
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Publika.az-ın məlumatına görə, toplantıda daha 600-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib.
Ümumilikdə, indiyədək Tarif (qiymət) Şurası tərəfindən dərman
vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası,
farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı,
istehsal ölkəsi nəzərə alınmaqla 5651 dərman vasitəsinin topdan və
pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki,
bunlardan 3711 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq
satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1940 dərman vasitəsinin
yeni qiymətləri bu ilin 25 fevral tarixindən qüvvəyə minəcək.
İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin manatın
məzənnəsində baş verən dəyişikliklərdən əvvəl satışda olan
qiymətləri ilə müqayisədə belə 20%-nin qiyməti 2 dəfədən çox,
8%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 60%-nin
qiymətləri endirilib.
Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup
təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən
etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq
edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq
edildikdən sonra həyata keçirilə bilər.
Şuranın iclasında, həmçinin yeni təsiredici maddələr üzrə dərman
vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin
(bəyannamələrin) qəbulu elan olunub və fevralın 22-i sənədlərin
qəbulu üçün son tarix olaraq müəyyən edilib.
Qərarlar və dərman
vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet
saytının (www.tariff.gov.az) “Şuranın qərarları” və “Dərman
vasitələri” bölmələrində yerləşdirilib.