Deputat: "Dollarla kreditlərin köhnə məzənnə ilə ödənməsi razılaşdırılıb"
Bizi izləyin

Qırmızı.az

Deputat: "Dollarla kreditlərin köhnə məzənnə ilə ödənməsi razılaşdırılıb"

Sabah Milli Məclisin növbədənkənar iclası olacaq. Bu barədə millət vəkili, MM-in İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Publika.az xəbər verir ki, V.Əhmədov "Azadlıq" radiosuna müsahibəsində deyib ki, 30 min manata qədər qorunan əmanətlərin məsələsinə yenidən baxıla bilər.

Millət vəkili bildirib ki, bununla bağlı qanuna dəyişiklik edilə bilər: “Biz razılaşdırmışıq ki, həmin məbləğ götürülsün və qorunan əmanətlərin məbləği limitsiz olsun. Qanuna əsasən, vətəndaşların banklardakı 30 min manata qədər əmanətləri qorunur. Amma indi yaranmış vəziyyəti nəzərə alaraq, limitin götürülməsini istəyirik. Əmanətçi sabah 100 min, 200 min də qoysa, dövlət onun əmanətini qorumağa zəmanət verməlidir. Yəni, hər hansı fors-major vəziyyət yaranarsa, əmanətlərin sığortalanması ilə bağlı fonddan hər ay vəsait ödənəcək. Bu, həm bankların işinə xeyirlidir, dövriyyəsi genişlənir, həm də əmanətlərin qorunmasına şərait yaradar".

Komitə üzvü dollarla götürülən kreditlər məsələsinə də toxunub: “Bu məsələ faktiki olaraq razılaşdırılıb. Biz bunu həm Mərkəzi Bankla razılaşdırmışıq, həm də hökumətlə. Bunun maliyyə mənbəyi ilə bağlı məsələlər həll edilməlidir. Məncə, maliyyə məsələsi problem olmamalıdır. Çünki Mərkəzi Bankın ehtiyatı var.

Bundan başqa, 10 min dollara qədər olan kreditlərin köhnə məzənnəylə -1,05 manatla ödənməsi də gündəlikdədir. Bu məsələni bir dəfə müzakirə etmişik. Sonra özüm də təklikdə Mərkəzi Bankla, hökumətlə danışıqlar aparmışam. Bir neçə məsələ var, biri də budur".

V.Əhmədov qeyd edib ki, 10 min dollara qədər olan kreditlərin ödənmə qaydası artıq hökumətlə razılaşdırılıb: “Ümumi razılıq var. Əsas da istehlak kreditlərinin köhnə məzənnəylə -1,05 manatla ödənməsi haqda söhbət gedir. Razılıq var, görək nə zaman qərar verilir”.

Deputat Milli Məclisin növbədənkənar iclasında 2016-cı ilin dövlət büdcəsinə yenidən baxıla biləcəyini də istisna etməyib: “Qanuna uyğun olaraq dövlət büdcəsinə may və oktyabrda baxıla bilər. Amma lazım gələrsə, dəyişiklik etmək də problem deyil. Neftin qiymətini 50 dollardan götürmüşük, ancaq hazırda qiymət 30 dollar ətrafındadır. Təkliflər var ki, 20 dollardan götürək. Məsələn, Qazaxıstanda 20 dollardan götürdülər. Maliyyə naziri də bugünlərdə dedi ki, üç variantları var. Amma bununla bağlı qərar cənab prezidentdən asılıdır”.

Bununla belə, Vahid Əhmədov deyib ki, neftin qiyməti büdcədə 20 dollardan götürülsə də, sosial layihələrə təsir etməyəcək: “Prezidentin göstərişi var ki, sosial layihələrə toxunulmasın. Yalnız bəzi investisiya layihələri dayandırıla bilər. Ancaq bizim üçün iki investisiya layihəsi çox əhəmiyyətlidir və onlar dayandırıla bilməz. Birincisi, TANAP-TAP qaz kəməri, ikincisi də Bakı-Qars dəmir yoludur. Hər iki layihə Azərbaycan üçün həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətlidir. Bundan başqa layihələri dayandırmaq olar, problem yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm