qalxandan sonra mənə quruda iş imkanı yaratmalarını xahiş edəcəm”.

Parçalanan qayıqdan xilas olanlar

Qayıqların birindən hər kəs xilas olsa da, digər qayıqda isə ancaq iki nəfərin bəxti gətirib. Parçalanan qayıqdan xilas olan Anar Əliyev yapışdığı kəmərin həyatını xilas etdiyini deyir:

“Yuxarıda alov, aşağıda su və şahə qalxan dalğalar. Dalğalar çox güclü idi, bizi platformaya çırpırdı. Dəfələrlə dalğa bizim qayığı platformaya çırpdı. Axırda qayıq parçalandı, dənizə düşdük. Orada qayığın parçaları var idi. Həmin parçalardan birinin üstünə çıxıb, kəmərdən yapışdım. Dənizdən çıxanda elə o parçanın üstündəydim. Bir parçanın üstündə 7 nəfər idi. Yavaş-yavaş biz uzaqlaşdıq, o biri parçanı da itirdik. Onların taleyindən xəbərim olmadı. Növbəti dalğada zədələnib huşumu itirdim. Özümə gələndə elə bildim ki, gəminin altındayam. Səs gəldi: “Dayı, ipi tut”. O ip mənim həyatımı xilas etdi.

Mənimlə bərabər bir nəfər xilas oldu. Bir nəfərin də cəsədi çıxdı”.

Fikrimdə ancaq sağ qalmaq idi

Digər dənizçi Mais Abbasov həmin anda dalğanın onları hara vurduğunu, necə xəsarət aldığını xatırlamır:

“Elə bir vəziyyət idi ki, nə baş verdiyini dərk edə bilmirdim. Fikrimdə ancaq sağ qalmaq idi. 21 ildir dənizdə işləyirəm. Dəfələrlə tufan olub. Amma beləsi olmayıb. Çox dəhşətli idi...”

18 saat yaxınlarının suyun-alovun içindən xilas olmasını gözləyən insanlar indi də xəstəxana dəhlizlərində keşik çəkirlər. Yaxınları həyat uğrunda mübarizə aparanda keçirdikləri hissləri bizimlə bölüşdülər.

Məlahət Əliyevanın qardaşı Zakir Əliyev:

“Özüm də neftçiyəm. Hadisə baş verəndə Neft Daşlarında idim. Oradan baxanda yanğını görmək olurdu. Amma bacımın telefonuna zəng çatmırdı. Bir müddət sonra onun sağ olması barədə məlumat aldıq. 18 saat intizarla gözləmək çox çətin idi”.

Gülxar Şərif

İlhamə Əbülfət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm