Zal Yusifov niyə restorana qızı Humayın adını verib?
Bizi izləyin

Qırmızı.az

Zal Yusifov niyə restorana qızı Humayın adını verib?

81 nəfər Azərbaycan vətəndaşının milyonlarla manat vəsaitini mənimsəyən “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmənin qərarının onun əmlakının müsadirə edilməsi və zərərçəkənlərin zərərinin ödənilməsi ilə bağlı hissəsi hələ də icra olunmayıb.

Belə ki, Zal Yusifovun atası Zakir Yusifov dəfələrlə müvafiq hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərək Ağır Cinayətlər Məhkəməsinin qərarının vətəndaşlara dəyən ziyanın ödənilməsi ilə bağlı hissəsinin həyata keçirilməsini uzadır. O, yenə də Ali Məhkəməyə şikayət ərizəsi ünvanlayaraq Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə olunması üçün üzərinə həbs qoyulan Binəqədi rayonu ərazisində yerləşən “Humay” şadlıq sarayı və digər mülklərin oğlu Zal Yusifova yox, onun özünə məxsus olduğunu iddia edib. Ali Məhkəmədə işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib. Qərarda əmlakların kimə məxsus olmasının aydınlaşdırılması üçün müvafiq qurumlara sorğu göndərilməsi qeyd edilib.

Bakı Apelyasiya Məhkəməsi tərəfindən həmin qərarla bağlı müvafiq qurumlara sorğu göndərilib. Sorğunun cavabı alınana qədər proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, bu cinayət işi apelyasiya instansiyasında artıq 4-cü dəfədir araşdırılır. Bundan əvvəl Bakı Apelyasiya Məhkəməsinin hakimləri – Mirpaşa Hüseynov, Rizvan Səfərov və Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən proseslərdə mülklərlə bağlı şikayət araşdırılıb. Aydınlaşıb ki, “Humay” şadlıq evinin sahibi olduğunu iddia edən Zakir Yusifovun adına 1992-ci ildə alınaraq rəsmiləşdirilən o ərazidəki kiçik bir bufet düz 15 il müddətində xırda çayxana kimi fəaliyyət göstərib. Yalnız Zal Yusifov dələduzluq yolu ilə vətəndaşların milyonlarla manat vəsaitini ələ keçirdikdən sonra, 2007-ci ildə həmin yerdə tikinti işləri aparılaraq dəbdəbəli bir şadlıq evi tikilib.

Həmçinin, o da gün kimi aydındır ki, 76 yaşlı Zakir Yusifovun sözügedən ərazidə milyonlara başa gələn dəbdəbəli şadlıq evi tikdirməsi onun imkanı xaricindədir. Zakir Yusifov özü məhkəmədə iddia edib ki, Ermənistanda kiçik bir kənddə icra nümayəndəsi işləyib və həmin ərazini də məmur olarkən topladığı vəsait hesabına tikib. Əvvəla, qaçqın kimi Bakıya gələndən sonra Ermənistanda işlədiyi müddətdə topladığı vəsait hesabına şadlıq sarayını niyə 1992-ci ildə deyil, 2007-ci ildə tikirdi? Digər tərəfdən, bir kiçik kəndin məmuru Bakının mərkəzində şadlıq sarayı tikmək üçün milyonları necə əldə edə bilər? Əgər Zakir Yusifovun həqiqəti əks etdirməyən bu iddialarına məhkəmələr inanmış olsaydı, bundan əvvəlki 3 ayrı-ayrı hakimin keçirdiyi proseslərdə ona qiymət verilərdi, iddiası təmin olunardı. Amma Zakir Yusifovun iddiası, qeyd edildiyi kimi, hakimlər tərəfindən qəbul edilməyib. Müəyyən olunub ki, üzərinə həbs qoyulan mülklər Zal Yusifovun bankda rəhbər vəzifədə işlədiyi dövrdə inşa olunub.

Həmçinin, Binəqədi rayonunun sözügedən ərazisində yaşayan sakinlər də təsdiqləyir ki, “Humay” şadlıq evi Zal Yusifovun özünə məxsusdur. Hətta o, şadlıq sarayını məhz böyük qızı Humayın adı ilə “Humay” adlandırıb. O, yaxınlarına bu restoranı böyüyəndə qızına verəcəyini bildirirmiş.

Reallıq budur ki, Azərbaycanda korrupsiya və dələduzluq yolu ilə əldə olunan vəsaitlərlə alınan əmlakları heç kəs öz adına rəsmiləşdirmir. Belə adamlar həmin əmlakların kupçalarını etibar etdikləri yaxın qohumlarının adına alırlar. Bununla var-dövlətlərini məhkəmə çəkişmələrindən xilas etdiklərini düşünürlər. Amma bir neçə il öncə DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov kriminal dəstə başçısı kimi məsuliyyətə cəlb olunanda onun qohumlarının adına sənədləşdirdiyi bütün əmlaklarının üzərinə müvafiq hüquq mühafizə orqanları tərəfindən həbs qoyularaq icraya yönəldildi.

Qeyd edək ki, Milli Məclisin dünənki növbədən kənar iclasinda deputat Elmira Axundova da bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev son müşavirə zamanı iqtisadi blokla bağlı ciddi tapşırıqlar verib: “Prezident bəyan etdi ki, sosial durum əsas məsələ olacaq. Əhali Prezidentin bu çıxışını müsbət qarşılayıb. Fikrimcə, bəzi məsələlərə yenidən baxılmalıdır. Bank sisteminə yaradılan inamsızlıq aradan qaldırılmalıdır. Ajiotaja görə bütün məsuliyyəti əhalinin üzərinə atmaq olmaz. Əhali banklara inanırdı. Bəzən evini satıb banka qoyurdu ki, əlavə gəlir əldə etsin. Bir neçə il öncə "Texnikabank"da xoşagəlməz hadisələr baş verdi. Hətta bu proseslər həbslərin aparılması ilə nəticələndi. Sıravi insanlar bundan ziyan çəkməməlidir. "Texnikabank"da əhalinin əmanətlərini hələ də qaytarmayıblar. Üstəlik, pulun dəyəri əvvəlki illərlə müqayisədə düşüb. Zərərçəkənlərin pulları tezliklə qaytarılmalıdır".

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadova bildirib ki, həm “Texnikabank”, həm də digər banklarda vətəndaşlara dəymiş ziyan Mərkəzi Bankın nəzarətində olmalıdır: “Biz “Bank of Azərbaycan”la bağlı Mərkəzi Banka dəfələrlə müraciət etmişdik ki, lisenziyası geri alınsın. Müraciətimiz nəticəsiz qalanda bankın lisenziyasının ləğv edilməsi üçün məhkəməyə şikayət etdik. Məhkəmə bankın lisenziyasının ləğv edilməsi ilə bağlı qərar verdi. Bank 2 il idi ki, bu problemi yaşayırdı. İmkanı yox idi ki, əmanətçilərin pullarını ödəsin. Bu məsələ çox ciddi idi. Buna elə-belə baxmaq düzgün deyil. Təsəvvür edin, istehlakçının hüququ pozulur, bu barədə tədbir görülmür. Mərkəzi Bank bilir ki, “Texnikabank”ın probemləri var, vətəndaşlar bankdan məhkəmələrə şikayətlər edir. Amma reaksiya vermir”.

İradə Cavadova qeyd edib ki, “Texnikabank”ın Bakı filialının müdirinin məsələsi uzun müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyində araşdırılıb: “Bu qədər vətəndaşın şikayəti olsa da, “Texnikabank”ın barəsində bir tədbir görülməyib”. Vəkilin sözlərinə görə, “Texnikabank”da batan əmanətlərin vaxtında qaytarılmasına Mərkəzi Bank və Maliyyə Nazirliyi də nəzarət etməli idi: “Bu qurumlar nəyə görə imkan verib ki, 8 il ərzində vətəndaşların manatla olan pulu faktiki dəyərini itirsin. 1-2 il əvvəl qaytarılmış olsaydı, həmin pulların böyük dəyəri olardı. Devalvasiyadan sonra bu vəsaitlər görün, nə qədər dəyərsizləşib. Buna görə bank əlavə kompensasiya ödəyəcəkmi? Əslində burada vətəndaşa dəymiş ziyana görə, əlavə kompensasiya ödənilməlidir”.

Texnikabank”ın Bakı filiallının sabiq rəhbəri Zal Yusifovun atası Zakir Yusifovun zərərçəkənlərə dəyən zərərin ödənilməsi üçün üzərinə həbs qoyulmuş mülklərin müsadirə edilməsi ilə bağlı iddiasına toxunan İradə Cavadova bildirib ki, məhkəmə bununla bağlı prosesi uzadan şəxsin özünün barəsində tədbir görməlidir, həmin şəxs cərimələnməlidir: “Amma məhkəmələr işi uzadan şəxs barəsində cəza müəyyən etmirlər. Bu, yolverilməzdir”.

İradə Cavadova qeyd edib ki, manatın devalvasiyasından sonra banka qoyulan vasəitlərin dəyərləndirilməsi üçün əlavə iddia qaldırılmalıdır: “Çünki zərərçəkmişlər vaxtında pullarını alsaydılar, o vəsaitin dəyərində iş görəcəkdilər. Burada zərərçəkmişlər faktiki ikinci dəfə zərər çəkiblər. Çünki zərərçəkənə ödənməli olan pullar artıq dəyərsizləşib. “Bu, məsuliyyəti daha da artırır. Burada zərərçəkmişə dəymiş ziyanın əlavə faizini də, əldən çıxmış faydasını da ödəməlidir. Onlar özləri çox bahalı maşınlar sürür, dəbdəbəli evlərdə yaşayırlar, neçə-neçə bahalı mülkləri mövcuddur. Həmin maşınları, villaları satsınlar, camaatın pulunu qaytarsınlar. Hesab edirəm ki, bu, çox ədalətli olar”.

Həsən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm