Restoranlar arasında qəbiristanlıq: içki şüşələri, küçə itləri, səfillər... - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Restoranlar arasında qəbiristanlıq: içki şüşələri, küçə itləri, səfillər... - FOTOREPORTAJ

Bu qəbiristanlıqda olan məzarların əksəriyyəti uzun illərdir ziyarət olunmur. Qəbirləri toz basıb, ətrafda olan ağaclar qırılaraq məzarları örtüb, qəbiristanlığın ərazisi ilk baxışda zibilxananı xatırladır. Məzarlar sahibsiz olduğu kimi, qəbiristanlıq da sahibsizdir. Buranı nə təmizləyən var, nə də nəzarət edən.

Haqqında danışdığımız məzarlıq Nizami rayonundakı Mikayıl Əliyev küçəsində yerləşir. Bu ünvan daha çox “restoranlar küçəsi” kimi tanınır. Qəbiristanlığın dörd bir yanı restoran və əyləncə mərkəzləri ilə əhatə olunub.

Bu məzarlıqda slavyanlarla yanaşı azərbaycanlılar da dəfn edilib. Amma məzarların çoxu ruslara aiddir. Burada 40-50 il yaşı olan qəbirlər də var. Bəzi məzarlar artıq baxımsızıqdan elə hala düşüb ki, onun yerini müəyyən etmək mümkün deyil. Qəbiristanlıqda yeni məzarlar üçün yer qalmayıb. Bəzi hallarda uzun illərdir sahibsiz qalan, uçan, dağılan qəbirlərin yerində yeni qəbirlər qazılır.

Qəbiristanlığa baş çəkərkən ətrafda dəhşətli üfunət iyi var idi. Məzarların arası spirtli içki şüşələri ilə doludur. Bu qəbiristanlıq gecələr səfil həyat tərzi keçirənlərin, evsizlərin məskəni olur. Gecələr qəbiristanlığa yığışan səfillər hava işıqlanan kimi buradan uzaqlaşırlar. Onlar qəbiristanlığa ziyarətə gələnlərin qəzəbinə tuş gəlməkdən qorxurlar.

Səhər saatlarında qəbiristanlıqda xeyli molla olur. Ziyarət saatlarını dəqiq bilən mollalar günün digər saatlarında burada olmurlar. Başqa vaxt ziyarətə gələnlər isə divarlara yazılmış mollaların mobil nömrələrinə zəng edərək yasin oxutdurmaq üçün onları çağıra bilirlər. Məzarlıqda günorta saatlarında olduğumuzdan mollalar gözümüzə dəymədi.

Müşahidə apararkən rus qəbirlərinin əksəriyyətinin baxımsızlıqdan yararsız vəziyyətə düşdüyünün şahidi olduq. Qəbristanlığın ərazisinə atılan zibillər bir neçə yerdə toplanaraq yandırılıb. Əksər məzarlar zibillərin altında qalıb. Qəbiristanlıq həmçinin küçə itlərinin də məskənidir.

Məzarlığa ziyarətə gələnlər az olduğundan qəbirlər baxımsız vəziyyətdədir. Qəbiristanlığın nəzarətçisi də yoxdur. Bütün qapılar açıqdır. Günün istənilən saatında buraya kim nə məqsədlə istəsə gələ bilir.

Yol kənarında rastlaşdığımız molla ilə qəbiristanlıqdakı vəziyyət haqda danışa bildik. Molla danışdıqları ilə qəbristanlıqdakı dəhşətli və acınacaqlı vəziyyəti belə izah edir: “Burda vəziyyət gördüyünüzdən də dəhşətlidir. Bura qəbiristanlıq yox, xarabalıqdır. Ziblllik, küçə itləri, avara adamlar. Bunlar olan yerdə nə olmalıdır?”.

Söhbətləşdiyimiz molla deyir ki, 10 ilə yaxındır bu qəbiristanlıqda işləyir, bu müddət ərzində bircə dəfə də olsun ziyarət edilməyən qəbirlər var: “Elə qəbirlər var ki, nə baxılır, nə də təmizlənir. Sahibsiz qalıblar. Rus qəbirlərinin əksəriyyətini ziyarət edən yoxdur. Azərbaycanlılar da bayramdan-bayrama gəlirlər. Ziyarətə gələn məzar daşını silib, təmizlədiyi parçanı belə bura atıb gedir. Qablarda su gətirirlər. Gedəndə də zibili bura atıb gedirlər. Qəbir sahibləri təmizliyə riayyət etmir”.

Adını deməkdən imtina edən molla danışır ki, illərlə bura ziyarətə gəlməyənlər, bəzən baxırsan ki, toydan çıxıb bura gəlirlər: “Bir dəfə axşam bura dəfnə gəlmişdik. Qarşıda olan restoranlardan birindən 3-4 nəfər çıxıb bura gəldi. Qəbirlərdən birini ziyarət edib, restorana qayıtdılar. İçkili idilər. Acınacaqlı vəziyyət yaranıb burda. Ziyarətə gələnlərdən xahiş edirik ki, buranı təmiz saxlasınlar. Yaranan vəziyyəti görürsünüz. Artıq burda dəfn üçün yer qalmayıb”.

Həqiqətən də qəbiristanlıqda vəziyyət dəhşətlidir. Nizamsız salınan məzarlar qəbristanlıqda hərəkəti də mümkünsüz edib. (musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm