Məktəbdən uşaq oğurluğu xəbərinə AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Məktəbdən uşaq oğurluğu xəbərinə AÇIQLAMA

Son günlər əhali arasında müəyyən qruplar tərəfindən şagirdlərin oğurlanması barədə xəbərləri tez-tez eşidirik. Bu xəbərlərin bir qismi mətbuatda işıqlandırılsa da, hüquq mühafizə orqanları yayılan xəbərləri təsdiqləmir.

Buna baxmayaraq, əhali arasında bu məzmunda xəbərlər yayılmaqda davam edir. Sonuncu belə xəbər isə 49 saylı məktəblə bağlıdır.

Belə ki, məktəbin aşağı sinif şagirdlərindən birinin dərsdən sonra oğurlanması, daha sonra geri qaytarılması barədə Publika.az-a məlumat daxil olub. Məlumatda bildirilir ki, hadisədən sonra uşağı yuyunduran zaman anası onun bədənində izlər görüb. Həkim müayinəsi zamanı isə uşağın bir böyrəyinin çıxarıldığını öyrəniblər.

Bundan sonra, məktəb rəhbərliyi tərəfindən bütün valideynlərə uşaqlarının təhlükəsizliyinə özlərinin cavabdeh olması barədə izahat yazdırılıb.

Xəbərin nə qədər həqiqət olması və izahatın nə üçün yazdırılmasını öyrənmək üçün məktəblə əlaqə saxladıq.

49 saylı məktəb-liseyin direktoru Təhminə Əsədova Publika.az-a açıqlamasında məktəbdən uşağın oğurlanması xəbərinin həqiqətə uyğun olmadığını bildirib.

“Hər il ibtidai sinif şagirdlərinin valideynlərindən övladlarını məktəbdən kimin götürəcəyi barədə məlumat öyrənirik. Çünki bizim məktəbdə oxuyan şagirdlərin əksəriyyəti uzaq məsafədən gəlir. Bir neçə şagirdi bir taksi gətirir. Ona görə də müəllim hansı uşağı kimin götürəcəyi barədə məlumatlı olmalıdır. Bu il ikinci dəfə yenidən valideynlərdən uşaqlarını kimin götürəcəyi soruşulub. Bunun da səbəbi uşağını gec götürən valideynlərdən birinin narazılığıdır. O, uşağının dərsdən sonra valideyni işləyən uşaqlar üçün yaradılımış qrupa salınmamasına etiraz edib. Halbuki uşaqların orada saxlanması üçün əvvəldən müraciət etməli idi. Sonradan valideynə hər şey izah olunub”.

Direktor məktəbin mühafizəsinin müəllimlər, gözətçi və qapıçı tərəfindən təmin edildiyini bildirib. O, məktəbə xüsusi mühafizəçinin verilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət etdiklərini deyib.

Yayılan məlumat və məktəblərin mühafizəsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ilə müraciət etdik.

BŞTİ-nin mətbuat xidmətindən Publika.az-a bildirdilər ki, 49 saylı məktəbdə belə bir fakt qeydə alınmayıb və məktəb valideynlərdən heç bir izahat tələb etməyib.

“Hər yarımilin əvvəli qeyd etdiyiniz 49 saylı məktəbdə ibtidai sinif şagirdlərinin məktəbdən kim tərəfindən götürüləcəyi barədə sinif rəhbərləri valideynlərdən şifahi məlumat əldə edir. BŞTİ tərəfindən məktəblərə təhlükəsizliyə görə valideynlərin məsuliyyət daşıması ilə bağlı izahat alınması barədə qayda qoyulmayıb. Məktəblər yerləşdiyi ərazini və şagird kontingentini nəzərə alaraq nəzarət mexanizmlərini formalaşdırırlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm