Polşada 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Polşada 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib – FOTOLAR

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun (QUSHEİ) Qarabağ Tədqiqatları Mərkəzi və Vistula Universiteti Beynəlxalq Əlaqələr İnstitutu tərəfindən birgə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş “Dağlıq Qarabağın tarixinə ümumi baxış və Azərbaycanın mövqeyi” adlı tədbir keçirilib.

Publika.az-ın məlumatına görə, Polşanın Vistula Universitetində təşkil edilən tədbirdə universitetin akademik heyəti, Polşada fəaliyyət göstərən bir çox tədqiqat mərkəzləri nümayəndələri, Azərbaycanın Polşadakı səfirliyinin müşaviri, Azərbaycanın Polşadakı Diaspora təşkilatının nümayəndəsi və Vistula Universitetinin tələbələri iştirak ediblər.

Tədbirdə açılış nitqini söyləyən Vistula Universiteti Beynəlxalq Əlaqələr İnstitunun direktoru Longin Pastusiak 1988-1994-cü illər arasında davam edən Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanında ən qanlı münaqişələrdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu münaqişə nəticəsində təxminən 30 min insan həyatını itirib, 1 milyondan çox azərbaycanlı isə qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Azərbaycanın 20 faiz ərazisi ermənilər tərəfindən işğal olunub.

Qafqaz Universitetinin əməkdaşı Sənnur Əliyevə çıxışı zamanı 20 Yanvar faciəsinin postsovet məkanında Sovet rəhbərliyi tərəfindən törədilən ən qanlı terror hadisələrindən biri olduğunu vurğulayıb. O, bu faciənin Azərbaycanın istiqlaliyyəti yolunda bir dönüş nöqtəsi olduğunu söyləyib.

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun (QUSHEİ) elmi işçisi, Almaniyanın Leipzig Universitetinin doktorantı və eyni zamanda QUSHEİ-in Almaniya təmsilçisi Şamxal Əbilova isə 20 Yanvar faciəsi ilə Dağlıq Qarabağ arasındakı əlaqəyə toxunaraq qeyd edib ki, Çar Rusiyası zamanı ermənilərin İran və Osmanlı imperiyalarının ərazisindən Qarabağ bölgəsinə köçürülməsindən danışıb.

Ş.Əbilov tədbir iştirakçılarının diqqətini “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 1990-cı il 3 aprel tarixli SSRİ Qanununa çəkərək bu qanunun ermənilər tərəfindən Dağlıq Qarabağın Azərbaycan Respublikasından ayrılması istiqamətində hüquqi baza kimi istifadə edilməsinin həm Sovet Konstitusiyası həmdə həmin qanunun özü ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxış iştirakçıların rəy və suallarından ibarət müzakirələrlə davam edib və sonda Azərbaycanın Polşadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsi haqqında polyak dilində hazırlanmış bukletlər və Dağlıq Qarabağ həqiqətlərini əks etdirən kitablar tədbir iştirakçılarına təqdim edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm