• USD 1,7000 0,00% EUR 2,0009 -0,24%
    • GBP 2,3392 +0,32% RUB 0,0231 +0,43%

İslahat heç vaxt gec deyil

İslahat heç vaxt gec deyil

Əslində, Azərbaycanda sosial və iqtisadi sferada islahatlar xeyli müddət əvvəl başlayıb. Əhaliyə xidmət sahəsində inqilabi dəyişikliyə gətirmiş "ASAN" xidmətin yaradılması və onun uğurlu fəaliyyəti bir tərəfdən korrupsiyaya qarşı uğurlu mübarizə və şəffaflığın artırılmasında mühüm addım hesab olunursa, digər tərəfdən bu xidmət əhalinin sosial problemlərinin həllində mühüm rol oynayan bir mexanizmdir.

Təbii ki, elektron hökumətə keçidlə bağlı bütün məsələlər həllini tapmayıb, lakin bu sahədə dinamik inkişafı görməmək mümkün deyildir.

Qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilən islahatlar da nəzərəçarpacaq dinamikaya malikdir. Texnoparkların yaradılması, alternativ və bərpa olunan enerji mənbələrinin formalaşması sahəsində işlər, aqrar sektorun canlanması və s.

Təəssüflə qeyd olunmalıdır ki, uzun müddət idxal və ixrac əməliyyatlarında brokerlərin fəaliyyəti, sahibkarlığın, xüsusən də orta və kiçik sahibkarlığın inkişafına mane olan neqativ halların da yaranmasına səbəb olmuşdu.

Ötən ilin son aylarında ölkə Prezidentinin yeni islahatlara start verməsi ilə vəziyyət müsbətə doğru sürətlə dəyişməkdədir. Cəmi bir neçə ay keçib, bu gün lisenziyaların verilməsində olan bürokratiya və korrupsiya yüz faiz aradan qalxıb. Eyni zamanda lisenziyaların alınması üçün rüsumlar azaldılıb, bəzi sahələrdə lisenziyalaşma dayandırılıb.

Yoxlamalara iki il müddətinə moratorium qoyulası biznes üçün ciddi şansdır. Biznesin buna əlavə imkan kimi baxmalıdır, amma müsbət mənada. Nəzarətsilikdən istifadə edib sui-istifadəyə yol verməməlidir.

Gömrükdə broker (vasitəçi) xidməti ləğv edilməsi idxal və ixrac əməliyyatları üzərində monopoliyanın aradan qalxmasına gətirəcəkdir. Rəqabət mühitinin formalaşması idxal olunan malların ucuzlaşması baş verəcəkdir.

Azərbaycan dövləti sosial sahədə hər hansı məhdudiyyətə getməmişdir, əksinə, bəzi kateqoriyalar üzrə pensiyaların artımı, əmək haqlarının gözlənilən artımı göstərir ki, dövlət sosial sahədəki proqramları davam etdirəcəkdir. Ünvanlı dövlət sosial yardımlarının verilməsində ünvanlılığın tam təmin olunması istiqamətində son illərdə atılan addımlar müsbətdir. "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasi Prezidentinin 23 fevral 2015-ci il tarixli Fərmanı yardım üçün müraciət edən əhalinin işini çox asanlaşdırmaqla yanaşı, şəffaflığın artmasına və korrupsiya hallarının azalmasına gətirəcəkdir. Bununla belə bu sahədə daha ciddi islahatların həyata keçirilməsi vacibdir. Ünvanlılıq tam təmin olunmalı və korrupsiya halları tam aradan qalxmalıdır. Əhalinin ələbaxımlılığının aradan qaldırılması üçün tədricən başqa dəstək proqramları tətbiq edilməlidir.

İctimai nəzarətin gücləndirilməsi günün vacib tələbidir. Yoxlamalara morotoriumun qoyulduğu bir vaxtda ictimai nəzarət yeni yoxlama mexanizmi kimi nəzərdə tutula bilməz. Bununla belə cənab Prezident ictimai nəzarətin vacibliyini ilə bağlı dəfələrlə qeyd edib. Ölkə Prezidenti aydın mesajlar verir. İctimaiyyət və onu təmsil edən təsisatlar qərarların qəbulundan başlamış, onların icrasına qədər bütün proseslərə cəlb olunmalıdır. İslahatlar yalnız vətəndaş və ictimai iştirakçılığın təmin olunacağı halda ciddi effekt verə bilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iştirakı ilə “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda keçirilən "dəyirmi masa"da vətəndaş cəmiyyəti nümayəndələri islahatlarla bağlı xeyli səmərəli təkliflər irəli sürüblər. Şura hazırda bu istiqamətdə ölkə Prezidentinə vətəndaş cəmiyyətinin təkliflərini formalaşdırmaq üçün 3 işçi qrupu yaratmışdır. Ümid edirik ki, vətəndaş cəmiyyətinin təklifləri ictimai iştirakçılığın genişlənməsinə, onun effektin daha da artmasına gətirəcəkdir.

Bununla belə əksəriyyət mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuralar yaradılmamışdır. Hazırda Ədliyyə Naziliyində, Prezident yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyində, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada, Dövlət Miqrasiya Xidmətində bu şuralar səmərəli fəaliyyət göstərir. Ümid edirik ki, cənab Prezidentin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı son tələbləri digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarını belə şuraların tezliklə formalaşmasına sövq edəcəkdir. Həm də formal yox, işlək ictimai şuraların.

Ölkədə bütün sferalarda, o cümlədən idarəetmə, sosial, iqtisadi sahələrdə islahatların yeni dalğası qlobal böhranın ölkəmizə gətirdiyi təsirlərin aradan qaldırılmasına gətirməlidir. İqtisadi və sosial sferada islahatlar üçün ən səmərəli vaxt elə böhran dövrüdür. ABŞ ən böyük islahatları "böyük depressiya" illərində həyata keçirmişdir. Əslində indi də qlobal böyük depressiya dövrü başlanmışdır. Bir sıra ölkələrdə böhranlar daha əvvəl başlanmışdır.

2004-cü ildə möhtəşəm yay olimpiya oyunlarını təşkil edən Yunanıstan, Avropanın ən inkişaf etmiş ölkələrindən olan İspaniya, Portuqaliya sosial-iqtisadi böhranın məngənəsinə hələ neçə illər əvvəl daxil olmuşdur.

Bizdə vəziyyət dəfələrlə yaxşıdır. Yaranmış yeni şərait həm də bir şansdır. İslahatlara dəstək verənlər hər cür təşviq olunmalı, sabotaj edənlər, sui-istifadə hallarına yol verənlər isə ifşa edilməlidir.

Sahib Məmmədov

Vətəndaşların əmək hüquqları Liqasının sədri

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR