PA rəsmisi: “Şikayətlərin sayı çoxdur”
Bizi izləyin

Qırmızı.az

PA rəsmisi: “Şikayətlərin sayı çoxdur”

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan şikayətlərin də sayı az deyildir. Şikayətlər, əslində, vətəndaşın narahatlığı bəzi yerlərdə bürokratiya və səhlənkarlıqla, laqeydliklə üzləşməsindən, yaxud qaldırdığı məsələnin həllinə nail ola bilməməsindən, habelə digər səbəblərdən irəli gəlir. Vətəndaşların bu narahatlığı, sözsüz ki, ilk növbədə, məmurları narahat etməlidir, vətəndaşlarla iş elə qurulmalıdır ki, onlar şikayət yazmağa məcbur olmasınlar”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri Süleyman İsmayılov “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı təhlili materialında bildirib.

PA rəsmisinin sözlərinə görə, 2015-ci ildə respublikanın şəhər və rayonlarından daxil olan şikayətlərin öyrənilməsi göstərir ki, hələ də onların bəzilərində şikayətlərin sayı müxtəlif mövzular üzrə kifayət qədər çoxdur və bu da müəyyən narahatlıq doğurmaya bilməz: “Ayrı-ayrı şəhər və rayonlar üzrə şikayətlərin sayının əvvəlki ilə nisbətən yüksək olduğu diqqəti cəlb edir. Məsələn, Bakı şəhərinin ayrı-ayrı rayonlarında, Ağcabədi, Ağstafa, Bərdə, Göyçay, Göygöl, Qazax, Neftçala, Saatlı, Şamaxı, Tovuz, Yardımlı və digər rayonlarda belə artım müşahidə olunur”.

S.İsmayılov deyib ki, şikayətlərin ümumi sayının azalması Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Ağdaş, Babək, Beyləqan, Füzuli, İmişli, Kürdəmir, Qubadlı, Qusar, Lerik, Oğuz, Ordubad, Sədərək, Şahbuz, Ucar, Zəngilan, digər şəhər və rayonlardan daxil olan müraciətlərdə özünü göstərib: “Nəzərə almaq lazımdır, şikayətlər o zaman azalır ki, ilk növbədə, onların yaranma səbəbləri aradan qaldırılır. Bu baxımdan Azərbaycanda korrupsiyanın, bürokratiya və süründürməçiliyin kökünün kəsilməsinə xidmət edən, ölkə Prezidentinin bilavasitə təşəbbüsü və dəstəyi ilə yaradılan “ASAN xidmət”in fəaliyyətini qeyd etmək lazımdır. Dövlətimizin başçısı Azərbaycan vətəndaşlarının böyük rəğbətlə qarşıladığı bu xidmətin daha da genişləndirilməsinə olduqca diqqətlə yanaşır. Yaşadığımız 2016-cı ildə “ASAN xidmət” mərkəzlərinin sayının 11-ə çatacağını qeyd edən Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2016-cı il yanvarın 10-da keçirilən iclasında deyib: ““ASAN xidmət” Azərbaycan brendidir. Mən çox şadam ki, bəzi başqa ölkələrdə bu təcrübədən istifadə edirlər... İki il ərzində 7 milyondan çox müraciət olub. “ASAN xidmət”in, əgər belə demək mümkündürsə, xalq tərəfindən bəyənilmə əmsalı 100 faizə yaxındır. Bu ictimai xidmətlər korrupsiyaya qarşı mübarizə sahəsində doğrudan da inqilabdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm