Zakir Həsənov: Düşmən xeyli itki verib
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov: Düşmən xeyli itki verib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə keçirilən təlim-metodiki toplantısında müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Z.Həsənov döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparıb, bu sahədə tədbirlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu xüsusi vurğulayan nazir bu istiqamətdə Silahlı Qüvvələrin üzərinə düşən vəzifələri qeyd edib.

Müdafiə naziri, eyni zamanda Silahlı Qüvvələrdə aparılan islahatlar, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində xeyli sayda yeni hərbi şəhərciklərin açılması, ordu təchizatına müasir döyüş texnikası, silah-sursat və yeni avadanlığın daxil edilməsi barədə məlumatı da diqqətə çatdırıb.

Aparılan islahatların bundan sonra da davam etdiriləcəyini vurğulayan nazir cari ilin birinci yarısında bəzi hərbi şəhərciklərdə tikinti işlərinin sona çatdırılacağını, eləcə də cəbhəboyu zonada tam təminatlı yeni hərbi hissələrin açılacağını da bildirib.

Z.Həsənov bildirib ki, xidməti mənzillərlə yanaşı, ilin sonunadək daha 500-dək daimi mənzilin hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub: "Silahlı Qüvvələrin istifadəsinə ən müasir texnika və silah-sursatın verilməsi prosesi də davam etdiriləcək. Silahlı Qüvvələrimiz düşmən ordusundan qat-qat üstün olduğunu döyüş meydanında bir daha sübut etdi. Düşmən xeyli itki verib. Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha da sarsıdıcı zərbələr endiriləcək. Əldə etdiyimiz uğurlar xalqımızın orduya olan inamından, Ali Baş Komandanın diqqət və qayğısından irəli gəlir".

Sonda general-polkovnik Z.Həsənov döyüş və mənəvi-psixoloji hazırlıq işinin daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqlarını verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm