Səhiyyə Nazirliyi ana ölümünün səbəbini açıqladı
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi ana ölümünün səbəbini açıqladı

Səhiyyə Nazirliyi Elnurə Xanəliyevanın “donuz qripi”ndən ölməsi ilə bağlı iddialara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, Beyləqan rayon sakini, Binə qəsəbəsində kirayədə qalan 1986-cı il təvəllüdlü Xanəliyeva Elnurə Elman qızı 5 fevral tarixində üçüncü hamiləliklə kritik vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanaya yerləşdirilib. Ağır vəziyyətdə, kəskin tənəffüs çatışmazlığı, respirator xəstəliyi ilə gətirilən hamilə qadınla bağlı dərhal bütün lazımi müayinələr aparılıb. Qadının yaxınları bildiriblər ki, o, artıq 20-25 gündür kəskin respirator infeksiyaya yoluxub və yalnız ev şəraitində müalicə ilə kifayətlənib.

Ananın və körpənin həyatını xilas etmək məqsədi ilə operativ konsiliumdan dərhal sonra fevralın 5-də hamilə üzərində qeysəriyyə əməliyyatı keçirilib, diri döl, oğlan uşağı xaric edilib. Reanimasion tədbirlərdən sonra həkimlərin səyi nəticəsində uşağı kritik vəziyyətdən çıxarmaq mümkün olub. Ana üzərində bütün reanimasiya və intensiv terapiya tədbirləri aparılıb, konsultasiyalar təşkil olunub, respublikanın baş anestezioloq-reanimotoloqu və pulmonoloqlar tərəfindən, habelə taun əleyhinə dispanserin laborator müayinəsi aparılıb, nümunələr götürülüb. Lakin xəstənin çox ağır və gecikmiş vəziyyətdə olması, iki həftədən artıq ev şəraitində kəskin respirator xəstəliklə müalicəsiz qalması ağ ciyərlərin pnevmoniyasına, kəskin tənəffüs çatışmazlığına gətirib çıxarıb ki, bu da öz növbəsində 09.02.2016-ci il tarixində hamilə xanımın dünyasını dəyişməsinə səbəb olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm