Hökumət daxili bazarı qorumağa çalışır: xarici təzyiq artır
Bizi izləyin

Qırmızı.az

Hökumət daxili bazarı qorumağa çalışır: xarici təzyiq artır

Bir sıra ərzaq, meyvə-tərəvəz və quş əti məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi onların bir qisminin idxalı zamanı müxtəlif tənzimləmə alətlərinin (kvota, mövsümi rüsumlar, keyfiyyətə nəzarətin sərtləşdirilməsi və s.) tətbiq edilməsini şərtləndirir.

Publika.az xəbər verir ki, bunu ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazirin sözlərinə görə, iqtisadi və siyasi həyatımızda yaranmış yeni şərait daxili bazarın qorunmasında da bir sıra addımların atılmasını zəruri edir.

H.Əsədov qeyd edib ki, bir sıra qonşu dövlətlərin sistemsiz olaraq bir-birinə meyvə-tərəvəz məhsulları üzrə sanksiyalar tətbiq etməsi daxili ərzaq bazarımıza idxal təzyiqini artırmaqla ciddi təsir göstərə bilər.

Nazir bildirib ki, 2015-ci ildə 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib:

"Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox olmaqla, ixracın həcmi idxalı dəfələrlə üstələyib. Onu da qeyd etmək lazımdır ki, hesabat ilində aqrar sahədə məhsul istehsalının artımı əkin sahələrinin və ya heyvanların baş sayının artırılması hesabına deyil, əsasən intensiv faktorlar, yəni, məhsuldarlığın artırılması hesabına baş verib, hər hektardan 50 sentnerdən artıq məhsul götürən təsərrüfatlar nümunə göstərildiyi halda, hesabat ilində belə təsərrüfatların sayı onlarla olub”.

H.Əsədov əlavə edib ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da gəlirlərin artması, urbanizasiya prosesləri və insanların qida rasionunu genişləndirməsi ərzağa tələbi artıran əsas amillərdəndir: “FAO-nun hesablamalarına görə, 2030-cu ilə qədər bu tələbatın ödənilməsi üçün məhsuldarlığın həmin dövrdə 67 faiz artırılması nəzərdə tutulur. Bununla yanaşı, itkilərin azaldılması da tələbatın ödənilməsinin mühüm şərti kimi çıxış edir. Məhz bu baxımdan FAO-nun hesablamalarına əsasən, ölkəmizdə meyvə-tərəvəz, ərzaq, xüsusilə də çörək məhsulları üzrə itkilərin 25 faizdən çox təşkil etməsi narahatedici məqamlardan birinə çevrilir. Ona görə də bu itkilərin müxtəlif mərhələlərdə, xüsusən istehlak zamanı azaldılması üçün çörəkdən istifadəyə milli mənəvi adət-ənənələrimizlə yanaşılması məqsədilə geniş maarifləndirmə işlərinə də ehtiyac duyulur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm