Bu halda tələbə qovulmalıdır - SORĞU
Bizi izləyin

Qırmızı.az

Bu halda tələbə qovulmalıdır - SORĞU

Son günlərdə yanacaqdoldurma məntəqəsində mühafizəçini döyməklə gündəmə gələn İsa Əzizov ali məktəbdə dərsə davamiyyətinə təsir edəcəyini əsas gətirərək cəzadan azad olunmasını istəyib. Lakin onun istəyi təmin edilməyib. İ.Əzizovun təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetindən isə bildirdilər ki, onun dərsə davamiyyəti və semestr nəticələri 0 olduğu üçün qış imtahan sessiyasına buraxılmayıb. Bəs belə bir məsuliyyətə cəlb olunan tələbə universitetdən xaric edilə bilərmi?

Publika.az bu sualla bir neçə ali məktəbə müraciət edib.

Azərbaycan Dövlət Tibb Universitetinin Tədris hissə müdiri Nəsimi Qasımov Publika.az-a açıqlamasında bildirib ki, hər hansı universitet tələbəsi barəsində məhkəmə qərarı olarsa, yaxud o, universitetin qaydalarını pozarsa, universitetdən xaric edilir. Ancaq bərpa olmaq hüququnu itirmir:

“Tələbənin universitetdən xaric edilməsi üçün ya özü ərizə yazmalıdır, ya da qanunu pozduğu üçün məhkəmə qərarı ilə verilmiş cəzası olmalıdır. Lakin həmin tələbə cinayət törədib məsuliyyətə cəlb olunandan sonra təhsilini davam etdirə bilər. Əlbəttə, qanun çərçivəsində ona verilən cəzanı çəkəndən sonra. Bildiyiniz kimi, təhsildə məhdudiyyət yoxdur. Bizim ali məktəbə, adətən, qanuna tabe insanlar daxil olur, belə hallar təcrübəmizdə yoxdur”.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məhkəmənin hökmü ilə həbs olunan tələbənin universitetdən xaric edildiyini deyib. Həmin şəxs cəzasını çəkəndən sonra universitetdə təhsilini davam etdirə bilər.

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr Departamentindən Publika.az-a bildirdilər ki, bu vaxta qədər universitet təcrübəsində belə hal yaşanmayıb:

“Azərbaycan Dillər Universitetində nizam-intizam qaydalarına həmişə riayət olunub. Ali təhsil ocağında təhsil alan tələbələrin dərslərdə davamiyyəti, elmi sahədə fəaliyyətləri diqqət mərkəzində saxlanıldığı kimi, onun cəmiyyətdəki mövqeyi, davranışı da diqqətdə saxlanılır. Universitet tələbələrinin hər hansı cinayətdə iştirakı qeydə alınarsa, qanunvericilik çərçivəsində müəyyən tədbirlər görülə bilər”.

Bakı Slavyan Universiteti mətbuat xidmətindən bildirdilər ki, tələbənin universitetdən xaric edilməsi ilə bağlı universitetin daxili davranış qaydaları var.

“Əgər tələbə universitet daxilində cinayət törədibsə, o, ali məktəbdən xaric edilir. Tələbə hadisəni universitetdən kənar edibsə, bu zaman qanunvericiliyin tələbələrinə uyğun cəzalandırılır. Tələbənin cəzasını çəkdiyi müddətdə təhsili dayandırılır. Çünki baloniya prosesinə əsasən, hər semestr ərzində tələbənin dərs buraxması ilə bağlı 25%-lik məhdudiyyət var. Cəzasını çəkəndən sonra o, təhsilinin qalan hissəsini ya alt qruplar, ya da yay məktəbində davam etdirə bilər”.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Mətbuat və İnformasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, cinayət törətmiş tələbə ali məktəbdən xaric edilir:

“Qanunun tələblərinə uyğun olaraq məhkəmə yekun qərar verənə qədər tələbə təhsildən azad edilmir. Çünki tələbəyə bəraət də verilə bilər. Məhkəmə həbs barədə qərarı qəbul edəndən sonra tələbə ali məktəbdən xaric edilir. Lakin cəzasını çəkib başa vurandan sonra təhsilini davam etdirə bilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm