
“Bakıda ötən ilin noyabr ayından fəaliyyətə başlayan gizli yol patrulları bir sıra qayda pozuntuları aşkar ediblər. Bu xidmət sayəsində paytaxt yollarında əksər problemlərin qarşısı alınıb. Demək olmaz ki, sırf bu xidmət qəzaların sayını azaldıb, amma ümumilikdə ötən ilin yol qəzalarında ölənlərin sayı 230 nəfər azalıb, bu ilin yanvar ayı ərzində 31 ölüm faktı azalıb. Bu artıq kifayət qədər yüksək göstəricidir”.
Bunu Publika.az-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisinin sözlərinə görə, bu xidmət növü gizli fəaliyyət göstərdiyindən həmin statistika ilə bağlı açıqlama vermək mümkün deyil.
“Sadəcə sürücülərin diqqətinə çatdırmışıq ki, belə bir xidmət fəaliyyət göstərir. Yol hərəkəti qaydalarına riayət etsinlər ki, əlavə cərimə ödəmək məcburiyyətində qalmasınlar”, - deyə K. Əliyev bildirib.
K. Əliyevin sözlərinə görə, bu xidmətin aparılması zamanı qayda
pozuntuları aşkar olunduqda, həmin yol patrul avtomobillərinin
içərisində quraşdırılmış xüsusi çihazlar vasitəsi ilə elektron
protokollar tərtib edilir. Əgər həmin şəxsin hərəkətləri digər
hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə
yaradarsa, bu halda radiocihaz vasitəsi ilə digər patrulların da
həmin əraziyə cəlb olunması və həmin sürücünün yerində saxlanılması
həyata keçirilir.
Xatırladaq ki, paytaxt ərazisində noyabr ayından xüsusi rəng
qrafikası və üzərində yazısı olmayan patrul avtomobilləri olan
gizli yol patrulları fəaliyyətə başlayıb. Məqsəd sürücülərin bütün
yollarda yol hərəkəti qaydalarına riayyət etmələrini təmin etmək,
xüsusən də, avtomobillərin yüksək sürətlə hərəkət edərək təhlükə
yaratmalarının qarşısını almaqdır.
Bu Azərbaycanda “Yol-Patrul Xidməti haqqında Təlimat”ın 3-cü
maddəsinə əsasən həyata keçirilir. Həmin maddəyə görə, yol-patrul
xidməti gizli formada da aparıla bilər.
Qeyd edək ki, bir çox ölkələrdə, o cümlədən Rusiyada da polislər
gizli xidmət növlərini həyata keçirirlər.
Gülnar Əliyeva