Nərgiz xanım məşhur jurnalistdən yazdı
Bizi izləyin

Qırmızı.az

Nərgiz xanım məşhur jurnalistdən yazdı

Azərbaycanda Həsən bəy Zərdabi tərəfindən təməli qoyulmuş və XX əsrdə bir çox görkəmli şəxsiyyətlərin davam etdirdikləri jurnalist sənəti bu gün öz bayramını qeyd edir. XX əsrin əvvəllərində bu peşəni Azərbaycana gətirənlərin adlarını bir daha qeyd etmək istərdim. Məhəmməd ağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev və əlbəttə ki, ölməz Mirzə Cəlil. Məhz bu insanların yaratmış olduqları məktəbi sonra gələn jurnalist nəsilləri inkişaf etdirərək, daha da genişləndirdilər. Əgər onlar olmasaydı, onların fədakar əməyi, döyünən qəlbi olmasaydı, jurnalist peşəsi Azərbaycanda bu qədər sürətlə inkişaf edə bilməzdi. Bu mənada Nəsir İmanquliyevin fəaliyyəti də, şübhəsiz ki, böyük simaların, nəsillərin, tarixin bir mərhələsidir.

O vaxtı məhz mirzə cəlillər, şahtaxtılar, faiqlər, əlibəylər xaçaturovlara qarşı mübarizə aparırdılar. Onlar azərbaycandilli, türkdilli qəzetlər nəşr etdirirdilər. Bu, böyük hadisə, şücaət, hünər idi. Çünki o zaman çar Rusiyasında belə bir hünərə malik olan, Azərbaycan millətinə xidmət edən insanlar arxasız idilər. Onlar hökumət, dövlət tərəfindən dəstəklənmirdilər. Amma onların qəlbi, ürəyi gördükləri müqəddəs işlərə, amallara dəstək verirdi. Bu da həqiqi vətənpərvərlik idi. Nəsir İmanquliyev də elə bir məktəbin yetirməsidir. O, bütün həyatı boyu öz fəaliyyətində Mirzə Cəlil ənənələrini davam etdirmişdir. Əgər Mircəlal müəllim Mirzə Cəlil ənənələrini ədəbiyyatda davam etdirirdisə, Nəsir İmanquliyev bu ənənələri jurnalistikada, mətbuatda yaşadırdı. Nəsir müəllim 1958-ci ildə "Bakı" qəzetinin, 10 il sonra isə "Baku"nun nəşrinə başlayarkən çox böyük əzablara, əziyyətlərə, məşəqqətlərə sinə gərmişdir. Belə çətin bir dövrdə ona kömək edənlərin sırasında Şıxəli Qurbanov kimi vətənpərvər ziyalı vardı.

Tarixə çevrilən hər hansı hadisə təkcə bir insanın fədakarlığı bahasına başa gələ bilməz. Hər bir işıqlı insan, hər bir ziyalı ətrafına özü kimi insanlar toplamalıdır ki, ortaya böyük bir iş qoya bilsin. Mirzə Cəlil də bu cür etmişdi. O, ətrafına nasirləri, şairləri yığmışdı, Nəsir müəllim də "Bakı" və "Baku" qəzetlərinə istedadlı, bacarıqlı insanları cəlb etmişdir.

Sözün qüdrətindən istifadə etmək məharəti hər kəsə nəsib olmur, bu qüdrətdən istifadə etmək məharəti böyük yazıçılara, şairlərə xas olan ali keyfiyyətlərdir. Jurnalistlər bu qüdrətdən necə istifadə ediblər? Onların qarşısında hansı mətləblər və hansı prinsiplər durur? Jurnalist üçün ən vacib keyfiyyət onun ifadə etdiyi sözün vaxtında deyilməyindən asılıdır. Yazıçı istədiyini, düşündüyünü bu gün yazmasa da sabah yaza bilər. Lakin jurnalist başqa cür hərəkət etməlidir. Jurnalist operativliyi bacarmalıdır. Bu mənada Nəsir müəllimin gördüyü işlər ona görə qiymətli idi ki, o, qəzet redaktoru kimi bu tələbləri son dərəcə dəqiqliklə bilir və özünün gündəlik fəaliyyətində onlara ardıcıllıqla əməl edirdi . Mənim yadımdadır, o, hər gün işdən evə qayıtdıqdan sonra, gecə saat 2-3-dək çalışardı. Bütün mətnləri özü yoxlayardı, gözdən keçirərdi. Gün ərzində baş verən elə bir hadisə olmazdı ki, onun redaktoru olduğu qəzetlərdə əksini tapmasın. Bu gün internet vasitəsilə hər şeyi izləmək olur. Lakin o vaxt bu imkan yox idi. O vaxt "Bakı" və "Baku" axşam qəzetləri mübaliğəsiz demək olar ki, bu günün xəbər agentliklərinin yerinə yetirdikləri işləri görür, hər gün baş verənləri operativ surətdə oxucularına çatdırırdı.

Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət idi. O, insanlara yol göstərən, xeyirxahlıq edən nəcib insan idi. Buna görə də o, bir çoxlarına mənəvi atalıq etmişdi. Onun övladı tək deyildi, onun övladları onun yetirmələri, qəzetin əməkdaşları, jurnalistlərdir.

Nərgiz Paşayeva,

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor

Baki-baku.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm