Kəmaləddin Heydərov Qəbələ ictimaiyyəti ilə görüşdü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Qəbələ ictimaiyyəti ilə görüşdü - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 11-də Qəbələ rayonunda ictimaiyyət nümayəndələri ilə görüşmüşdür.

Publika.az xəbər verir ki, görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.

Görüşdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, son illər rayonda həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat vermişdir. Rayon rəhbəri bildirmişdir ki, son illər Qəbələdə üzüm emalı zavodu, meyvə şirələri və şərab istehsalı zavodu, piano və lift istehsalı fabrikləri, iri heyvandarlıq kompleksləri və soyuducu anbarlar, quşçuluq təsərrüfatları, 18 müasir otel və istirahət mərkəzi, müxtəlif idman və əyləncə mərkəzləri inşa edilmiş və bunun nəticəsində minlərlə sakin daimi işlə təmin olunmuşdur.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar barədə məlumat vermişdir.

Nazir dünyada baş verən iqtisadi böhrandan danışaraq qeyd etmişdir ki, bu proseslər neftin qiymətinin və manatın məzənnəsinin aşağı düşməsi ilə nəticələnmişdir: "Lakin dövlət başçısı İlham Əliyevin verdiyi tapşırıqlar, imzaladığı fərman və sərəncamlar, qanunlara edilən dəyişikliklər onu göstərir ki, Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirəcək və əhalinin sosial rifahı yüksələcək".

K.Heydərov bildirmişdir ki, Qəbələ rayonunun böyük turizm imkanları vardır. Rayonda turizmin inkişafı istiqamətində mühüm işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Nazir iş adamlarına Qəmərvan və Yengicə kəndlərindəki yeraltı müalicəvi mineral isti sulardan səmərəli istifadə etməyi tövsiyə etmişdir. O, rayonda sənayenin, kənd təsərrüfatı və turizmin inkişafı üçün son illər görülən işlərin bəhrə verdiyini və bu istiqamətdə işlərin davam etdiyini bildirmişdir.

Nazir bildirmişdir ki, ölkə başçısının tapşırığı ilə yerlərdə keçirilən görüşlərdə məqsəd vəziyyətlə, əhalinin yaşayış səviyyəsi ilə daha yaxından tanış olmaq, problemləri, yerli iş adamlarının üzləşdikləri çətinlikləri öyrənib, onların həlli istiqamətində addımlar atmaqdır. O, ictimaiyyət nümayəndələrini Qəbələnin inkişafı üçün təkliflər verməyə, müzakirədə fəal olmağa çağırmışdır.

Rayonun iş adamları və fermerlər çıxış edərək fəaliyyət sahələri, istehsal etdikləri məhsullar, qazandıqları uğurlar barədə məlumat veriblər. Nic qəsəbəsinin sakini, fermer Ağalət Baxışov heyvandarlıq və quşçuluq üçün yem istehsalının artırılması və kiçik müəssisələrin yaradılması, sahibkar Ceyhun Eyvazov rəhbərlik etdiyi seyf-qapı və məişət avadanlıqları istehsalı fabrikinin fəaliyyətinin genişləndirilməsi, iş adamı Abdulla Həşimov Vəndam xalçaçılıq sexinin inkişaf etdirilməsi, “ASPİ” Aqro” MMC-nin nümayəndəsi Əjdər Şəfizadə istehsal etdikləri şərab məhsullarının xarici ölkələrə ixracının təşkilinə kömək göstərilməsi barədə təkliflər səsləndiriblər. Həmçinin rayonda bağçılığın, balıqçılığın inkişafı, əkin sahələrinin suvarılması məqsədilə su anbarının inşası, “Qəbələ-Quşçuluq” ASC-nin fəaliyyətinin genişləndirilməsi və yeni iş yerlərinin açılması, sahibkarlara güzəştli kreditlərin verilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür.

Görüşdə Qəbələ sakinlərinin məşğulluğunun təmin edilməsi, bu məqsədlə rayonun potensial imkanlarının hərəkətə gətirilməsi və digər məsələlər müzakirə olunmuşdur.

Müzakirələrə yekun vuran nazir diqqəti torpaqlardan səmərəli istifadə edilməsinin, ixracyönümlü məhsul istehsalının artırılmasının vacibliyinə yönəltmişdir. Qeyd olunmuşdur ki, rayonun böyük resursları var və burada müasir infrastruktur yaradılmışdır. Bu potensialdan səmərəli istifadə edilməklə üzümçülük, tütünçülük, taxılçılıq və heyvandarlıqda əsaslı irəliləyişə nail olmaq mümkündür. Qəbələdə gəlir gətirən və büdcəyə böyük vəsaitlər ödəyən turizm və istehsal obyektləri, iri fermer təsərrüfatları fəaliyyət göstərir. Bütün bunlar rayonun dövlət büdcəsindən asılılığın azaldılması və özünümaliyyəşdirmə üçün geniş imkanlar yaradır. Nazir mövcud imkanlardan səmərəli istifadə olunacağına əminliyini ifadə edərək, görüşdə səslənən müraciət və təkliflərin qeydiyyata alındığını, onların həllinə kömək göstəriləcəyini diqqətə çatdırmışdır.

Çıxış edən ictimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm