Regionlara yeni aşağı büdcəli aviareyslər açılacaq
Bizi izləyin

Qırmızı.az

Regionlara yeni aşağı büdcəli aviareyslər açılacaq

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tərkibində olan Aviasiya Təhlükəsizlik İdarəsi və beynəlxalq hava limanlarının rəhbərliyi Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və bir sıra digər ölkələrin aviasiya hakimiyyəti orqanlarının nümayəndələri ilə 2016-cı ilin yanvar ayından etibarən sərnişin daşımaları üzrə daha sıx əməkdaşlıq üçün danışıqlar aparır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycanın regionlarından digər ölkələrin məşhur istiqamətlərinə reyslərin həyata keçirilməsi məsələsi gündəlikdədir. Xüsusilə də, İstanbuldan Qəbələ və Lənkəran hava limanlarına türk aviaşirkətləri “Pegasus” və “Atlasjet” tərəfindən uçuşların yerinə yetirilməsi məsələsi müzakirə olunur.

Həmçinin “Air Arabia” büdcə aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin böyüklüyünə görə üçüncü şəhəri - Şarjadan Bakı, Qəbələ və Azərbaycanın digər regionlarına birbaşa reyslər aça bilər.

Bu yaxınlarda İsrailin milli aviadaşıyıcısı – “El Al” Israel Airlines aviaşirkətinin nümayəndə heyəti Azərbaycana səfər etmiş və Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında aviasiya təhlükəsizliyi sahəsində audit yoxlamaları həyata keçirmişdir. “El Al” şirkətinin nümayəndələri 2016-cı ildə İsrailin “El Al” və “Arkia” aviaşirkətlərinin Təl-Əviv-dən Bakıya birbaşa reyslər açmaq planları barədə elan etmişdirlər.

Həmçinin bu yaxınlarda Rusiyanın “UTair” və “Ural Hava Yolları” aviaşirkətləri tərəfindən Bakı, Lənkəran və Gəncə hava limanlarında bir sıra audit yoxlamaları həyata keçirilmişdir. Aviaşirkətlərin nümayəndələri audit yoxlamalarının nəticələrinə görə aviasiya təhlükəsizliyinin təşkili və sərnişin reyslərində xidmət səviyyəsini yüksək qiymətləndirmişdirlər.

Qeyd edək ki, artıq “Turkish Airlines” (İstanbul - Naxçıvan, İstanbul - Gəncə), Rusiya aviaşirkətləri “Utair” (Moskva - Naxçıvan) və “Ural Hava Yolları” (Moskva - Gəncə, Moskva - Lənkəran, Moskva - Qəbələ) Azərbaycan regionlarına uçuşlar həyata keçirir.

Bir neçə rus aviaşirkəti artıq Sankt-Peterburq, Yekaterinburq və Novosibirskdən bizim regional hava limanlarına uçuşlar həyata keçirmək niyyətlərini bildirmişlər.

“Biz uçuşların coğrafiyasını genişləndirmək və Azərbaycana turistləri cəlb etmək məqsədi ilə bundan sonra da digər ölkələrin aviaşirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Biz Azərbaycana yeni marşrutların açılmasını planlaşdıran hər bir aviaşirkət ilə fərdi qaydada danışıqların aparılmasını planlaşdırırıq və tərəfimizdən ilkin mərhələdə regional hava limanlarında xidmət üzrə əlavə güzəştlərin verilməsini nəzərdən keçirməyə hazırıq”, - “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Arif Məmmədov bildirmişdir.

Hazırda Azərbaycanda beynəlxalq statusu malik və mülki aviasiya sahəsində bütün müasir tələblərə cavab verən 6 hava limanı (Bakıda, Naxçıvanda, Gəncədə, Qəbələdə, Lənkəranda və Zaqatalada) fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm