Yol polisindən XƏBƏRDARLIQ: "Bu yollar təhlükəlidir"
Bizi izləyin

Qırmızı.az

Yol polisindən XƏBƏRDARLIQ: "Bu yollar təhlükəlidir"

Bu gün səhər saatlarında qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın yüksək dağlıq ərazilərində 3 zəncirvari qəza baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb, qəzalar yalnız maddi ziyanla nəticələnib.

Bunu Publika.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, gecə saatlarında isə maddi zərərlə nəticələnən 4 yol nəqliyyat hadisəsi baş verib.

V.Əsədov bildirib ki, paytaxtın yüksək ərazilərində - Yasamal rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində və bəzi enişli-yoxuşlu yollarında avtomobillərin sürüşmə təhlükəsi var. Dünəndən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın enişli-yoxuşlu, sərt döngələrində yol polisi tərəfindən nəzarət gücləndirilib. Kameralar və ərazi üzrə təhkim olunmuş polislər əraziyə nəzarət edir. Yolların təmizlənməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Qış qarajına və “Azəryolservis”ə məlumat verilib”.

V.Əsədov onu da əlavə edib ki, sürücülər avtomobili idarə edərkən mövcud hava şəraitini nəzərə almalıdırlar:

“Bir daha avtomobil sahiblərinə, sürücülərə müraciət edirik ki, dövlət nömrə nişanının görünməsi və işıq cihazlarının təmiz saxlanmasına riayət etməlidirlər. Əks halda, sürücülər inzibati qaydada məsuliyyət daşıyır. Şəxsi avtomobillərdən imtina edib, ictimai nəqliyyata üstünlük versinlər. Texniki cəhətdən saz avtomobillərdən istifadə edilməli, ara məsafəsi normadan artıq, sürət həddi minimuma enməli, əyləc sistemindən mümkün qədər az istifadə edilməlidir. Bir daha sürücülərə müraciət edirik ki, avtomobillərdən istifadə edərkən sinoptiklərin və yol polisinin xəbərdarlığını nəzərə alsınlar”.

Yollarda sürüşmə ehtimalı nəzərə alınaraq piyadalardan xahiş edilir ki, yolların hərəkət hissəsinə çıxmasınlar, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etsinlər, valideynlər azyaşlı uşaqların qapalı şəraitdə olmasına diqqət yetirsinlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm