Azərbaycanlıların ən çox getdiyi ölkə
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlıların ən çox getdiyi ölkə

Bu il Gürcüstana Azərbaycandan 1 milyon 392 min adam qonaq gedib. ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu məlumatı Gürcüstan Milli Turizm Agentliyinin məlumatları ilə tutuşdurduqda həmin qonaqların 1 milyonunun Gürcüstanda yaşayan azərbaycanlılara heç bir dəxli olmayan turistlər olduğunu anlamaq olur. Gürcüstan Milli Turizm Agentliyinin məlumatına görə, yanvar-avqust aylarında bu ölkəyə Azərbaycandan gələn turistlərin sayı 932 minə yaxın olub. Bu rəqəmin üstünə turizm mövsümünün davam etdiyi sentyabr ayınnı da gəldikdə Gürcüstana Azərbaycandan getmiş turistlərin sayı 1 milyonu keçmiş olur.



Bunu Azərbaycan turizm sektorunun il ərzində təxminən 300 milyon dollar itirməsi kimi dəyərləndirmək olar. Artıq bir neçə ildir ki, yay tətilini Batumidə keçirən Dilara Əmirlinin ANS PRESS-ə bildirdiyinə görə, bir azərbaycanlı turist Gürcüstanda orta hesabla 300 dollar pul xərcləyir: “Azərbaycanlılar Gürcüstanda adətən 1 həftə - 10 gün qalır. Adambaşına 300-330 dollar xərclənir. Buraya həm yol pulu, həm ev kirayəsi, həm də yemək pulu daxildir. Bunu bizdəki qiymətlərlə müqayisə eləmək belə mümkün deyil”.

Dilara xanım Gürcüstanda xərcin belə az çıxmasının səbəblərini izah edir: “Yeməklər çox ucuzdur. Restoranda 3 nəfərə 30 lari, yəni təxminən 10 dollar pul ödədik. Amma biz Şəkidə 5 nəfərə heç bir içki-filan olmadan 55 manat verdik, yaydakı məzənnə ilə 50 dollar idi. Yəni orda yeməklər 3 dəfə ucuzdur”.

Görünür, elə bu səbəbdən də Azərbaycanın turizm sektoru xaricdən qonaq qəbul edə bilmir. Azərbaycana Gürcüstandakı kimi yollayışsız turist axını müşahidə edilmir. Gələn yollayışlı turistlərin sayı isə çox azdır və bu işdə ictimai iaşə sektorunun rolu az deyil.

Azərbaycana gələn və gedən turistlərin sayı (nəfərlə)



Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə gələn turistlər ildən ilə azalır. Əgər 2008-ci ildə Azərbaycana turist yollayışı ilə gələnlərin sayı 19,2 min təşkil etdiyi halda, 2014-cü ildə bu göstərici 10,6 minə düşüb. Amma bu illər ərzində xaricə gedənlərin sayı iki dəfə artıb. 2008-ci ildə Azərbaycandan xaricə 40,3 min nəfər turist getmişdisə, 2014-cü ildə bu say 81,6 minə qalxıb.

Ölkəyə gələn turistlərin ölkələr üzrə təsnifatı göstərir ki, gələn turistlər Azərbaycan mətbəxi ilə yaxın tanış olan ölkələri təmsil edirlər - 2014-cü ildə gəlmiş 10 min 657 turistin 4 min 192-si rusiyalı, 4 min 174-ü isə türkiyəli olub. Azərbaycana gələn turistlər əsasən kabab və plov kimi ənənəvi yeməklərin dadına baxmağa gəlirlər. Buna görə də turist sayının ildən ilə azalması başqa amillərlə yanaşı restoran biznesindəki vəziyyətlə də bağlıdır. Azərbaycan restoranları əsasən ortadan yuxarı vəziyətli ailələr üçün xidmət göstərir.




2015-ci ildə neftin ucuzlaşması ilə Azərbaycan büdcəsinin qarşılaşdığı çətinliklər istirahət üçün xaricə gedən turistlərin ölkədə qalmasını vacib edir. Həmçinin, qiymətlər o qədər ucuz olmalıdır ki, Azərbaycan da Gürcüstan kimi xaricdən aşağı büdcəli turistlərin axın etdiyi ölkəyə çevrilməlidir. Bu, hər il ölkədən çıxan yüz milyonlarda dolların qarşısının alınması və əlavə vəsaitlərin cəlbi deməkdir.

Bu baxımdan postsovet ölkələrinin potensialı böyükdür. Gürcüstan hər il 5 milyona yaxın turist cəlb edir ki, bunun 1 milyona yaxın Rusiyadan gəlir. Azərbaycanın Rusiya ilə münasibətlərinin Gürcüstana baxanda xeyli isti olduğu, Azərbaycanda rus dilini bilənlərin sayının qat-qat yüksək olduğu nəzərə alınarsa, bu sahədə imkanlarımızın xeyli yüsək oluğunu anlamaq mümkündür. Bunun üçün, sadəcə, ictimai-iaşə və mehmanxana sektoru qiymətləri real səviyyəyə salmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm