Məktəblərimizi kim qoruyur: xadimə, gözətçi, yoxsa?.. - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Məktəblərimizi kim qoruyur: xadimə, gözətçi, yoxsa?.. - ARAŞDIRMA

“160 saylı məktəbdə şagirdlər arasında kütləvi dava düşdü, şagirdlərdən birinin burnu sındı”, “286 saylı orta məktəbin qarşısında bıçaqlanma”, “321 saylı məktəbdə oğlum özündən yuxarı sinif şagirdləri tərəfindən döyülüb” və s...

Bu tədris ili başlayandan dəfələrlə belə xəbərlər yayılıb. Bu xəbərlərə baxanda, təhsil, elm mərkəzi hesab olunan məktəblərin “döyüş meydanı”na çevrilməsi təəssüratı yaranır.

Bir müddət əvvəl isə şagirdin məktəbin qarşısından oğurlanması kimi xəbərlər yayıldı.

Və bu xəbərlər məktəblərin təhlükəsizliyi məsələsini gündəmə gətirdi. Yəni, məktəblərimiz övladlarımızı etibar edə biləcəyimiz qədər təhlükəsiz deyil? Deyilsə, təhlükəsizliyi necə təmin etmək olar?

Bu gün məktəblərin əksəriyyətində mühafizəni giriş qapısında dayanan, aylıq maaşı 100 manat civarında olan, yaşı 50-60 arası qadınlar –xadimələr, gözətçilər, qapıçılar “təşkil edir”. Çünki məktəblərdə mühafizəni təşkil edəcək mühafizəçi ştatı yoxdur.

Bəs bu haqda məktəb rəhbərləri nə deyir?

49 saylı məktəb-liseyin direktoru Təhminə Əsədova Publika.az-a bildirib ki, məktəbin mühafizəsi gözətçi və qapıçı tərəfindən təmin edilir: “Gün ərzində müəllimlər daim şagirdlərin daxildə hərəkətinə nəzarət edir. Məktəbə kənar şəxslərin daxil olmamasına isə qapıçı nəzarət edir. Əlbəttə, məktəbə xüsusi mühafizəçinin verilməsi daha yaxşı olardı. Bunun üçün Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə müraciət etmişik”.

25 saylı məktəbin direktoru Nəbi Ağayev də hazırda məktəbdə təhlükəsizliyin texniki işçilərdən təyin olunmuş qapıçı tərəfindən təmin edildiyini deyir: “Gündüz 8 saat həmin qapıçı dayanır, daha sonra isə gözətçi gəlib nəzarət edir. Məktəbimizin mühafizə ilə təmin olunması üçün Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə müraciət etmişik. Müraciətimizə müsbət cavab verilməsini gözləyirik”.

M.Cuvarlinski adına 52 saylı tam orta məktəbin direktoru Elmira Ələsgərovanın sözlərinə görə isə məktəbdə xüsusi mühafizə olmasa da, bufet və dəhlizdə kameralar var: “Həmin kameralara mən otağımdan baxa bilirəm. Məktəbdə mühafizənin olmasına münasibətim müsbətdir. Nə zaman məsləhət bilsələr, təşkil edəcəklər. Lakin indiki halda məktəbin mühafizəsini qapıçıya həvalə etmişik. O da işin öhdəsindən yaxşı gəlir. Mənim məlumatım olmadan heç kimin məktəbə daxil olmasına icazə vermir”.

Ancaq bir məsələ var ki, məktəblərin qapısında duran qadınlar, necə deyərlər, mədəni şəkildə daxil olmaq istəyənlərin qabağında dura bilər. Lakin zorakılıqla daxil olmaq istəyənlərə mane olmağı, yaxud məktəb daxilində dava salanları ayırmağı bacarırmı?

Təhsil eksperti Nadir İsrafilov məktəblərdə təhlükəsizlik məsələsinin zaman-zaman gündəmə gəldiyini, lakin sonradan unudulduğunu deyir: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş vermiş hadisədən sonra profilaktik tədbirlər görülməyə başladı. Daha sonra unuduldu. Hazırda məsələ tam həllini tapmayıb. Sabiq təhsil naziri Misir Mərdanov təhlükəsizliyin təmin edilməsi üçün vəsait tələb olunduğunu bildirmişdi. Lakin təhlükəsizliyin tam təmin olunması üçün lazımi vəsait ayrılmadı. Ali təhsil müəssisələrində bu məsələ daxili imkanlar hesabına həllini tapıb. Lakin orta təhsil müəssisələrində bu işin təşkili üçün maddi imkan yoxdur. Yalnız paytaxtın mərkəzində bəzi məktəblərdə bu iş valideynlərin köməkliyi ilə həyata keçirilir. Digər məktəblərin təhlükəsizlik sistemində boşluq var. Yaşlı qadınlar qapıda dayanır, onlar da adətən texniki işçilər olur. Onları etibarlı mühafizə hesab etmək olmaz. Düzdür, nazirlik tərəfindən təhlükəsizliklə bağlı seminarlar keçirilir. Lakin bunlar yetərli deyil. Sovet dövründə müəllim və şagirdlərin növbətçilik cədvəlləri olurdu. Bu gün bəzi məktəblər var ki, onların əraziləri çox genişdir, məktəb rəhbərliyi isə yalnız daxili nəzarəti həyata keçirir. Ona görə də, məktəblərin həyəti yoldan keçənlərin, ətrafdakı sakinlərin “razborka” yerinə çevrilir. Hesab edirəm ki, bu məsələ dövlət səviyyəsində nəzarətə götürülüb həll edilməlidir”.

Bununla belə, ekspert hesab edir ki, bu işin təşkili vəsait tələb etdiyindən, qısa zamanda bütün məktəblərdə mühafizə sisteminin qurulmasını gözləmək real deyil: “Hazırda respublika ərazisində 4500-dən artıq orta təhsil məktəbi, həmçinin, yüzlərlə məktəbəqədər təhsil müəssisəsi var. Onların hamısının təhlükəsizliyini təmin etmək böyük xərc tələb edir. İlk dəfə bu məsələ gündəmə gələndə, təhlükəsizlik üçün 6 milyon vəsait ayrılmışdı. Bu vəsait mərkəzdəki məktəblərə istifadə edildi. Bəzi məktəblərdə isə təhlükəsizlik əməkdaşları öz imkanları hesabına-valideynlərin köməyi ilə, yaxud, məktəb ərazisində hər hansı obyekti icarəyə verməklə təmin edilir. Lakin bu işlər də birmənalı qarşılanmır. Məktəbin pul yığmasını qanunsuz mənbələrdən pul əldə etmək kimi qələmə verirlər. Son zamanlar məktəblərdə xoşagəlməz hallar, bıçaqlanma, döyülmə hallarına son qoymaq üçün təlimlə yanaşı, tərbiyəyə də diqqət ayrılmalıdır”.

Təhlükəsizliklə bağlı problemlərə daha çox paytaxtdakı məktəblərdə rast gəlinir. Bu baxımdan, Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən bu istiqamətdə hansı işlər görüldüyünü öyrəndik.

İdarədən Publika.az-ın sorğusuna verilən cavabda bildirilir ki, onların tabeliyində fəaliyyət göstərən 6 təhsil müəssisəsində təhlükəsizliyin təmin olunması məqsədilə mühafizə xidmətinin təşkili Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir: “Eyni zamanda, təhsil müəssisələrində mühafizə xidmətinin təşkil olunması üçün tərəfimizdən monitorinqlər keçirilib, mühafizə xidmətinə ehtiyacı olan müəssisələr və postların sayı aşkarlanmış 137 təhsil müəssisəsinin siyahısı Təhsil Nazirliyinə göndərilib. Həmin müəssisələrin mühafizə ilə təmin olunması üçün müvafiq tədbirlər görülməkdədir. Müşahidə kameraları məktəblərin sifarişləri üzrə İdarə tərəfindən müvafiq qaydada təmin edilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm