Prezidentin strateji xətti: Sahibkarlara kömək ediləcək
Bizi izləyin

Qırmızı.az

Prezidentin strateji xətti: Sahibkarlara kömək ediləcək

Prezident İlham Əliyev hələ ötən ilin oktyabr ayında 9 ayın sosial-iqtisadi yekunları ilə bağlı keçirilən müşavirədə bir sıra ciddi məsələlərə toxunaraq sahibkarlara qarşı təzyiqləri dövlətə xəyanət kimi qiymətləndirmişdi. Bundan sonra sahibkarlığın inkişafı istiqamətində kifayət qədər radikal addımlar atıldı. Bura yoxlamaların iki il müddətində aradan qaldırlmasını, lisenziyaların sayının azaldılması, sənədləşmənin ASAN Xidmətə verilməsi də sahibkarlığın inkişafı üçün olduqca əhəmiyyətli addımlardır.

Bu il də Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına kreditlərin verilməsi davam etdiriləcək. İl ərzində ən azı 250 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur. Sahibkarların yerli istehsala yatıracağı vəsaitlər nəzərə alınmaqla, iqtisadiyyatın real sektoruna investisiyaların həcmi 1 milyard manata yaxın olacaq.

Prezident İlham Əliyev də hesab edir ki, iş adamlarımız ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar. Belə şəraitdə daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər paketi hazırlanıb. Yaradılan iri fermer təsərrüfatları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr qısa müddət ərzində bu problemin həllinə kömək göstərəcək.

İqtisadi fəallıq bütün sferaları, o cümlədən tikinti sektorunu da əhatə edəcək. İş adamlarının böyük tikinti layihələrini icra etmələrinə tam şərait yaradılacaq. Dövlət başçısı hesab edir ki, iş adamlarına qarşı əsassız tələblər yığışdırılmalı, tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Bu addımlar həm mövcud vəziyyətə uyğun, həm də gələcək baxımından əhəmiyyətli hesab oluna bilər.

Cari ildə də dövlətin güzəştli kreditləri hesabına investisiya layihələrinin maliyyələşdirilməsi və eləcə də kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görüləcək. Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi və əlverişli mühitin yaradılması, bu sahədə yaradılan müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Dövlət tərəfindən ayrılan kreditlər və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də sahibkarlığın inkişafına böyük dəstəkdir.

Dövlət başçısının tapşırığına əsasən atılan addımlar - yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi həm də ölkəmizdə özəl sektorun yüksək səviyyədə inkişafını təmin edir, yaradılan şərait isə sahibkarlar qarşısında çox mühüm vəzifələr qoyur.

İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, ölkə başçısının son müşavirələrdə qeydləri göstərir ki, idxal və ixrac proseslərində, yerli istehsalda, kənd təsərüfatı istehsalçılarının bazara çıxmasında və digər istiqamətlərdə çox ciddi addımlar atılır. Ekspertin Publika.az-a bildirdiyinə görə, 2015-ci ilin iqtisadi nəticələri və neftin ucuzlaşması onu göstərdi ki, ölkə resurs asılılığını minimuma endirməlidir: “Sahibkarlığın inkişafı istiqamətində artıq 2016-cı ilin ilk günlərindən ciddi addımlar atılmağa başlanılıb. Belə ki, ölkə başçısının son müşavirələrdə qeydləri idxal və ixrac proseslərində, yerli istehsalda, kənd təsərüfatı istehsalçılarının bazara çıxmasında və digər istiqamətlərdə çox ciddi addımlar atılmasına sübutdur. Yanvarın 18-də ölkə başçısı tərəfindən ixracın stimullaşdırılması məsələləri əhatə edən və investorların təşviqi sənədinin verilməsi ilə bağlıdır iki fərman imzalanıb. Hər iki fərman onu göstərir ki, hökumət bu istiqamətdə ciddi işlər görür. Mən düşünürəm ki, hökumət bu istiqamətdə səyləri daha da gücləndirməli, iqtisadiyyatın hazırkı vəziyyətində ölkəyə xarici valyuta axınını cəlb etmək məqsədilə xarici investorların marağını çəkməlidir”.

R. Həsənovun sözlərinə görə, 2016-cı ildə bir çox islahatlar gedəcək və xüsusən də qeyri-neft sektorunun inkişafı təmin olunacaq.

Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu günədək 30 mindən çox sahibkara 1,7 milyard manat güzəştli kredit verilib və bu kreditlər hesabına 140 mindən çox yeni iş yerinin yaradılması imkanı yaranıb. 2015-ci ildə ölkə üzrə 5 min 230-dan çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşməsinə 248,5 milyon manat güzəştli kredit verilib. Kreditlərin 65 faizi regionların, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm