Gürzə, Nərda, Rövşən adlı qızlarımız – Valideynlərin sərsəm istəyi
Bizi izləyin

Qırmızı.az

Gürzə, Nərda, Rövşən adlı qızlarımız – Valideynlərin sərsəm istəyi

“Son dövrlər valideynlər övladlarına Məstan, Gürzə, Nərda kimi adları qoymaq üçün müraciət edirlər. Həmçinin iki dəfə oğlan adı kimi qəbul edilən Rövşən adını qız övladlarına qoymaq istəyiblər. Biz də valideynlərə onun əvəzinə Rövşanə adını qoymağı tövsiyə edirik. Hesab edirəm ki, adın düzgün seçilməməsi valideynin təfəkkürü ilə bağlıdır”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya şöbəsinin müdiri, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

S.Sadıqova bildirib ki, bu insanlar daha çox ASAN xidmət mərkəzlərinə müraciət edirlər.

“Onlar da bizə müraciət edirlər. Biz də şəxs adlarının verilməsində ədəbi dil qaydalarının qorunması üçün tövsiyələr veririk. Qıza Şikayət, Peşman adlarının verilməsi nə qədər doğrudur? Biz də belə adların qoyulmasına razı olmuruq. Son bir ildə Cinayət, Şüşəbənd, Stəkan adlarının qoymaq istəyi ilə bağlı müraciət olmayıb. Lumu adını hələ də qoymaq istəyənlər olub. Valideynləri məlumatlandırandan sonra həmin adı qoymaqdan imtina ediblər”.

Şöbə müdiri artıq adlarla bağlı lüğətin hazır olduğunu və yaxın zamanda çap ediləcəyini deyib:

“Artıq “İzahlı şəxs adları lüğəti” hazırlanıb. Lüğətdə 6 minə qədər şəxs adı yer alıb. Kişi və qadın adları olaraq iki hissəyə bölünüb, hər adın mənası qeyd olunub. Yeni lüğətdə həmin adlarla yanaşı, Ədliyyə Nazirliyi tərəfindən qeydə alınan adlar da daxil edilib. Bu lüğət bütün ASAN xidmət mərkəzlərinə təqdim ediləcək. Bundan başqa, Kolxoz, Sovxoz, Kombayn kimi adlar lüğətdən çıxarılıb. Lumu, Peşiman, Adsız, həmçinin Seyidü Fatimə Xanım, Seyidü Zəhra Xanım kimi mürəkkəb adlar qoymaq üçün müraciət ediblər. Həmin adların Azərbaycan ədəbi dil qaydalarına uyğun olmadığı valideynlərə izah edilib. Mürəkkəb adları qısa formada istifadə etməyi tövsiyə etmişik”.

Onun sözlərinə görə, son vaxtlar övladlarına türk mənşəli ad qoymaq istəyənlər olub.

“Albars, Alpər adlarını qoymaq istəyənlərin sayı artıb. Qədim türk adlarının qoyulması müsbət hesab edilir. Bununla yanaşı, övladına əcnəbi ad, təsadüfən eşitdikləri adları qoymaq istəyənlər də olur. Bu istəklər nəzərə alınmaqla müzakirə edilir. Lakin adların qoyulması xüsusi nəzarət altındadır. Ərəb mənşəli adlar artıq milliləşib. Məryəm, Ellada kimi adlar həm şərq xalqlarında, həm də Avropada istifadə edilir. Bunlar artıq işləklik qazanıb. Son dövrlər övladının adını Nyuton, Şekspir qoymaq üçün müraciət edən olmayıb. Dəmir, Dərya, Damla kimi adlara daha çox önəm verirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm