• USD 1,7000 0,00% EUR 2,0567 0,00%
    • GBP 2,3990 0,00% RUB 0,0236 0,00%

“Dördayaqlı əsgər”lərlə bir gün: FHN-in Kinoloji Taborundan REPORTAJ – FOTOLAR/VİDEO

“Dördayaqlı əsgər”lərlə bir gün: FHN-in Kinoloji Taborundan REPORTAJ – FOTOLAR/VİDEO

... “Kaştan” uşaqlıqdan evimizin sevimlisi idi, gözümü açıb onu görmüşdüm. Yəni, körpəlikdən heyvanlara sevgim var idi. Sonradan Çingiz Aytmatov heyvan sevgimin üzərinə nəhəng ümman gətirmişdi. Bir çox yazıçıların insan faciəsini yazmaqda çətinlik çəkdikləri zamanda bu yazıçı bizə canavarın faciəsini göstərə bilmişdi. Oxuduqca, anlayırsan ki, heyvan da canlıdır, o da nəfəs alır, o da yaxşını-pisi seçir, o da sevir, o da dərd çəkir…

Kinoloji Tabordan reportaj hazırlamaq üçün gedəcəyimi biləndə yadıma uşaqlıq dostum “Kaştan” düşdü və yol boyu beynimin qaranlıq küncündə qalmış xatirələri bir-bir vərəqlədim...

“Dördayaqlı əsgərlər”

Onları “dördayaqlı əsgərlər” də adlandırırlar. Bizim “Kaştan”ımızdan bir az daha böyükdürlər. Bizi bu qəhrəmanlarla Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətində Kinoloji Taborun komandiri, polkovnik Rafiq Hüseynov tanış etdi. Ömrünün 40 ilini itlərə həsr etmiş Rafiq müəllimdən öyrəndik ki, burada hər itin öz missiyası var: “Hazırda taborda 37 it var. Onlar insan axtarışı, partlayıcı maddənin aşkar edilməsi, narkotik axtarışı, cəsəd axtarışı üzrə ixtisaslaşıblar. Əvvəllər təlimlərdə balaca itlərdən istifadə olunmurdu. Türkiyənin Van vilayətində baş verən güclü zəlzələdən sonra qərara gəldik ki, mütləq balaca itlərdən istifadə etmək lazımdır. Zəlzələlər zamanı dəliklər balaca olur və armaturların əyilməsi, xilasedicilərin köməyi ilə əlaqədar vaxt itkisi yaranır. Ona görə balaca itlərdən istifadə edirik. Onlar bizim həm gözümüz, həm də qulağımızdır. Balaca kəşfiyyat itlərinin üzərində kamera olur. İtin üzərindəki kameradan orada neçə yaralı olduğunu müəyyən edirik, sonra ikinci iti göndəririk. Onun üzərində dərman ləvazimatı, su, əlaqə vasitəsi olur. Həm də itin üzərində olan kamera vasitəsilə psixoloqumuz zərərçəkənlə əlaqə yaradır”.

Hadisə yerində ilk kəşfiyyat böyük itlərlə aparılır, əraziyə ümumi baxış keçirilir, sonra balaca itlər göndərilir. Amma balaca itləri öyrətməyin də öz çətinlikləri var. Belə ki, əgər böyük itləri 3-4 aya axtarışa öyrətmək olursa, balacalar bir qədər çılğın olduqlarından, təlimə bir il vaxt lazım gəlir. Həm də böyük itlərin iybilmə qabiliyyətləri balacalardakından çox güclüdür. Burada itin düzgün seçilməsi də rol oynayır.

R.Hüseynovun sözlərinə görə, it seçərkən ilk növbədə onun psixikası yoxlanılır, tələb olunur ki, it yeməyə meyilli olmasın, qorxaqlığı olmasın və cəld olsun.

Kiçik arayışdan sonra təlim meydançasına yollandıq. R.Hüseynov bizə təlimi izləmək üçün hər cür şərait yaratmaqla bərabər, həm də itlərlə tanış etdi. Taborda olan itlərin hamısı cins itlərdir. FHN-də bu xidmət yaradılanda 9 it alınsa da, daha sonra damazlıq itlər alınaraq inkişaf etdirilib. Hazırda burada Alman Ovçarkası, Labrador, Spaniel, Parson itləri var. Parsonlar tülküaxtarandır. Elə bu xüsusiyyətlərini əsas götürən mütəxəssis tülkünü axtaran itin insanı da axtara biləcəyini düşünərək onları təlimə cəlb edib. Heç yanılmayıb da.

Taborda yerli cins itlərin olub-olmaması ilə də maraqlandıq: “Hazırda bizdə 6 cins it var. Fikrimiz var ki, qoruyucu itlər kimi öz yerli çoban itlərimizdən istifadə edək. Azərbaycanın cins itləri ancaq çoban itləridir. Onların iqlimə görə 4 növü var və çox sadiq itlərdir. Onlar qoruyucu itlər sayılır. Əfsuslar olsun ki, bəzi qonşularımız it cinslərimizi də öz adlarına çıxırlar. Mən beynəlxalq hakiməm, ona görə də onlara yerindəcə faktla cavab verirəm. Deyirəm ki, siz əsrlər boyu donuz yemisiniz, bu itlər isə donuz deyil, qoyun otarıblar”.

R.Hüseynovdan öyrəndik ki, istənilən itə təlim keçmək olar, amma itin xüsusiyyətlərini bilmək lazımdır. Sən demə, insanlar kimi, itlər də 4 temperament - melanxolik, sanqvinik, fleqmatik, xolerik tipinə bölünürlər. Ümumi təlimi hamısına öyrətmək olsa da, bəzi nüanslar var ki, bunu bütün itlər götürmür. Məsələn, fleqmatik “otur”, “dur”, “gəl”, “get”, “gətir” əmrlərini icra edə bilər. Qapı döyüləndə bu it hürür, amma içəri kimsə daxil olanda qorxur və geri çəkilir.

Söhbət əsnasında öyrəndik ki, tabor komandirinin yalnız özünə aid olan təlim metodları var. Ona görə, it təliminin 3 əsas şərti var: itə məhəbbət, qayğı və onunla işləmək üçün lazım olan səbir. Dediyinə görə, səbirsiz insan təlim keçə bilməz, çünki 5-10 metrdən komanda vermək heç də asan başa gəlmir.

Tutdusa, çeynəyəcək...

Taborda məni maraqlandıran bütün suallara yavaş-yavaş cavab tapıram. Məsələn, cinayətkar onun arxasınca düşmüş itlə dil tapa bilərmi? Yəqin ki, R.Hüseynovun cavabı hamı üçün maraqlı olacaq: “Cinayətkar iti azdıra, iybilmə qabiliyyətini zəiflədə bilər. Tutaq ki, sərhəd qoşunları itini cinayətkarın arxasınca yollayırlarsa, o, itə heç nə edə bilməz. İt mütləq onu tutacaq. Cinayətkar itə xəsarət yetirə bilər, amma onunla ünsiyyətdə ola və ya təsir edə bilməz. Xolerik tipli itlərə əgər körpəlikdən biri baxırsa, ona ikinci bir şəxs yaxınlaşa bilməz. Əgər o, cinayətkarı axtarırsa, onun mükafatlandırılması həmin şəxsi çeynəməsi, tutmasıdır”.

Verilən tapşırığı uğurla icra edən iti iki cür mükafatlandırma forması var -yemək və ya topla. Bu kinoloji taborda isə itlər yeməklə mükafatlandırılmır. İtin sevimli mükafatının top olduğunu biz də müşahidə etdik. Təlim vaxtı topu qazanmış it onu ağzından buraxmaq istəmirdi. Mütəxəssislərdən öyrəndik ki, sən demə, itlər təlimlə real şəraiti ayıra bilirlər və hiss edirlər ki, təlim oyundur.

Hava soyuq və küləkli olduğundan, əslində, itlərin bütün təlim növlərində iştirakını istəmədik. Amma Rafiq müəllimin “it yuvasından çıxıb gəlibsə, onu geri qaytarsaq, inciyəcək” sözündən sonra bu təlimi izləməmək mümkün deyildi. Həm də taborun qızıl qaydası belə idi, heç kim bundan kənara çıxa bilməzdi. Burada hər gün təlim keçilir -yağışda da, küləkdə də, leysanda da. Çünki faciə belə günlərdə ola bilər və heç kim zəlzələnin və ya digər təbii fəlakətin hansı vaxtda olacağını bilə bilməz.

Əvvəlcə mərkəzin həyətində süni qurulmuş qayaların altından şərti zərərçəkmişi axtarmaq üçün “Ulf” gəldi. Bir neçə dəfə qayalığın dövrəsində fırlanan it insan iyini almışdı. Zərərçəkmişin yerini müəyyən etdikdə isə quyruğunu yellədi və oturaraq bir neçə dəfə bərkdən hürdü. İndi növbə balaca “Dımok”un idi. İt üzərində içərisində su, tibbi yardım ləvazimatları olan çanta və kamera ilə qayaların altına girdi. İtin qayanın altındakı hərəkəti, onun şərti zərərçəkmişə yaxınlaşması, ilk tibbi yardım “təklifi” kamera vasitəsilə izlənir və idarə olunurdu. “Dımok” qayanın altına necə girmişdi, güllə kimi də oradan çıxdı. Bu vaxt həm də donmuş əllərimizi qızdırmaq üçün bu iki qəhrəmanın uğurunu alqışlamaqdan yaxşı nə ola bilərdi...

Növbəti qəhrəmanımız “Volk” idi. Ona boş yerə bu adı verməyiblər. “Volk” görkəmindən həqiqətən canavara oxşayır. Onun missiyası isə partlayıcı maddələrin axtarışı idi. Təlim meydançasında olan avtomobillərdən birinə qoyulan partlayıcını “Volk” xüsusi cəldliklə və bacarıqla tapdı.

“Şelli” və “Reks” də öz dostlarından geri qalmırdılar. Məni ən çox valeh edən bu itlərin cəldliyi idi. O qədər aludə olmuşdum ki, iliyimə işləyən sazağı hiss eləmirdim.

Onlar da təqaüdə çıxırlar...

Bir müddət öncə Rusiya mətbuatından maraqlı bir məlumat oxumuşdum. Məlumatda bildirilirdi ki, kinoloji mərkəzlərdə itlərə o qədər narkotik iylədirlər ki, bu, onlarda asılılıq yaradır. Lakin itlərlə uzun illər ölkəyə narkotik keçirilməsinin qarşısını alan ən yaxşı mütəxəssis kimi Rafiq Hüseynov hesab edir ki, bu, yalnız bir halda mümkündür: “Marixuana, həşiş, tiryək iyləməklə it narkotika aludəçisi ola bilməz. Bu o zaman ola bilər ki, itlər kokain iyləsinlər. Kokain təbii yetişir və mütəmadi olaraq onu iyləyən itdə aludəçilik yarana bilər. Amma mənim təcrübəmdə belə hal olmayıb”.

Əslində, hər itin işi özünə görə çətindir. Amma məncə, ən çətin və təhlükəli işi partlayıcı maddə axtarışı ilə məşğul olan itlər görür. Ümumiyyətlə, itlər 5 min iyin arasından bir iyi axtarır və onu tapırlar. Amma onlar da insanlar kimi ömürlərinin yalnız bir hissəsini aktiv işlə məşğul ola bilirlər. Yaşlandıqdan sonra isə, belə desək, təqaüdə çıxırlar. İtlərin “pensiya yaşı” müxtəlifdir. Ola bilər 6 il, ola bilər 10 il iş fəaliyyətindən sonra. Öyrəndik ki, taborda 12 yaşı tamam olan, amma hələ də “saat kimi” işləyən itlər var.

Onu da öyrəndik ki, burada it yetişdirib satmırlar.

Digər tərəfdən, kiminsə yaxşı iti varsa və saxlaya bilmirsə, onu tabora təhvil verə bilər. Hələ buna görə təşəkkür də alar. Yaşlanmış itləri isə iş qabiliyyəti bitəndən sonra itçilik klubuna və ayrı-ayrı həvəskar şəxslərə hədiyyə verirlər.

Habelə itlərin iştirakı ilə heç də bütün əməliyyatlar uğurlu olmur. Bəzən heyət əməliyyat zamanı illərlə öyrəşdiyi və inandığı dostu ilə vidalaşmalı olur. Elə bu taborda da bir neçə il öncə belə hadisə baş verib. Əməliyyat vaxtı doğuş məqamında qeysəriyyəyə çətinliklə çatdırılan it ölüb. Özüylə bərabər iki balası ölsə də, digər balalarını xilas etmək mümkün olub...

Reportajda olduğumuz müddətdə həqiqətən də tabor komandirinin itlər arasında fərq qoymadığını müşahidə etdik. Amma bununla belə, R.Hüseynov sevimli iti olduğunu etiraf etdi. Həmin it ona Türkiyədən hədiyyə verilən 8 aylıq Sivas “Kanqal”ıdır. Adını “Cümeyra” qoyduğu bu dişi it damazlıq üçün saxlanılır.

Buradakı itlərin bacarıqlarını isə bütün dünya bilir. Azərbaycanda kinoloji xidmətin yaradıcısı olan R.Hüseynovdan öyrəndik ki, itlər Azərbaycanda Kinoloji Mərkəz Dövlət Gömrük Komitəsinin nəzdində yarananda, ilk böyük uğurlarını qazanıblar. Bizim komanda Avropa üzrə birinci yerə çıxıb: “FHN-in nəzdində 2007-ci ildə Avropa üzrə insan axtarışı və partlayıcı üzrə ikinci yerə çıxmışıq. Nailiyyətlərimiz çox olub. Yarış başqadır, amma biz Türkiyədə Van şəhərində həqiqətən böyük iş gördük. Real olaraq faciə böyük miqyasda idi. Biz dağıntılar altından 13 canlı və 60-a yaxın cəsəd tapdıq”.

İtlərlə təlimin dilinə gəlincə, bəzən azərbaycanca, bəzən rusca, hətta ingilis dilində də sözlər eşitdik. Burada kinoloqun hansı dili bilməsinə yox, itə məhəbbətinin olmasına əhəmiyyət verilir. Daha çox rus dilində təlim keçilməsinin bir məqsədi də beynəlxalq təlimlərdə iştirakdan irəli gəlir.

Bircə danışa bilmirlər...

Düşünürdüm ki, uzun illərini itlərə həsr etmiş bir insanın yəqin ki, onlardan öyrəndiyi nələrsə var. Hətta heyvan olsalar belə. Həqiqətən də yanılmamışdım. Təlimin sonunda bu sualıma da polkovnik Hüseynovdan cavab almağa imkan tapdım: “İtlərdən öyrəndiyim çox şey var. Bəlkə də, inanmazsınız, onlar yalnız danışa bilmirlər, hər şeyi hiss edirlər, başa düşürlər. Mən əsgərlikdə olanda, itimlə xidmət eləmişəm. Onda 18 yaşım var idi və vətənimdən uzaqda tək qalmışdım. Orada itlə danışırdım, o, məni başa düşürdü. İtlə ünsiyyətdən enerji alırdım. Əvvəlki iş yerimi dəyişəndə, itimi qoyub gedəsi oldum, məndən sonra gözləri tutuldu və ürəyi partladı. Ondan sonra bu heyvanları daha çox sevməyə başladım...”

Tabor komandiri bu heyvanları o qədər təriflədi ki, ürəyimdən “Kaştan”ın yerini tutacaq bir it almaq keçdi. İtlərlə günüm o qədər maraqlı keçdi ki, onların heyvan deyil, sadəcə iş yoldaşı olduqlarını düşündüm...

Gülnar Əliyeva

Foto: Elçin Murad

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR