Azərbaycan Dillər Universitetində imtahan prosesi - MONİTORİNQ
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Dillər Universitetində imtahan prosesi - MONİTORİNQ

Azərbaycan Dillər Universitetində imtahan prosesinin monitorinqi keçirilib.

Publika.az xəbər verir ki, keçirilən monitorinqin məqsədi payız imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq, obyektivlik və qərəzsizliyin təmin edilməsidir.

Monitorinqdə jurnalistlərlə yanaşı “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “XXI əsr Təhsil mərkəzi”nin rəhbəri Etibar Əliyev, təhsil üzrə ekspert Nadir İsrafilov, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdova, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev, jurnalistlər iştirak edib.

Media nümayəndələri və ekspertlər bütün fakültələr üzrə imtahan otaqlarına baş çəkdi. Tələbələr yazılı formada keçirilən imtahandan razı olduqlarını bildiriblər. Bəzi ali məktəblərdə imtahan həm test və yazılı formada keçirildiyi halda, Azərbaycan Dillər Universitetində imtahan ancaq yazılı formada keçirilir. Bu, tələbələrin fikrini dolğun ifadə etmək bacarığının inkişaf etdirilməsi ilə əlaqələndirilir.

İmtahanı izləyən nəzarətçi Afaq Hacıyevanın sözlərinə görə, az da olsa, tələbələr arasında köçürməyə meyli olanlar aşkarlanır: “Bu gün imtahan verən tələbələrdən “şparqalka” tapılmasa da, əvvəlki imtahanda belə faktlar olub”.

ADU-nun rektor vəzifəsini icra edən Dünyamin Yunusov ekspertlər və media nümayəndələri ilə görüşdü və monitorinqin nəticələri müzakirə edildi. O imtahanlarda şəffaflığın təmin edilməsi üçün görülən işlərdən danışdı. D.Yunusov imtahanlarda “rüşvət” hallarına son qoymağın əsas devizləri olduğunu dedi: “Həmişə rüşvətə nifrət etmişəm. Artıq valideynlər rüşvətin öz gələcəyimizə, balalarımıza vurduğu zərbələri dərk edir. Çalışmalıyıq ki, neqativ halları aradan qaldıraq. Bizim universitetdə rüşvətə qarşı mübarizə aparılır. Tam kökü kəsilməsə də, xeyli azalıb. Bu semestr imtahanlarında özüm şəxsən 5 imtahana prosesinin gedişini izləmişəm. İmtahanların şəffaf keçməsi üçün münbit şəraitin yaranmasına var qüvvəmizlə çalışırıq. Tələbə dərk etməlidir ki, onun nicatı aldığı bilikdədir, bura bilik öyrənməyə gəlir, gələcəyini, karyerasını buradan öyrəndikləri sayəsində qura bilər. Neqativ halların qarışını almaq üçün bəzən imtahan nəticələrini dəfələrlə yoxlayırıq, bəzən özüm də bu yoxlamada iştirak edirəm. Çalışmalıyıq ki, yavaş-yavaş neqativ hallara son qoyaq. Tələbələr özləri imtahanın obyektivliyinə inanmalıdır”.

Təhsil ekspertləri də imtahanın keçirilmə prosesindən razı qaldıqları bildirdilər. Bununla yanaşı, imtahanların yalnız yazılı deyil, şifahi qaydada keçirilməsini tövsiyə etdilər. Ekspertlər şifahi imtahanın tələbələrin nitqinin inkişafı üçün önəmli olduğunu dedilər. D.Yunusov gələcəkdə ekspertlərin təkliflərin nəzərə alınacağını dedi.

Qeyd edək ki, imtahan sessiyası boyunca universitetin müxtəlif yerlərində Operativ Qərargah yaradılıb, “Qaynar Xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciət və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub. Tələbələr imtahanla bağlı şikayət və təkliflərini yazılı formada qeyd edirlər. Hər imtahan gününün sonunda həmin müraciətlər oxunur və lazım olanda tədbir görülür. İmtahan sessiyası əyani şöbədə dekabrın 29-dan, fevralın 1-dək, qiyabi şöbədə isə yanvarın 6-dan fevralın 10-dək davam edəcək.


Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm