"Kütləvi çıxarış" kampaniyası İsmayıllıda - FOTO
Bizi izləyin

Qırmızı.az

"Kütləvi çıxarış" kampaniyası İsmayıllıda - FOTO

Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyası çərçivəsində növbəti tədbirini İsmayıllı rayonunda keçirib. Kampaniyada əvvəllər müxtəlif qurumlar tərəfindən verilmiş qeydiyyat vəsiqələri, aktlar, şəhadətnamələr, əmrlər və digər mülkiyyət sənədləri əsasında kütləvi şəkildə çıxarışlar təqdim olunub.

Komitədən verilən məlumata görə, İsmayıllı rayonunun bir neçə kəndində baş tutan kampaniyada 80-ə yaxın kənd sakininə dövlət reyestrindən çıxarış verilib, 30-a yaxın vətəndaşdan ilkin mülkiyyət sənədi qəbul edilib. Kampaniyanın məqsədi qeydiyyat xidmətlərini vətəndaşlara birbaşa yerlərdə çatdırmaqla bu xidmətlərdən daha geniş əhali kütləsinin səmərəli istifadəsini təmin etməkdir.


Xatırladaq ki, kampaniya regionlarla yanaşı, Bakı şəhərində də keçirilir. Paytaxtda yerləşən çoxmərtəbəli binalardakı mənzil sahibləri də kampaniyadan faydalana bilir. İndiyədək bu cür tədbirlər Abşeronda, Bakının Səbail, Sabunçu və Xətai rayonlarında baş tutub.


Bakı şəhərində kampaniya Azərbaycan Respublikası Prezidentinin 13 yanvar və 30 oktyabr tarixli daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müvafiq fərmanlarının icrası məqsədilə həyata keçirilir. Həmin fərmanlarla təsdiq olunmuş daşınmaz əmlakın qeydiyyatı üçün əsas hesab olunan mülkiyyət sənədlərinə uyğun olaraq kütləvi çıxarışlar təqdim olunur.


Qeyd edək ki, kampaniya müddətində dövlət reyestrindən çıxarışlar vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunur. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd rahatlıq və çevikliyi təmin etmək və vaxta qənaət etməkdir. Eyni zamanda, bildirək ki, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də həyata keçirilir. Kampaniyadan faydalanmaq istəyən vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə və ya Xidmətin müvafiq ərazi idarəsinə müraciət edə bilər.


Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edən bu kampaniyanı respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdirəcək. Kampaniyanın davamlı həyata keçirilməsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun artması və vətəndaşların sosial durumunun daha da yaxşılaşdırılmasına xidmət edir.


Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində son illərdə bir sıra mühüm nailiyyətlərə imza atıb. Belə ki, qeydiyyat prosedurları sadələşdirilib, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı müddətlər qısaldılıb. Elektron, onlayn və SMS xidmətlər istifadəyə verilib. Müasir ərazi qeydiyyat idarələri, tam əlverişli və yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Elektronlaşdırma və sadələşdirmə tədbirləri qeydiyyat sahəsində şəffaflığın və operativliyin daha da yüksəlməsini təmin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm