• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

Azərbaycan yeni silahlar istehsal edəcək

Azərbaycan yeni silahlar istehsal edəcək

“Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi artırılıb. 2006-2015-ci illərdə müdafiə təyinatlı məmulatların istehsalı nəticəsində nazirliyin müəssisələrində 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin müasir silah növləri ilə təmin edilməsi üçün bu illərdə 25 texnoloji xətt və avadanlıq dəsti, yaradılmış istehsal sahələrinin avadanlıq parkını dəstləşdirmək məqsədilə 150-si proqram təminatlı olmaqla 1750-dən çox müxtəlif təyinatlı dəzgah, cihaz, alət və tərtibat alınıb quraşdırılıb”.

Publika.az xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ atıcı silahlar, döyüş sursatları, mühəndis texniki vasitələri və s. müdafiə təyinatlı məmulatlar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verildiyini deyən nazirin sözlərinə görə, 2015-ci ilin istehsal proqramına uyğun olaraq nazirliyin müəssisələrində yaradılma üzrə nəzərdə tutulan 81 mövzunu və 143 mərhələni əhatə edən təcrübi-konstruktor işləri uğurla davam etdirilir. Y. Camalov bildirib ki, hazıradək 11 məmulat üzrə işlər tam başa çatdırılıb. Gecəgörmə cihazının, kompaslı prizmatik binoklların, mina üçün atəş yığımının, qumbaraatan üçün atəş yığımlarının, müxtəlif tipli mina partladıcılarının yaradılması işləri başa çatdırılmış və seriyalı istehsalı təmin edilib. NATO standartlarına uyğun xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, avtomatik topun, xüsusi təyinatlı hücum pulemyotunun və s. məmulatların təcrübi-konstruktor işləri davam etdirilir.

“Nazirliyin fəaliyyəti dövründə 1000 addan çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib. Bunlardan universal və tank pulemyotlarını, tank əleyhinə əl qumbaraatanını, müxtəlif mm-lik minaatanları və onlar üçün minalı atəş yığımlarını, pilotsuz uçuş aparatlarını, mina təsirinə dayanıqlı zirehli texnikaları, BTR və BRDM tipli zirehli texnikaların təkmilləşdirilməsini və s. göstərmək olar. Ümumilikdə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2006-cı ilə nisbətən 2015-ci ilin ilkin yekunlarına görə 210 dəfədən çox artıb. Ümumi məhsul istehsalının tərkibində müdafiə və xüsusi təyinatlı məmulatların həcminin xüsusi çəkisi 2006-cı illə müqayisədə 47 faiz artaraq 86 faiz təşkil edib”.

Nazir bildirib ki, hazırda alınmış və quraşdırılmış texnoloji xətlərdə müxtəlif tipli izburaxan gülləli patronların, müxtəlif mm-lik müxtəlif növ döyüş sursatları üçün partladıcıların, 6 növ kiçik və iri kalibrli lülələrin, 6 növ artilleriya və tank topları üçün mərmilərin, avtomatik topun istehsalının mənimsənilməsi işləri aparılır.

Utilizasiya mərkəzində quraşdırılmış xüsusi avadanlıq və cihazlar vasitəsilə istifadəyə yararsız bütün növ döyüş sursatlarının utilizasiyası həyata keçirilir. Ötən müddətdə 18 min 200 ədəd müdafiə təyinatlı məmulatların təmiri işləri aparılmış, 7 milyon 188 min ədəd məmulatın isə utilizasiya işləri yerinə yetirilmişdir. Onun sözlərinə görə, nazirliyin fəaliyyəti dövründə tabeli müəssisələrdə 450 addan çox mülki və ikili təyinatlı məhsulların istehsalı mənimsənilmiş, mülki məhsulların yeni növlərinin yaradılması və istehsalı istiqamətində işlər davam etdirilib:

“Görülmüş tədbirlər nəticəsində mülki məhsulların istehsal həcmi ildən-ilə artmaqdadır. Belə ki, 2006-cı illə müqayisədə 2015-ci ildə istehsal olunmuş mülki məhsulların həcmi 2,9 dəfə artıb. Cari ildə proqnoz tapşırığa 102,5 faiz əməl olunub. İstehsalı mənimsənilmiş mülki məhsullardan - əleyhqazı, 12 kalibrli ov tüfənglərini və onların patronlarını, müxtəlif tutumlu akkumulyator batareyalarını, müxtəlif tutumlu termosları, maskalanma torunu, DVB-T peyk dekoderini, müxtəlif laylı çap lövhələrini, plastik taraları, parket məmulatını, müxtəlif mebel dəstlərini, traktor tırtılını və s. göstərmək olar”, - Y. Camalov bildirib.

Gülnar Əliyeva

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR