Temperatur iqlim normasından yüksəkdir
Bizi izləyin

Qırmızı.az

Temperatur iqlim normasından yüksəkdir

Son günlər ölkə ərazisində müşahidə olunan hava şəraiti iqlim normasında bir neçə dərəcə yüksəkdir.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

G. Məmmədova bildirib ki, bu gün paytaxtda və bölgələrdə müşahidə olunan hava şəraiti yaxın iki gün ərzində müşahidə ediləcək.

“Havanın temperaturu günorta saatlarında 10-15 dərəcə arasında dəyişəcək, cənub küləyinin üstünlüyü müşahidə ediləcək. Fevral ayı ərzində bəzi günlərdə havanın temperaturunun iqlim normasından 2-3 dərəcə yüksək olması proqnozlaşdırılır. Bu gün də müşahidə olunan hava şəraiti iqlim normasından 2 dərəcə yüksəkdir. Bunun səbəbi isti hava kütləsinin ölkə ərazisinə daxil olması və cənub-qərb küləyinin üstünlük təşkil etməsi ilə əlaqədardır. Havanın temperaturu 12-17 dərəcə arasında dəyişəcək. Bu cür hava şəraiti fevral ayı üçün xarakterik hesab edilir. Əvvəlki illərdə də fevral ayı ərzində bu cür hava şəraiti müşahidə edilib.Meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər metohəssas insanlar üçün əsasən əlverişlidir”.

Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi Məhərrəm Həsənov bildirib ki, tropik hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması nəticəsində ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksəkdir.

“Bu cür hava kütlələri Şimali Afrika və Ərəbistan yarımadası üzərində formalaşır. Azərbaycan ərazisinə yayda daxil olarsa,temperaturu daha da yüksəldir, isti, quru hava şəraiti formalaşır. Qış aylarında, xüsusən yanvar-fevral aylarında bu cür hava kütlələrinin daxil olması havanın orta sutkalıq temperaturu çoxillik normaya nisbətən 2-3, bəzən 4-5 dərəcə yüksəlməsinə səbəb olur. Bu cür hava hər il müşahidə edilir”.

M.Həsənov bildirib ki, bu cür hava şəraiti 3 gündən artıq davam etmir.

“Bundan sonra respublika ərazisində alçaq təzyiq şəraiti yarandığına görə şimaldan soyuq hava kütlələrinin əraziyə daxil olması ehtimalı çoxalır, havanın temperaturu əvvəlki günlərə nisbətən 6-7 dərəcə aşağı düşür. Hava şəraitinin qısa müddət ərzində bu cür dəyişməsi metohəssas insanların, xüsusən hipertoniya xəstəliyi olanlarda təzyiqin tez-tez dəyişməsinə və özlərini çox narahat hiss etməsinə səbəb olur. Bu cür hava şəraiti kənd təsərrüfatına mənfi təsir etmir. Lakin bu cür hava fevralın 20-dən sonra da müşahidə edilsə, badam, alça, ərik, şaftalı kimi ağacların vaxtından əvvəl çiçəkləməsinə səbəb olur. Bunun ardınca soyuq hava şəraitinin müşahidə edilməsi çiçəkləri məhv edir, həmin bitkilərin məhsuldarlığının aşağı düşməsinə səbəb olur”.

Onun sözlərinə görə, son 20 ildə fevral ayında maksimum temperatur 2010-cu ildə müşahidə edilib. Həmin il ay ərzində temperatur normadan 3 dərəcə yüksək olub.

“Bu il qış fəslində temperatur orta çoxillik normaya yaxın olub. 1961-ci ildən 1990-cı illər ərzində olan hava şəraiti ilə müqayisədə 1990-2012-ci ilə qədər olan dövrdə havanın temperaturu 0.5 dərəcə yüksəlib. Ümumi iqlim məlumatı kimi götürəndə bu, böyük rəqəmdir. Bu qlobal iqlim dəyişmələrinin Azərbaycanda təzahürünü göstərir. Bu artım tədricən baş verdiyindən insan səhhətinə ciddi təsir etmir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm