Məşğulluğun yeni prioritetləri: 10 illik KONSEPSİYA
Bizi izləyin

Qırmızı.az

Məşğulluğun yeni prioritetləri: 10 illik KONSEPSİYA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması məqsədilə yaradılmış İşçi qrupun iclası keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə İqtisadiyyat, Mədəniyyət və Turizm, Gənclər və İdman, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Həmkarlar İttifaqları Konfederasiyasının, Dünya Bankının, BMT-nin Əhali Fondunun, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edib.

İşçi qrupunda ümumilikdə 21 aidiyyəti dövlət orqanı və sosial tərəfdaşlar təmsil olunur.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək 2016-2025-ci illəri əhatə edəcək Konsepsiya layihəsinin 3 ay müddətində hazırlanmasının nəzərdə tutulduğunu deyib.

Nazir qeyd edib ki, Azərbaycanda müsbət demoqrafik amillərin təsiri nəticəsində, ölkə əhalisi artmaqda davam edir: “Bu müsbət demoqrafik tendensiya gələcəkdə yeni iş yerlərinin artırılmasını əsas vəzifələrdən biri kimi müəyyən edir. Ona görə də daim artan demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi yeni Konsepsiya layihəsinin hazırlanması zamanı diqqətdə saxlanılacaq. Makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, yeni iqtisadi inkişaf mərhələsində məşğulluq siyasətinin formalaşdırılması, infrastruktur layihələrində, dövlət investisiya xərclərində məşğulluq amilinə önəm verilməsi, rəqabətədavamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması layihədə prioritet istiqamətlər kimi əksini tapacaq. Bu istiqamətlər sırasına işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyası, sosial məsuliyyət və sosial tərəfdaşlığın inkişaf etdirilməsi də daxil ediləcək”.

S.Müslümov həmin istiqamətlər nəzərə alınmaqla, “Azərbaycan Respublikasında Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması üzrə İşçi Qrupun müzakirəsi üçün müəyyən edilən məsələləri qeyd edib: “Bu məsələlər sırasına iqtisadi şaxələndirmənin məşğulluğun strukturuna və inkişafına təsirinin qiymətləndirilməsi, əmək bazarında tarazlığı təmin edəcək və məşğulluğu stimullaşdıracaq institusional islahatların istiqamətlərinin müəyyən edilməsi, regionlar üzrə qeyri-neft sektoruna üstünlük verilməklə yeni iş yerlərinin yaradılması və məşğulluğun strukturunun diversifikasiyası, əmək bazarının inkişafı üzrə vahid informasiya məkanının formalaşdırılması və s. aiddir. Həmçinin, əmək bazarında peşə və ixtisaslar üzrə kadr tələbatına dair proqnozun müəyyənləşdirilməsi metodologiyasının hazırlanması, ali, orta və peşə-ixtisas tədris müəssisələrinə tələbə qəbulunun əmək bazarının real və perspektiv tələblərinə uyğunlaşdırılması, işsizlkdən icbari sığorta sisteminin tətbiqi, ev təsərrüfatları başçısı olan qadınların əmək bazarına çıxış imkanlarının qiymətləndirilməsi və digər məsələlər nəzərdə saxlanılacaq”.

Eyni zamanda, müvafiq statistik rəqəmlər təhlil edilməklə, hazırlanacaq Konsepsiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdiriliməsi, beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılması və gənclərin əmək bazarına daxil olmaları üçün yeni peşə və bacarıqlara yiyələnmələrinə şəraitin yaradılması, eləcə də Azərbaycanda təbii kapitalın insan kapitalına yönləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm